Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

Yevlax Heydər Əliyev Mərkəzi şəhərin mərkəzində, Nizami pr. 61 ünvanında yerləşir. Muzeyin binası 2004-cü ildə tikilməyə başlamış, 2005-ci ildə istifadəyə verilmişdir. 2007-ci il oktyabrın 24-də Prezident İlham Əliyevin iştirakı ilə Muzeyin açılışı olmuşdur. Mərkəzin ümumi sahəsi 1645,6 kv.m, ekspozisiya zalının sahəsi 263 kv.m-dir.

1-ci mərtəbədə - direktor otağı, qonaq otağı, konfrans zalı, qarderob otağı və digər inzibati xidməti otaqları var

2-ci mərtəbədə - 8 bölmədən ibarət ekspozisiya zalı yerləşir.

2007-ci il 5 noyabr tarixində Heydər Əliyev Muzeyində İdioloji iş mərkəzinin yaradılması barədə Yevlax şəhər İcra Hakimiyyəti Başçısı sərəncam vermişdir. Sərəncama əsasən: Ümummilli lider Heydər Əliyevin zəngin siyasi kursunu, ümumillikdə bu böyük şəxsiyyətin nəsillərə örnək olan həyat və fəaliyyətini, həmçinin ulu öndərin siyasi xəttini uğurla dəvam etdirən Prezident İlham Əliyevin fərman və sərəncamlarının rayon ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasını təmin etmək məqsədilə şəhərin Heydər Əliyev Muzeyində İdioloji İş Mərkəzi yaradılmışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olması və anım günü ilə əlaqədar Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “İdioloji İş Mərkəzi” hər il tədbirlər planı hazırlayır, aprel, may və dekabr aylarında mərkəzdə bir sıra tədbirlər keçirilir, mühazirələr oxunur, görüşlər təşkil edilir. Mərkəzdə “Heydər Əliyev və Azərbaycan Gəncliyi”, “Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətçiliyinin banisi”, “İlham Əliyev müasir Azərbaycanın qurucusudur” adlı kurslar yaradılıb.

Ulu Öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyətə malik olan mərkəzdə ümummilli liderin həyatı və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər, tarixi sənədlər, Yevlaxa səfəri zamanı çəkilən fotolar nümayiş olunur. 2019-cu ilin aprel ayına qədər mərkəzdə 300 eksponat nümayiş etdirilmişdir. Ümumilikdə, mərkəzdə 400 eksponat, o cümlədən ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, rəsm əsərləri, fotoşəkillər, Heydər Əliyevə aid 29 sənədin surəti və sənədli filmlər var. Həmçinin mərkəzdə Azərbaycanın mədəni irsindən, Qarabağ həqiqətlərindən, Azərbaycan və dünya ədəbiyyatı incilərindən bəhs edən dəyərli kitablar və disklər də vardır. Bütün bunlar mərkəzin daxilolma kitabına işlənmiş, öz şöbələrinə uyğun olaraq fondda yerləşdirilmişdir. Mərkəzdə - Bacarıqlı əllər, İngilis dili və Şahmat dərnəkləri fəaliyyt göstərir.

İl ərzində mərkəzdə 60 mühazirə və seminar məşğələlər keçirilmişdir. Müxtəlif ekskursiyalar təşkil olunmuşdur. 2018-ci ildə Yevlax şəhər Heydər Əliyev Mərkəzinin ziyarətçilərinin sayı 6555 nəfər olmuşdur. (6434 – ekskursiya gələnlər, 121 - fərdi gələn)

Mərkəzin təşkil etdiyi bütün tədbirlər haqqında sosial şəbəkələrdə və yerli “Kür” qəzetində məlumat verilir.