Mərkəzin I mərtəbəsində yerləşən muzey hissədə Ümummilli Lider Heydər Əliyevin büstü ucaldılıb, Ulu Öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sənəd və foto şəkillər nümayiş etdirilir. Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə, o cümlədən Sumqayıtda müxtəlif obyektlərin açılışında iştirakının, ictimaiyyət nümayəndələri ilə görüşlərinin əks olunduğu fotolar və rəmzi simvol sayılan lent və qayçılar ziyarətçilərdə böyük maraq doğurur.

Foyedə həmçinin Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin şəhərimizə göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Muzey hissədə nümayiş olunan eksponatlar mərkəzin Fond kitabında qeydiyyatdadır və eksponat sayı 532 ədəddir. Fondda 3 şöbə fəaliyyət göstərir: sənədlər şöbəsi ( 308 ədəd), fotoşəkillər şöbəsi ( 179 ədəd ) və sairə şöbəsi (45 ədəd). Hər bir eksponatın həm əlyazma, həm də elektron formada elmi-təsvir vərəqələri işlənmişdir.

Ekspozisiyada informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da peşəkarlıqla istifadə olunması diqqəti cəlb edir. Mərkəzin birinci mərtəbəsində divarda yerləşdirilmiş müasir standartlı böyük ölçülü Led ekranda gündəliyə müvafiq olaraq sənədli filmlər nümayiş etdirilir. Eyni zamanda fiziki qüsurlu insanların da istifadə edə biləcəyi informasiya xarakterli və Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid nadir şəkilləri əks etdirən elektron köşklər vardır. Həmçinin foyedə müxtəlif sərgilər keçirilir və bu da ziyarətçilərin böyük marağına səbəb olur.

Mərkəzin II mərtəbəsində tikilməkdə olan və yenilənməkdə olan Sumqayıt şəhərinin inkişaf mərhələlərini əks etdirən fotoşəkillərdən ibarət kiçik muzey hissə yerləşir.