Sumqayıtlıların Ümummilli Lider Heydər Əliyevə sonsuz hörmət və ehtiramını təcəssüm etdirmək məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 179 № li 14.10. 2015–ci il tarixli sərəncamını imzalaması ilə Heydər Əliyev Mərkəzinin layihələndirilməsi işləri start götürülmüşdür. Layihəyə əsasən Sumqayıt şəhəri Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı ərazisində 2107 kv.m torpaq sahəsini əhatə edən möhtəşəm “Heydər Əliyev” Mərkəzinin binasının tikintisi nəzərdə tutulmuşdur.

Mərkəzin inşasına 2015–ci ilin dekabr ayında başlanmış və tikinti işləri 2016-cı ilin avqust ayında başa çatmışdır. İnşaat işləri Sumqayıt şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına “AYAN.A” Y.İ MMC tərəfindən həyata keçirilmişdir. Binanın ümumi sahəsi 5000 kv.m-dir. Tikinti işlərində yerli inşaat materiallarından, memarlığın son nailiyyətlərindən istifadə etməklə memarlıq baxımından müasir formalar tətbiq edilmişdir. Eyni zamanda milli memarlıq elementləri də diqqət cəlb edir. Bina su təchizatı, istilik sistemi, kanalizasiya, elektrik təchizatı, telefon və radiolaşdırma sistemiləri ilə ən yüksək səviyyədə təmin olunmuşdur.

Binanın müasir xarici elektrik işıqlandırma sistemi ilə aydınlaşdırılması onun gözəlliyinə xüsusi bir füsunkarlıq bəxş edir. Mərkəzin qarşısında Ümummilli Lider Heydər Əliyevin möhtəşəm heykəli ucaldılıb. Binanın əhatə etdiyi ərazidə orijinal memarlıq üslubunda fəvvarələr vardır.

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi bütün füsunkarlığı ilə yerli sakin və xarici qonaqların istifadəsindədir.