Mərkəz haqqında məlumat

Müstəqil Azərbaycanın qurucusu olan Ümummilli Liderimiz Heydər Əliyevə ümumxalq məhəbbətinin təcəssümü olan və onun zəngin həyat yolu, xalqı və vətəni qarşısındakı misilsiz xidmətlərinin dərindən öyrənilməsi istiqamətində fəaliyyət göstərən Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi 2013-cü ilin 3 may tarixindən fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin digər bölgələrinə olduğu kimi şəhərimizə də hər zaman yüksək diqqət və qayğısı daim hiss olunmaqdadır. Bu qayğının bariz nümunəsi Prezidentimizin Sumqayıta mütəmadi olaraq etdiyi rəsmi səfərlərdir və 2016-cı il 27 sentyabr Sumqayıt səfəri zamanı şəhərin hərtərəfli inkişafını əks etdirən açılışlar həyata keçirmişdir. Bu səfər Sumqayıt tarixinə qızıl hərflərlə yazılmışdır. Şəhərimizin ən möhtəşəm memarlıq abidəsi sayılan, Ümummilli Liderimizin adını daşıyan Heydər Əliyev Mərkəzinin yeni binasının açılışı da məhz bu səfər zamanı baş tutmuşdur.

Heydər Əliyev Mərkəzi ümumilikdə 3 mərtəbə, 1 mansard və müxtəlif təyinatlı bölmələrin fəaliyyət göstərdiyi otaqlardan ibarətdir.

Mərkəzin I mərtəbəsinin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü ucaldılıb, Ulu Öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sənəd və foto şəkillər nümayiş etdirilir. Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə, o cümlədən Sumqayıtda müxtəlif obyektlərin açılışında iştirakının, ictimaiyyət nümayəndələri ilə görüşlərinin əks olunduğu fotolar və rəmzi simvol sayılan lent və qayçılar ziyarətçilərdə böyük maraq doğurur. Foyedə həmçinin Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin şəhərimizə göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Mərkəzin birinci mərtəbəsində divarda yerləşdirilmiş müasir standartlı böyük ölçülü Led ekranda gündəliyə müvafiq olaraq sənədli filmlər nümayiş etdirilir. Eyni zamanda fiziki qüsurlu insanların da istifadə edə biləcəyi informasiya xarakterli və Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid nadir şəkilləri əks etdirən elektron köşklər, elektrik sisteminin yerləşdiyi server otağı mövcuddur. Həmin mərtəbədə respublika və şəhər səviyyəsində müxtəlif tədbirlərin keçirilməsi üçün möhtəşəm 420 nəfərlik müasir avadanlıqlarla təchiz olunmuş akt zalı yerləşmişdir.

Müxtəlif təyinatlı bölmələrdən ibarət olan mərkəzin II mərtəbəsində kompüter dərnəyinin keçirilməsi üçün kompüter zalı, Azərbaycanın elektron kitabxana portalı olan Alisa proqramı ilə təchiz olunmuş elektron kitabxana, 50 nəfərlik konfrans zalı, gənclər üçün nikahdan öncə laborator-müayinə otağı, intellektual oyun masaları, Sumqayıt şəhərinin inkişaf mərhələlərini əks etdirən kiçik muzey hissə yerləşir.

Mərkəzin III mərtəbəsində xidməti otaqlar, sərgi zalı, xalçaçılıq dərnəyi, planşet, smart lövhə və digər ən müasir avadanlıqla təchiz olunan smart sinif və linqafon otağı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyət otağı yerləşir.

Son illər Respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlərin də keçirilməsi üçün nəzərdə tutulmuş nikah zalı mansardda yer alır. Sumqayıtdakı Heydər Əliyev Mərkəzində də bu məqsədlə müvafiq şərait yaradılıb. Nikah zalında həmçinin müxtəlif müəssisə və təşkilatların intellektual, əyləncəli və konsert tipli tədbirlərinin keçirilməsi üçün müvafiq şərait vardır. Eyni zamanda həmin mərtəbədə foto studiya, mətbəx-bar, rəsm studiyası Sumqayıt sakinlərinin istifadəsindədir.