C.Baydenin “bəyanatı” heç bir şəkildə Türkiyənin qlobal güc roluna və regiondakı mövqelərinə təsir edə bilməz

C.Baydenin “bəyanatı” heç bir şəkildə Türkiyənin qlobal güc roluna və regiondakı mövqelərinə təsir edə bilməz

C.Baydenin “bəyanatı” heç bir şəkildə Türkiyənin qlobal

güc roluna və regiondakı mövqelərinə təsir edə bilməz

Azərbaycan–Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” konsepsiyasına əsaslanır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya son səfəri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir.

ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi əsassız, qərəzli bəyanat siyasi mövqeyindən asılı olmayaraq bütünlükdə Azərbaycan cəmiyyətində böyük təəssüf və ikrah hissi ilə qarşılandı. Təbii ki, Türkiyəyə qarşı ağır iftira və növbəti siyasi təzyiq və təhdid vasitəsi olan bu bəyanat ciddi şəkildə qınaq obyektinə çevrilməli və rədd edilməlidır. Uzun illərdir ki, erməni diasporunun və lobbisinin Türkiyəyə qarşı siyasi spekulyasiya aləti kimi istifadə etməyə çalışdığı qondarma “erməni soyqırımı” ifadəsinin ABŞ Prezidentinin dilindən səsləndirilməsi Baydenin seçki kampaniyasında ermənilərin maliyyə və səs dəstəyinə qarşı verdiyi sözün nəticəsi olsa da, bu ədalətsiz bəyanatın ABŞ üçün ağır siyasi, iqtisadi və hüquqi nəticələri olacağı şübhəsizdir. Bu uğursuz və düşüncəsiz açıqlamanın hər hansı bir tarixi, siyasi və ya hüquqi əhəmiyyəti, qüvvəsi olmasa da, ədalətin, insan haqlarının, beynəlxalq hüququn mövcud olduğu dünya ölkələrinin, xüsusilə bütün Türk dünyasının bu provakasiya xarakterli addıma birmənalı, adekvat və sərt reaksiyası olmalıdır. Əslində, sağlam məntiqdən çıxış etsək görünən odur ki, bu bəyanat ABŞ-ın əlində bayraq etdiyi demokratiya, insan hüquqları və öz milli maraqlarına da uyğun deyildir.

Son 20 il ərzində Türkiyənin nail olduğu iqtisadi, hərbi, texniki və texnoloji inkişaf onu, Azərbaycanla birlikdə nəinki regionun, eləcə də qlobal güc mərkəzlərindən birinə çevirmişdir. Bu faktorun ABŞ-Rusiya münasibətlərinin getdikcə gərginləşdiyi, hətta soyuq müharibə səviyyəsinə çatdığı bir şəraitdə nəzərə alınmaması ya Baydenin bu coğrafiyada baş verən prosesləri, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi reallıqları düzgün qiymətləndirə bilməməsidir, ya da onun erməni lobbisinin əlində alətə çevrilməsidir. Tarixən millətçilik, faşizm, işğalçılıq və terrorizm ideologiyası üzərində qurulan erməni terror təşkilatları türk-müsəlman əhalisinə, hökumət adamlarına qarşı qanlı sui-qəsdlər törətmiş, terror aktlarının, qətliamların, soyqırımlarının təşkilatçısı və icraçıları olmuşlar.

Erməni lobbisinin tarixi saxtalaşdırmaq və təhrif etmək cəhdinin növbəti təzahürü olan C.Baydenin “bəyanatı” heç bir şəkildə Türkiyənin qlobal güc roluna və regiondakı mövqelərinə təsir edə bilməz.

C.Baydenin əsassız, biabırçı bəyanatından dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığının olması bir daha göstərdi ki, tarixin sınağından çıxmış Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir, sarsılmazdır və bu iki qardaş dövlət ən çətin, taleyüklü məqamlarda hər zaman bir-birinin yanındadır.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru