Zaqatala rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünə həsr olunmuş konfrans keçirilib.

Zaqatala rayon Heydər Əliyev Mərkəzində  Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünə həsr olunmuş konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə ümumilli lider Heydər Əliyevin abidəsi, daha sonra Şəhidlər Xiyabanı və Zəfər Kompleksini ziyarət edib, gül dəstələri düzüblər. Azərbaycan Respublikasının himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Zaqatala rayon təşkilatının səlahiyyətlərini icra edən Habil Qurbanov qonaqları salamlayaraq Yeni Azərbaycan Partiyasının yaranmasının 29 illiyi münasibətilə partiyanın təmsilçilərini təbrik edib. Habil Qurbanov qeyd edib ki, bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatı kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının yaradılmasından 29 il ötür. Bir-birindən əhəmiyyətli uğurları ilə 29 ili zənginləşdirən Yeni Azərbaycan Partiyası əbəs yerə ümumxalq partiyası kimi dəyərləndirilmir. Partiyanın yarandığı vaxtdan bu günə qədər tutduğu siyasi xəttə, mövqeyə sadiqlik nümayiş etdirməsi onun gələcəyinə olan inamı günbəgün artırır. Tədbirdə Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, YAP Zaqatala rayon təşkilatının fəalları Tahir Məmmədov, Xuraman Şabanova, Elbrus Məmmədov çıxış edərək bildiriblər ki, ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir Azərbaycan ziyalılarının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək bildirdi ki, Cəmiyyətdə böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyasının yaranmasının 29 ili ərəfəsindəyik. 21 noyabr 1992-ci il ictimai-siyasi və fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi həmin tarixdə Ulu Öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat - Yeni Azərbaycan Partiyası yarandı. "Dünənin, bugünün, gələcəyin partiyası" olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu. Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyev partiyanın keçdiyi keşməkeşli yolu belə dəyərləndirmişdir: "Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Bu partiyaya mənim də münasibətim eynidir. Mən də öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin, qüdrətli dövlətə çevriləcəkdir".