18 Oktyabr Müstəqilliyin bərpası günü münasibətilə “Müstəqilliyimiz əbədidir,dönməzdir” adlı dəyirmi masa keçirilib.

18 Oktyabr Müstəqilliyin bərpası günü münasibətilə “Müstəqilliyimiz əbədidir,dönməzdir” adlı dəyirmi masa keçirilib.

18.10.2021-ci il tarixində Ucar rayon Heydər Əliyev Mərkəzində 18 Oktyabr Müstəqilliyin bərpası günü münasibətilə “Müstəqilliyimiz əbədidir,dönməzdir” adlı dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Mətanət Qəribova 18 oktyabr Müstəqilliyin bərpası günü haqqında ətraflı məlumat verdi. O çıxışında qeyd etdi ki, Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Lakin xalqımız bu ağır günlərdə qətiyyətli iradə nümayiş etdirərək öz taleyinə sahib çıxmağı bacardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Əslində, Azərbaycan əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən ümummilli lider Heydər Əliyev müasir dövlət quruculuğu işlərinə başladı. Ulu Öndərin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Bir sözlə, əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Mərkəzin bələdçisi Çinarə Qəhrəmanova çıxış edərək qeyd etdi ki, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə edilib. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur.
Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu da onun layiqli davamçısı Prezident İlham Əliyev yerinə yetirdi. Ötən il 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovuldu, ərazi bütövlüyümüz bərpa edildi. Bu tarixi Zəfəri qazanan xalqımız bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir!

Tədbirin sonunda məktəb şagirdləri tərəfindən şerlər səsləndirildi.