Vətən Müharibəsinin şanlı nəticələrindən biri - Laçın!

Vətən Müharibəsinin şanlı nəticələrindən biri - Laçın!

1992 - ci ildə Şuşadan sonra işğal olunan Laçın Azərbaycanın füsunkar gözəlliyi ilə seçilən, eyni zamanda strateji əhəmiyyəti ilə fərqlənən ərazisidir. Laçın dəhlizinin əhəmiyyətini yaxşı anlayan mənfur düşmənlərimiz hələ uzun illər əvvəl bu ərazidə yerləşmək, yerli əhali arasında ixtişaşlar yaratmağa çalışırdılar.

Faydalı qazıntılarla zəngin olan, qədim tarixi, mədəni abidələri ilə fərqlənən, 18 may 1992- ci ildən etibarən erməni barbarlığının qurbanına çevrilib, mədəniyyət abidələri, yaşayış məntəqələri, inzibati binaları dağıdılan, dini abidələri talan edilən, hərbi və mülki əhalisinə divan tutulan Laçın rayonu Vətən Müharibəsinin nəticəsi olaraq artıq Azərbaycan dövlətinin nəzarəti altındadır.

Ötən ilin noyabrın 9 da bir neçə kəndi döyüş meydanında alınan bu rayonun ümumilikdə azad edilməsi üçtərəfli bəyanatdan sonra gerçəkləşdi. Cənab Prezident İlham Əliyev bu rayonda bayrağı özü qaldırdı. Hal hazırda bu rayon ərazisində fərqli infrastruktur layihələri, hava limanının tikintisi həyata keçirilir. Vətən Müharibəsinin istər hərbi, istərsə də siyasi müstəvidə qələbə ilə sonlanması və ötən bir il ərzində beynəlxalq əhəmiyyətli infrastruktur layihələrinin icra edilməsi Azərbaycan dövlətinin, Azərbaycan xalqının, qüdrətinin təcəssümüdür.

Aqil Ağayev

Yardımlı rayon Heydər Əliyev Mərkəzinin direktoru