Heydər Əliyev Muzeyi

Heydər Əliyev Muzeyi

Heydər Əliyev Mərkəzi Zaqatala rayonunun ən görkəmli binalarındandır. Təməli 2012-ci ildə qoyulan və 2015-ci il noyabrın 4-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən bina ölkə memarlığının izlərini özündə əks etdirir.

Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ulu öndərin keçdiyi şərəfli həyat yolunu və hərtərəfli fəaliyyətini dolğun əks etdirən şəkillər və məlumatlarla zəngindir. Burada Heydər Əliyevin uşaqlıq və gənclik illərindən başlayaraq onun zəngin fəaliyyətinin dövrləri barədə ətraflı məlumat almaq mümkündür.

Muzeydə ümummilli liderin ölkə rəhbəri olduğu dövrdən başlayaraq gördüyü işləri əks etdirən şəkillər, sənədlər yer almışdır. Muzeyin guşələrindən birində Zaqatala rayonunun son illərdə keçdiyi sosial-iqtisadi inkişaf yolundan, Prezident İlham Əliyevin rayona göstərdiyi diqqət və qayğıdan bəhs edən nümunələrə geniş yer ayrılıb.

Muzeydə Heydər Əliyevin 1969-cu ildən başlayaraq rəhbər olduğu dövrdən gördüyü böyük işlər quruculuq və inkişaf işləri hər tərəfli əks etdirilmişdir. Onun Moskvada olarkən və digər yüksək kürsülərdə olan fotoşəkilləri yer almışdır. Burada ulu öndərin kənd təsərrüfatının inkişafına göstərdiyi qayğını, əməksevər insanlarla olan səmimi münasibətini dolğun əks etdirən fotolar toplanmışdır.

Bununla yanaşı burada Heydər Əliyevin ölkə prezidenti olarkən gördüyü böyük işlər, imzaladığı beynəlxalq əhəmiyyətli müqavilələr, Azərbaycan neftinin dünya bazarına çıxarılması yönündə olan toplantılardan fotolar yerləşdirilmişdir. Onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və Azərbaycan Respublikasının Prezidenti kimi 1993-2003-cü illərdə reallaşdırdığı geniş miqyaslı işlər, ölkənin inkişafı və rifahı, uğurlu gələcəyi istiqamətində yürütdüyü siyasət, Azərbaycanın sosial-iqtisadi inkişafına səbəb olan işlər, ordu quruculuğu, mədəniyyət və incəsənət, xarici siyasət və digər sahələrə aid fotolar, sənədlər yer almışdır.

Muzeyin kitab sərgisi üçün ayrılan hissəsində isə Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” çoxcildliyi ilə yanaşı ulu öndərə həsr olunmuş bir sıra kitablar, o cümlədən Prezident Katibliyinin tərəfindən nəşr olunan kitablar, cənab prezident İlham Əliyevin “İnkişaf məqsədimizdir” çoxcildliyi yer almışdır.