Zərdab rayon Heydər Əliyev Mərkəzində gənclərin müxtəlif sənəd vərdişlərinə yiyələnməsi üçün rəsm, şahmat, xalçaçılıq, bacarıqlı əllər, foto studiya dərnəkləri yaradılmışdır. Dərnəklər həftədə iki dəfə təşkil olunur. Mərkəzdə müəyyən hazırlıq kurslarının və dərnəklərin fəaliyyət göstərməsi həm şagirdlərin özləri, həm də valideynlər üçün əlverişlidir.

Uşaqların tərbiyəsində, onların asudə vaxtının təşkili çox vacibdir. Uşaqların həm fiziki, həm də mənəvi kamilliyini şərtləndirən tədbirlərin görülməsində Mərkəzdə fəaliyyət göstərən dərnəklərin yaradılması böyüyən nəslin mənəvi zənginliyinin güclənməsində böyük rol oynayır.

"Gənc heydərçilər" dərnəyi

2013-cü ildən yaradılan "Gənc heydərçilər" dərnəyinin tədris müddəti on aydır. Dərnək həftədə iki dəfə fəaliyyət göstərir. Rayon ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət olan dərnəyin 20 nəfər üzvü var. Dərnəyin rəhbəri mərkəzin elmi işçisi Alagöz Namazovadır.

Dərnəyin yaradılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu öndərin irsinin yaşadılması və gənc nəsil arasında təbliği, eyni zamanda gənc nəslin elmə, marifləndirici tədbirlərə, məşğələlərə marağının artırılması məqsədi daşıyır.

Dərnəyin məşğələlərində şagirdlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Ulu öndərin rəhbərliyi altında ölkədə aparılan dövlət quruculuğu prosesi və islahatları haqqında mühazirələr oxunur, eyni zamanda gənc nəslin vətənpərvər, xalqına məhəbbət, dövlətçilik ruhunda tərbiyyəsi, onların sağlam və bilikli böyüməsi istiqamətinə dair bilgilər verilir.

Rəsm dərnəyi

Rəsim dərnəyinin həftədə iki dəfə məşğələsi keçirilir. Dərnəyin rəhbəri mərkəzin əməkdaşı Hasil Bağırovdur. Dərnəyin on iki nəfər üzvü var.

Rəsm dərnəyində şagirdlərə rənglər dünyasının sirrləri öyrədilir, gənclərin rəssamlıq bacarıqları üzrə çıxarılır.

Rəsm dərnəyində fəaliyyət göstərən uşaqların əl işləri, rəsm əsərlərindən ibarət sərgilər Mərkəzdə nümayiş olunur, eləcə də ümumrayon tədbirlərində sərgilərdə sərgilənir.

“Bacarıqlı əllər” dərnəyi

Dərnəyin rəhbəri Hicran Hüseynovadır.Dərnək həftədə iki dəfə keçirilir.Dərnəyin on beş üzvü var.

Bacarıqlı əllər dərnəyində uşaqlara çarpaz tikmə, ilgəh tikmə, toxuma haqqında məlumatlar verilir, müxtəlif və maraqlı əl işləri müəllimlərin rəhbərliyi ilə şagirdlər tərəfindən hazırlanır.

Şahmat dərnəyi

Dərnəyin rəhbəri Nərmin Xəlilovadır. Dərnək həftədə iki dəfə keçirilir. Dərnəyin altı üzvü var.

Zərdab rayon Heydər Əliyev Mərkəzində Şahmat dərnəyinin yaradılmasında məqsəd şahmat idman növünü inkişaf etdirmək, şagirdlərin intellektual səviyyəsini yüksəltmək və şahmatın kütləviliyinə nail olmaqdır.

Mərkəzdə fəaliyyət göstərən Şahmat dərnəyində şagirdlərə “Şahmatın inkişafında yeniliklər,” “Müxtəlif rəngli fillər”, “Asılı piyadalar”, “Top piyadalara qarşı” mövzularında məşğələlər keçirilir.