Rayon haqqında məlumat

Rayon  haqqında məlumat

Zaqatala rayonu Azərbaycan Respublikasının şimal-qərbində Böyük Qafqaz sıra dağlarının cənub yamacları Qanıx-Əyriçay vadisində yerləşir. Cənubdan Gürcüstan respublikası ilə, şimaldan Dağıstan respublikası qərbdən və şərqdən Azərbaycan Respublikasının BalakənQax rayonları ilə həmsərhəddir. Mərkəzi Zaqatala şəhəridir. Şəhər dəniz səviyyəsindən 535 metr hündürlükdə Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərindən 445 km aralıda, Tala çayının sahilində, Yevlax-Balakən şossesi yolunun üzərində nəhəng İpək yolunun üstündə vaxtı ilə Şərqin ən böyük ticarət mərkəzlərindən (bazarlarından) olan "Əskibazarın" (yer adı tamamilə öyrənilməmişdir) 25–30 km-də Böyük Qafqaz silsiləsinin cənub ətəyində yerləşir. Zaqatala inzibati rayonu 1830-cu ildə təşkil edilmişdir. Zaqatala rayonunun ümumi sahəsi 1348 km-dir. Ərazisi dağlıq və aran hissədən ibarətdir. Rayonun ərazisindən 7 çay axır: Qanıx çay (Alazan), Tala çay, Katex çay, Muxax çay, Bəkməz çay və s. Zaqatala 1840-cı ildən şəhər adlandırılmışdır. 1803-cü ildə Zaqatala qəzası Rusiyanın tərkibinə daxil olmuşdur. Zaqatala sözünün yaranmasına dair (etimologiyaya görə) bir neçə rəvayət vardır. Müasir Zaqatala adı Sakatala (Sak düzü) adını dəyişilmiş formasını təşkil edir. E.ə. VII (7-ci) əsrin əvvəlində Kimmer - Skit tayfaları ilə Ön Asiyaya düşmüş sak tayfaları Albaniyanın ərazisində də məskən salmışlar və bu ərazi kür çayının sağ sahilindən (Kür-Araz qovşağı daxil olmaqla) Qafqazın dağ ətəklərinə qədərki ərazini tuturdu. Zaqatala rayonu da qədim Qafqaz Albaniyasının ayrılmaz hissəsi olmaqla onun qərbində yerləşir.

Zaqatala iqtisadiyyatı

Rayonun iqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Taxılçılıq (xüsusilə də dənlik qarğıdalı), tütünçülük, meyvəçilik (qoz-ləpəli), tərəvəzçilik inkişaf etmişdir. Rayonda yeyinti məhsulları kombinatı, fındıq təmizləmə, tütün fermentasiya, efir-yağlar zavodları, tikiş və mebel fabrikləri vardır. Ümumi ərazinin 37,8 faizdən çoxunu və 51,0 min hektardan artığını meşə ilə örtülü sahələr təşkil edir.Zaqatala meşələrində qiymətli ağac növlərindən şabalıd, qoz, eldar şamı, ağ şam, palıd, fıstıq, vələs, cökə, dəmirağacı, qara ağac və s. ağac növləri vardır ki, bunlardan mebel sənayesində istifadə edilə bilər. Tikinti materialları sənayesini inkişaf etdirmək üçün rayonda əhəng daşı, qum, gil, çay daşı və s. ehtiyatlara malikdir ki, bu da rayonda asfalt, sement, silikat kərpic, dəmir beton məmulatlarının istehsalını inkişaf etdirməyə imkan verir.

Mədəniyyət ,təhsil və səhiyyə müəssisələri

Rayonda 48 orta, 14 əsas, 4 ibtidai məktəb, 1 humanitar fənlər gimnaziyası, 39 məktəbəqədər uşaq tərbiyə müəssisəsi, 6 məktəbdənkənar müəssisə, BETM-nin Zaqatala filiali, 2 ali məktəbin (Azərbaycan Dövlət İqtisad universitetinin Zaqatala filialı və Bakı İslam Universitetinin Zaqatala filialı ), 1 kollec, 1 peşə-texniki məktəbi, 81 kitabxana, 36 klub, 27 mədəniyyət evi, 1 xalq teatrı, tarix-mədəniyyət qoruğu, tarix-diyarşünaslıq muzeyi, 1 musiqi məktəbi, uşaq gənclər idman məktəbi, şahmat məktəbi, uşaq yaradıcılıq mərkəzi, 10 xəstəxana, 21 kənd həkim ambulatoriyası, 23 məscid, 1 mehmanxana, 4 motel fəaliyyət göstərir. İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda mebel, tikinti, inşaat materialları, yeyinti, yüngül sənayeni inkişaf etdirmək üçün böyük potensial vardır.

Maddi - mənəvi irs

Zaqatala rayonunun ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Dövlət tərəfindən qorunan 100-ə yaxın abidə qeydə alınmışdır. Bunlardan ən qədimi Pəriqala, Armatay qalası, Cingözqala, Şeytan qalası, Zaqatala qalası və başqalarıdır. Rayonun kənd yerlərində VI-VIII əsrlərdən qalmış 10-dan çox Alban abidələri mövcuddur.

Rayonun Mamrux (Mamrux kilsəsi), Mazıx, Muxax, Qəbizdərə, Yuxarı Tala (Yuxarı Tala məbədi) və Yuxarı Çardaxlar kəndlərində VI-VIII əsrlərdən qalmış çoxlu Alban abidələri, qalaları vardır ki, qorunması sahəsində müəyyən işlər görülür. Yerlərdə mövcud olan məscidlərin isə hamısında yenidənqurma, bərpa işləri aparılmış, tarixi abidə kimi onların qorunması təmin edilir.

Rayonun tarixi abidələrinin çoxu ən qədim vaxtlardan indiyə qədər salamat qalmış kəndlərdə yerləşir. Gözbarax və Qalal kəndlərində XVIII əsrə aid məscidlər, Kebeloba kəndində XV əsrə aid iki qüllə, Mazıx kəndində XII əsrə aid qüllə, Yuxarı Çardaxlar kəndində V əsrə aid Pəriqala, Car kəndində XIV əsrə aid Çingiz qala və rayon Tarix-diyarşünaslıq muzeyi, Paşan kəndində Alban qülləsi (XIII əsr) və Axaxdərə kəndindəki Alban qülləsi (XII əsr), rayonun müxtəlif kəndlərində, o cümlədən ƏliabadMosul kəndlərində XIX əsrdə tikilmiş məscidlər salamat qalmışdır.

Rayon ərazisində 252 mədəniyyət obyekti (mədəniyyət evi, klub‚ kitabxana, muzey, Tarix Mədəniyyət Qoruğu, tarixi abidə və s.) var.

Zaqatala qəzeti redaksiyası 1923-cü ilin mart ayından fəaliyyətə başlamışdır. İlk əvvəllər “Zaqatala kəndlisi” adlanan qəzet sonralar “Kolxozun səsi”, “Bolşevik kolxozu uğrunda”, “Qırmızı bayraq” və s. başlıqlarla fəaliyyət göstərmişdir. 1991-ci ilin oktyabr ayından isə “Zaqatala” adı ilə fəaliyyətini davam etdirir. "Zaqatala" qəzeti müntəzəm olaraq rayonun ictimai-siyasi həyatında baş verən hadisələri, aparılan abadlıq-təmizlik, yenidənqurma işlərini oxuculara çatdırmağa səy göstərir.

İdmanı

Rayonda 1 Olimpiya Idman Kompleksi, 3 stadion, 1 üzgüçülük hovuzu, 1 şahmat klubu, 71 sadə, 18 kompleks idman qurğuları, 3 aerobika-trenajor zalı idmanın inkişafına xidmət göstərir. Rayon idmançıları Respublika, Avropa və Dünya çempionatlarında yüksək nəticələr qazanaraq Azərbaycan idmanının inkişafına öz layiqli töhfələrini verirlər.

Ərazinin landşaftı

Ərazinin zəngin təbii landşaftı və toxunulmamış meşə sahələri turizmin inkişafı üçün əlverişli perspektivlər aça bilər. Ərazidə həm respublika vətəndaşlarının, həm də xarici vətəndaşların maraqlı istirahət mənbəyi ola biləcək əvəzsiz təbiət guşələri (Qəbizdərə, Honzoqor dağı, Xalaxı gölü, Malarasa aşırımı və s.) mövcuddur. Zaqafqaziyada təşkil edilmiş ilk qoruq sayılan (1929-cu il) və çox zəngin flora və faunaya malik olan Zaqatala Dövlət Qoruğu (ərazisi 47.4 min ha.) ekoturizmin inkişafı üçün əvəzsizdir.

Rayonun ərazisi mürəkkəb coğrafi relyefə malikdir. Alazan vadisindən başlayaraq 40-50 kilometr məsafədə hündürlük 350 metrdən 3000 metrə qədər yüksəlir. Bu da ərazidə yaşayan heyvanların növ müxtəlifliyinə və onların artıb çoxalmasına əlverişli şərait yaradır.

İnzibati ərazi bölgüsü -1 şəhər, 1 qəsəbə, 59 kənd. Mərkəzi, Zaqatala şəhəri-əhalisi 32779 nəfər. 1830-cu ildə Zaqatala qalası tikilmiş, 1840-cı ildən Zaqatalaya şəhər statusu verilmişdir. Ərazisi 1348 kv. km.-dir. Zaqatala rayonu, RİHB, onun ərazi İcra nümayəndələri və Bələdiyyələr tərəfindən idarə olunur. Rayonda 29 icra nümayəndəliyi və 23 bələdiyyə fəaliyyət göstərir.

Əhalinin ümumi sayı – 128,746, Kəndlərin sayı – 59, Qəsəbələrin sayı – 1, İri və orta müəssisələrin sayı – 71, Məktəbəqədər uşaq müəssisələrinin sayı – 39, Ümumtəhsil məktəblərinin sayı – 67 Texniki, orta ixtisas və peşə məktəblərinin sayı – 4 Ali təhsil müəssisələrinin sayı – 2 Xəstəxanalar və tibb müəssisələrinin sayı – 10 Mədəniyyət ocaqlarının sayı – 92