Rayon haqqında məlumat

Rayon haqqında məlumat

Tovuzun qədim türklərin yaşayış məskəni olması, bu bölgədə türk soyunun ənənəvi hakimliyi inkaredilməz həqiqətdir. Tovuzun qədim tarixi abidələri sırasına neolit dövrü abidəsi (e.ə VI əsr) “Göytəpə” qədim yaşayış məskəni, “ Torpaqqala”, “Köhnəqla”, “Sultan körpüsü”, “Tağlı körpü”, “Koroğlu qalası”, “Haçaqaya”, Kürboyu alban məbədləri və s. aid etmək olar.

XIII əsrin əvvəlində, monqolların Azərbaycana yürüşü zamanı (1231-1239) Tovuz artıq böyük yaşayış məskəni şəhərə çevrilmişdir və monqollara layiqli müqavimət göstərmişdir. I Şah İsmayıl (1501-1524) dövründə Tovuz və ona bitişik ərazilər Zülqədər tayfasının bir qolu hesab olunan Şəmşəddil tayfasının irsi mülkiyyətinə verildi və inzibati cəhətdən Qarabağ (mərkəzi Gəncə idi) bəylərbəyliyinə tabe idi. Şəmşəddil mahalı Zəyəmdən qərbə, indi mənfur, üzdəniraq ermənilərə aid olan bir sıra yaşayış məntəqələrini də əhatə etməklə Qazağa qədər torpaqları əhatə edirdi və sonradan Sultanlığa çevrildi və XVIII əsrin ortalarına qədər müstəqil idi.

XVII əsrin əvvəlində Şəmşəddilli Səlim xan Səfəvilərin köməyi sayəsində Axalsikini Osmanlı qoşunlarından geri ala bilmiş və Qazax-Şəmşəddil sultanlığına qatmışdı. 1736-ci ildə Nadir Şah elan edildikdə ona qarşı etiraz edən Şəmşəddil sultanları Qazax və Borçalı əraziləri ilə birlikdə Qarabağ bəylərbəyliyindən alınıb Kartli çarı Teymuraza verilmişdir. Bəylərbəyi Uğurlu xan Ziyadoğlu isə Qarabağın Kəbirli, Cavanşir tayfaları ilə Xorasana sürgün edildi. Xanlıqlar dövründə gah müstəqil, gah da bu və ya digər xanlıqdan asılı olan Tovuz-Şəmşəddil ərazisi 1752-ci ildə Şəkili Hacı Çələbi xanın Şəmkir yaxınlığında Kartli çarı II İrakli üzərində qələbəsindən sonra geri qaytarılsa da XVIII əsrin sonlarında yenidən II İraklinin vassallığına keçdi. Həmin dövrdən Qazax-Şəmşəddil sultanlığı adlanan bu ərazi 1801 –ci ildə Şərqi Gürcüstanla birlikdə Rusiyaya ilhaq olundu. 1819-cu ildə sultanlıq ləğv olundu. Ərazi isə Qazax və Şəmşəddil müstəqil məntəqələri-distansiyalarına bölündü. 1828-1840-cı illərdə rus komehdantları tərəfindən idarə edilən Şəmşəddil ərazisi 1844-cü ildə Gəncə qəzasının tərkibində Gürcüstan-İmeretiya quberniyasına tabe olub Rusiyanın ixtiyarında idi. Çarizmin vergi siyasətnə qarşı 1844-1845-ci illərdə Şəmşəddil kəndlilərinin etirazları Zəyəmdə xüsusilə qüvvətli idi və çətinliklə çar qoşunu tərəfindən yatırıldı.1883-cü ildə Bakı-Tiflis dəmiryolunun çəkilməsi Tovuzun iqtisadi inkişafında əhəmiyyətli rol oynadı.1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından sonra Şəmşəddil-Tovuz ərazisində də milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi işi sürətləndirildi.

Qori, sonra isə Qazax müəllimlər seminariyalarının əraziyə yaxın olması bölgədə ziyalıların xüsusi çəkisinin artmasında mühüm rol oynadı.SSRİ tərkibində Azərbaycan SSR yaradıldıqdan sonra,1930-cu ilin avqustunda Tovuz rayon inzibati vahidi təşkil olundu, 1963-cü ildə ləğv edilərək ərazisi Qazax rayonuna verildi, lakin bir il sonra, 1964-cü ildə yenidən müstəqil rayona çevrildi. 1947-ci ildə Tovuza, 2012-ci ilin aprel ayında Qovlar qəsəbəsinə şəhər statusu verilmişdir.1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra, Tovuz rayonu da bir tərəfdən sevinc yaşadı, digər tərəfdən isə, xain ermənilərlə 69 km ümumi sərhəddə böyük narahatlıqlar başlandı, müharibənin ağrı-acısını yaşadı. Məlum münaqişə dövründə Tovuzun yüzlərlə igid övladı düşmən gülləsindən şəhid oldu, bir qarış torpağını mənfur düşmənə vermədi.Tovuzun Naiq Nəsir oğlu Yusifov və Qasım Qara oğlu Rzayev kimi milli qəhrəmanları gənclərin vətənpərvərlik nümunəsidirlər.Tovuz rayonu 43 inzibati ərazi dairəsindən ibarətdir. Rayonun ümumi ərazisi 194209 hektardır. Bundan 118382 ha torpaq sahəsi Dövlət mülkiyyətində, 45689 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində, 30138 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olan torpaqlardır. Rayon ərazisinin 30609 hektar sahəsini meşəliklər örtür. Bunun da əsas hissəsi fısdıq, vələs, palıd, ağcaqayın və.s dağ meşələridir.

Rayonun ən iri yaşayış məntəqələri Tovuz şəhəri (ərazisi 912 hektar, əhalisi 21340 nəfər), Qovlar şəhəri ( ərazisi 5691 hektar, əhalisi 14860 nəfər), Əyyublu kəndi (ərazisi 5430 hektar, əhalisi 11647 nəfər), Aşağı Quşçu kəndi (ərazisi 3257 hektar, əhalisi 10741 nəfər) və sairdir. Rayonun 9 inzibati ərazi dairəsi 69 km məsafədə bilavastə Ermənistanla həmsərhəddir.Tovuz rayonunun əhalisi 01.01.2019-cu il tarixə rəsmi qeydiyyatda 175,5 min nəfərdir.Rayonda həmçinin 1531 nəfər Qarabağ Müharibəsi Veteranı, 331 nəfər Qarabağ Müharibəsi əlili, 280 nəfər şəhid ailəsi, 3 nəfər Böyük Vətən Müharibəsi Veteranı vardır. Rayonun 7 nəfər sakini Azərbaycan Respublikasının Əməkdar Fəxri adına layiq görülüb.Tovuz rayonunda Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən 10 ailə (33 nəfər) müvəqqəti məskunlaşmışdır. Əmək fəaliyyəti ilə məşğul olanlar – 85100 nəfərdir, Təhsil alanlar -25536 nəfərdir, Pensiyaçılar – 21462 nəfərdir

Corafi Mövqeyi- Rayon respublikanın şimal-qərbində yerləşməklə, şimaldan Gürcüstan Respublikası, qərbdən Ermənistan, cənubdan və cənubi qərbdən Gədəbəy rayonu, şərqdən Şəmkir rayonu, şimali-şərqdən Samux rayonu ilə həmsərhəddir.Ərazisi relyef baxımından kəskin müxtəliflliyi ilə fərqlənir. Buraya orta dağlıq, alçaq dağlıq və dağətəyi zonalar daxildir.Rayonun ərazisinin cənub hissəsi alçaq dağlıq zonada, şimal hissəsi alçaq dağlıq və dağətəyi zonada yerləşir ki, burada da müsbət və mənfi relyef formaları növbələşir. Rayonda üç iqlim sahəsi vardır:

1. Quru subtropik iqlim. Bu iqlim sahəsi Kür çayı vadisini əhatə edir. Yumşaq qışı və isti yayın olması ilə səciyyələnir.
2. Mülayim isti quru iqlim. Bu iqlim rayonun düzənlik hissəsini və yüksəkliyi 1000 metrə qədər olan sahələri əhatə edir. Qışı yumşaq və yayı isə bir qədər isti keçir.
3. Mülayim soyuq, meşə iqlimi. Bu iqlim sahəsi yüksəkliyi 1000-dən 2000 metrə qədər olan dağlıq hissəni əhatə edir. Yayı sərin,qışı isə bir qədər şaxtalı keçir. Tovuz rayonunun iqliminə Cənubi Qafqaz (Zaqafqaziya) yaylasından, Atlantik okeanından, Arktikadan və mərkəzi Asiyadan gələn hava kütlələrinin təsiri vardır.
Kür çayı rayonu iki hissəyə ayırır. Sol sahilində geniş Ceyrançöl massivi uzanır ki, bu da heyvandarlığın inkişafında əsas otlaq kimi istifadə olunur. Çayın sağ sahili əkinçilikdə istifadə olunur, rayonun meşə fondunu və dağ çəmən zonasını tutur.
Rayonun ərazisində çay şəbəkəsi seyrək olub, şimalda Kür çayı, mərkəzi hissədə Tovuz çayı və onun qolu Axınca çayı, Əsrik çayı, şərq hissədə Zəyəm çayı və onun xırda qolları axır, yağıntının illik miqdarı 40-70 mm təşkil edir. Rayonun torpaqları aran zonasında şabalıdı (boz qəhvəyi) torpaqlardan, dağlıq ərazidə dağ çəmən torpaqlarına qədər dəyişir.
Rayonun Bakı şəhəri ilə arasındakı olan məsafə 435 km-dir.

Rayonun İqtisadiyyatı- Tovuz rayonu ölkənin iri kənd təsərrüfatı rayonlarından biri olmaqla ərazisi 1942 kv.km-dir, əhalisi 01.01.2019-cu il tarixə əhalisi rəsmi qeydiyyatda 175,5 min nəfərdir.01.01.2019-cu ilə tarixə rayonda 239 müəssisə və təşkilat fəaliyyət göstərmişdir ki, bunlardan 62,3 faizi xidmət, 15,9 faizi ticarət, 8,4 faizi kənd təsərrüfatı, 4,2 faiz maliyyə, 4,2 faizi sənaye, 5 faizi digər fəaliyyətlərlə məşğuldur.Tovuz rayonunda 2 şəhər (Tovuz və Qovlar şəhərləri) və 102 kənd vardır. Rayonda 43 inzibati ərazi dairəsi, 41 bələdiyyə mövcuddur.01.01.2019-cu ilə məşğul əhalinin sayı 85100 nəfər, o cümlədən onların 62299 nəfəri kənd təsərrüfatında, 7336 nəfəri təhsil və mədəniyyət müəssisələrində, 4450 nəfəri ticarət və içtimai iaşədə, 3350 nəfəri tikintidə, 2820 nəfəri nəqliyyat və rabitədə, 2163 nəfəri səhiyyədə və sosial təminatda, 1183 nəfəri idarəetmə orqanlarında, 410 nəfəri mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidmətində, 796 nəfəri sənayedə, 293 nəfəri digər sahələrdə çalışır.

2018-ci ildə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 106 faiz olmaqla 415906 min manat, o cümlədən sənayedə 12166,6 min manat, kənd təsərrüfatında 190784,6 min manat, tikintidə 59131,9 min manat, nəqliyyatda 7822,4 min manat, ticarətdə 144713 min manat, rabitədə 1287,5 min manat olmuşdur. Bu dövrdə pərakəndə əmtəə dövriyyəsi 443006 min manat, adam başına düşən pərakəndə əmtəə dövriyyəsi 2535,1 manat olmuşdur.

Cari ildə 1764 yeni iş yeri açılmışdır, onlardan 15-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 268-i mövcud müəssisələrdə, 776-sı fiziki şəxslərdə, 705-i digər tədbirlər üzrə açılmış iş yerləridir.İqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayı 01.01.2019-cu ilə 17093 nəfər olmuş, onlardan təhsildə 6679 nəfər, dövlət idarə edilməsi və müdafiə, sosial təminat 1183 nəfər, ticarətdə 3891 nəfər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 836 nəfər, sənayedə 796 nəfər, tikintidə 408 nəfər, nəqliyyatda 99 nəfər, informasiya və rabitədə 119 nəfər, maliyyə və sığorta fəaliyyətində 81 nəfər, turstlərin yerləşdirilməsi və içtimai iaşədə 12 nəfər, əhaliyə səhiyyə və sosial xidmətlərində 2163 nəfər, istirahət və turizm fəaliyyətində 657 nəfər, digər xidmət sahələrində 169 nəfər çalışır.

2016-cı ilin fevral ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son on ildə altıncı dəfə Tovuz rayonuna səfər etmiş, bu dövrdə Tovuz rayonunun sosial-iqtisadi inkişafının təmin olunması ilə bağlı 10 Sərəncam qəbul etmişdir. Cənab Prezident rayonumuza son səfəri zamanı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında salınmış park-bulvar və əyləncə mərkəzi ilə tanış olmuş, Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun, Tovuz şəhərində 7 saylı körpələr evi-uşaq bağçasının, Tovuzçay su anbarının, Qovlar şəhərində gənclər evinin açılışını etmişdir. Cənab Prezident rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Tovuz rayonunda işlərin uğurla getdiyini qeyd etmiş, eyni zamanda rayonumuzun sosial-iqtisadi inkişafı ilə əlaqədar qarşıda duran vəzifələr barədə öz tapşırıq və tövsiyyələrini vermişdir.