Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir

Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir

Oktyabrın 8-i Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin kollektivi Zərdab rayon Şıxəli Qurbanov adına tam orta məktəbdə 18 oktyabr Müstəqillik günü ilə bağlı “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir adlı tədbir keçirib.
Tədbirdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir” adlı məruzə ilə çıxış edərək bildirdi ki, 1991-ci il oktyabrın 18-i müasir Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb.Çünki həmin tarixdə Azərbaycan dövlət müstəqilliyi qazandı. Əslində bu, bir əsrdə əldə etdiyimiz ikinci dövlət müstəqilliyi idi. Məlum olduğu kimi, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
Bu gün işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir qüdrətli ordusu ilə fəxr edən, nüfuzlu beynəlxalq tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi mərkəz kimi tanınan Azərbaycan eyni zamanda, multikultural dəyərlərə verdiyi önəmə görə dünya üçün bir nümunə təşkil edir.Bütün bunlar, eyni zamanda, Azərbaycanı gələcəkdə də etibarlı şəkildə idarə edəcək intellektual, milli dəyərlərə malik, vətənpərvər gənclər ordusunun yetişdirilməsi isə bizə gur səslə «Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir» deməyə əsas verir, əminlik yaradır. Bu cür tədbirlərin məktəblərdə keçirilməsi şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına xidmət edir.