Heydər Əliyev və Yevlax

Heydər Əliyev və Yevlax

Yevlax rayonu da Ulu Öndərin diqqət və qayğısı nəticəsində abadlaşan rayonlardandır. Respublikaya rəhbərliyi dövründə ulu öndər beş dəfə (1973, 1977, 1979, 1981, 1998) Yevlax rayonunda səfərdə olmuşdur. O, səfərlərinin birində demişdir ki, “Mən Yevlaxı daha abad, daha gözəl görmək istəyirəm”.

Heydər Əliyev səfərləri zamanı əmək qabaqcılları ilə görüşmüş, rayon təsərrüfatlarında olmuşdur. Yevlxada olduğu zamanda sosialist əməyi qəhrəmanı Şamama Əliyeva, SSRİ xalq müəllimi Zahid Şöyübovla dəfələrlə görüşlər keçirmişdir.

Ulu öndər Heydər Əliyevin Yevlaxa qayğısı nəticəsində 1970 - 1973-cü illərdə Yevlax İstehsalat Kombinatının bazasında yeni Sənaye Kombinatı yaradılmışdır.

1974-cü ildə SSRİ məkanında ən böyük yun emalı müəssisəsi olan Yevlax yunun ilkin emalı fabrikinin tikintisinə başlanılmış, 1978-ci ildə isə istifadəyə verilmişdir. Elə həmin il Yevlax rayonu sənaye məhsulunun istehsalına görə respublikada ücüncü yerə çıxmışdır.

Pambıq təmizləmə zavodu fəaliyyəti dövründə ilk dəfə olaraq 1980-ci ildə ən yüksək göstərici əldə edərək 35311 ton pambıq mahlıcı istehsal etmişdir.

Taxıl məhsulları kombinatında sutkalıq istehsal gücü 140 ton olan dəyirman tikilmişdir.

1970-ci illərin əvvələrində Yevlaxda Traktor Mühərrliklərinin Təmiri Zavodu tikilmiş, ətraf 19 rayonun kənd təsərrüfatı maşınlarına texniki təmir xidməti göstərmişdir.

1978-ci ildə tikintisinə başlanan Neft məhsulları bazası 1983-cü ildə istifadəyə verilmişdir.

Əsası 1930-cu ildə qoyulmuş köhnə Aeroportun yerində müasir tələblərə cavab verən yeni hava limanı, dəmiryolu vağzalı ərazisində dəmir-beton konstruksiyalı körpü tikilmiş, dəmiryol vağzalı sökülərək yerində yeni bina inşa edilmişdir. Bütün bunlar ulu öndərin Yevlaxa diqqət və qayğısının bariz nümunasi olmuşdur.