Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

Zaqatala rayonunun ən son memarlıq nümunələrindən olan Heydər Əliyev Mərkəzinin yeni binası öz orjinallığı ilə görənlərin diqqətinə səbəb olur. Rayon ictimaiyyətinin Ulu Öndərə olan sevgisinin bariz nümunəsi olan bina tam şəkildə müasir avadanlıqlarla təchiz olunmuşdur. Bina eyni zamanda müasir işıqlandırma sistemi ilə təmin olunmuşdur. Mərkəzdə Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu haqqında tam məlumat almaq mümkündür.

Mərkəzin yeni binası Prezident İlham Əliyevin 2015-ci il noyabr ayının 4 – də Zaqatala rayonuna səfəri zamanı xeyir-duası ilə istifadəyə verilmişdir.

Mərkəzin ərazisi 0, 92 hektar, ümumi sahəsi 2765 kv metrdir. Mərkəz iki mərtəbədən ibarətdir.

Mərkəzin I mərtəbəsində muzey, akt zalı, nikah otağı, rəqs otağı, kinozal, rəsm otağı, heykəltəraşlıq otağı, kulinariya otağı, musiqi otağı və kafe mövcuddur.

Muzeydə ulu öndərin uşaqlıq və gənclik illəri də daxil olmaqla, ölkə rəhbəri olduğu müddətdə gördüyü işləri əsk etdirən şəkillər, sənədlər və kitablar toplanmışdır.

Rayon əhəmiyyətli, geniş miqyaslı tədbirlər Mərkəzin akt zalında keçirilir.

Mərkəzin II mərtəbəsində konfrans zalı, kitabxana, elektron kitabxana, arxiv, fotostudiya, xarici dil otağı, xalq sənətkarlıq studiyası, dizayn otağı, intelektual oyunlar otağı, komputer otağı mövcuddur. Burada eyni zamanda Qadın Resusrs Mərkəzinin Zaqatala şöbəsi, SYSLAB təlim mərkəzinin Zaqatala bölməsi mövcuddur.

Konfrans zalı nisbətən az tərkibli mühüm iclasların keçirilməsi məqsədi ilə istifadə olunur.

Zaqatala rayon Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil və mədəniyyətin inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, eləcə də konfrans və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Heydər Əliyev Mərkəzi bundan sonra da Azərbaycan gənclərinin, eləcə də rayonumuzda inkişaf etməkdə olan gənc nəslin öz tarixi köklərini araşdıran, öyrənən, ona dəyər verən, milli – mənəvi ənənələrimizə sadiq qalan və Vətənə layiq şəxsiyyət kimi formalaşmalarına çalışacaqdır.

Mərkəz öz fəaliyyəti zamanı şagirdləri, tələbələri və fərdi insanları qəbul edir, nümayiş olunan ekspozisiyaları təqdim edir.

Gənclərin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədilə Mərkəzdə dərnəklər fəaliyyət göstərir. Bura komputer, ingilis dili, foto, dərnəkləri daxildir. Bununla yanaşı şagirdlərə məktəb proqramı çərçivəsində dərslərin öyrədilməsi də həyata keçirilir. Məktəb şagirdlərinə açıq dərslərin keçirilməsi üçün şərait yaradılır, ekskursiyalar təşkil olunur, məktəblər və siniflər arasında viktorinalar və seminarlar keçirilir. Mərkəzdə Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı, gördüyü işlər haqqında filmlər nümayiş olunur.

Heydər Əliyev Mərkəzində tarixi günlər, əlamətdar bayramlarla bağlı müxtəlif tədbirlər keçirilir, milli-mənəvi dəyərlərimizin qorunması, gənclərimizdə vətənpərvərlik hislərinin aşılanması məqsədi ilə dəyirmi masalar təşkil olunur, məktəblilərin ifasında kompozisiyalar nümayiş etdirilir, gənclərlə, ziyalılarla, ağsaqqal və ağbirçəklərlə, Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsi veteranları ilə görüşlər təşkil edilir.

Rayonda ailə qurmaq arzusunda olan gənc nəslin nümayəndələri ümummilli liderimizə olan tükənməyən sevgi, məhəbbət və rəğbət hislərinin nümayişi olaraq öz nikahlarını Heydər Əliyev Mərkəzində təntənəli şəkildə qeyd edirlər. Bu günə qədər Mərkəzdə 1671 nikah qeydə alınmışdır.

Mərkəz gördüyü əsaslı işlər sayəsində rayon əhalisinin böyük rəğbətini qazanmış, rayon ictimiyyətinin bura cəlbinə nail olmuşdur.

Heydər Əliyev Mərkəzi bundan sonra da Ulu Öndərin xatirəsini əziz tutaraq, onun həyat və fəaliyyətini gələcək nəsillərə çatdıracaq və çalışacaqdır.

Mərkəzdə Ümummilli liderin həyat və fəaliyyətini təbliğ edən rayon ziyalılarının 25 nəfərindən ibarət tədqiqat qrupunun və Mərkəz əməkdaşlarının fəaliyyəti nəticəsində dahi liderimiz tərəfindən mükafatlandırılmış insanlardan sənədlər, fotoşəkillər aktlaşdırılaraq muzeyin fonduna daxil edilmişdir. Tədqiqat qrupu həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat və fəalliyyətini, Zaqatala rayonu ilə bağlı materialların toplanması işini də davam etdirir. Toplanan materiallar içərisində kitablar, fotoşəkillər və s. üstünlük təşkil edirlər.