Tovuz rayonu 90 il tərəqqi və inkişaf yolunda

Tovuz rayonu 90 il tərəqqi və inkişaf yolunda

Bu gün Tovuz rayonunun inzibati rayon kimi yaradılmasından 90 il ötür. Tovuz artıq müasir, sürətlə inkişaf edən, gündən-günə abadlaşan gözəl rayondur. Tovuzun qədim tarixi var, lakin inzibati rayon kimi Azərbaycan SSR Mərkəzi icraiyyə komitəsinin 8 avqust 1930-cu il tarixli Qərarı ilə yaradılmışdır.

Çox şərəfli keçmişə malik və babaların hünərinə şahidlik etmiş Tovuz əzəli yurd yerlərimizdəndir. Yaşı 8 min ildən çox olan Göytəpə arxeoloji abidəmiz tariximizin ululuğundan xəbər verir. Beynəlxalq səviyyədə elmi cəhətdən təsdiq olunmuşdur ki, Tovuzdakı bu protoşəhər Qafqazda ən qədim nümunədir.

Tovuz heç vaxt əsarət altına düşməyib, istilaya məruz qalmayıb. İndiki tovuzluların nəsilləri bu torpağın şərəfli qəhrəmanlıq tarixini həmişə yaşadıb, uca tutmuşlar. Burada gənclərin, yeni nəslin vətənpərvərlik tərbiyəsinə həmişə həssaslıqla yanaşılmışdır. Bu il iyul ayının 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törədilən təxribatın qarşısının alınmasında qüdrətli Ordumuzla möhtəşəm birlik nümayiş etdirən tovuzlular bu dəfə də tarixin sınağından alnı açıq-üzü ağ çıxdı və öz ünvanına bir zəfər tarixi yazdı.

Ötən 90 ildə Tovuz rayonu çox sürətli inkişaf yolu keçmişdir. Rayonumuzun sosial-iqtisadi inkişafının zirvəsi məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə və müstəqillik illərinə təsadüf edir.

Ulu öndər Heydər Əliyev dəfələrlə Tovuz rayonunda olmuş, rayonun hərtərəfli inkişafına çox dəyərli töhfələr vermiş, zəhmətkeş insanlara xüsusi qayğı ilə yanaşmışdır. Onun Tovuzlular haqqında dediyi məşhur “Tovuzun gözəl təbiəti, qiymətli sərvəti var, onun ən qiymətli sərvəti əməksevər insanlarıdır” kəlamı bu gün də bizim üçün qürur mənbəyidir.

Son illərdə Tovuz rayonuna 8 dəfə səfər edən cənab Prezident İlham Əliyev rayonun sosial-iqtisadi inkişafı ilə bağlı 26 Sərəncam imzalamış, bir çox təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. Tovuzlular cənab Prezidentin, həmçinin Azərbacanın Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın qayğısını həmişə hiss etmişlər və böyük minnətdarlıq hissi ilə bunu yüksək dəyərləndirirlər.

Bu gün Tovuz rayonu günü-gündən gözəlləşir, tərəqqiyə qovuşur. Rayonda ardıcıl olaraq yeni-yeni layihələr icra olunur. Geniş miqyaslı tikinti-quruculuq və abadlıq işləri həyata keçirilir. Əhalinin güzaranı durmadan yaxşılaşır.

Tovuzlular cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun Azərbaycanı xoşbəxt gələcəyə aparan yeganə yol kimi görürlər və həmişə bu siyasətə sadiqdirlər.

Bütün tovuzluları Tovuzun inzibati rayon kimi yaradılmasının 90 illiyi münasibətilə ürəkdən təbrik edir, hər kəsə yeni-yeni uğurlar və xoşbəxtlik arzulayırıq.