Siyəzən rayonunda “Zərərli vərdişlərə qarşı mübarizə mənəviyyatımızın xilasıdır” mövzusunda dəyirmi masa keçirilib

Siyəzən rayonunda  “Zərərli vərdişlərə qarşı mübarizə mənəviyyatımızın xilasıdır” mövzusunda dəyirmi masa keçirilib
İyunun 24-də Siyəzən Rayon Gənclər və İdman Idarəsinin və Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığı və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyanın birgə təşkilatçılığı ilə 26 İyun “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunan “Zərərli vərdişlərə qarşı mübarizə mənəviyyatımızın xilasıdır” mövzusunda dəyirmi masa keçirilib. Gənclər Mərkəzində təşkil olunan maarifləndirici tədbirdə hüquq-mühafizə orqanlarının əməkdaşları, müxtəlif idarə, müəssisə və təşkilat nümayəndələri, həmçinin fəal gənclər iştirak ediblər. Dəyirmi masanı giriş sözü ilə açan Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədov tədbirin məqsəd və əhəmiyyətindən danışaraq bildirib ki, fərdi şəkildə və ya beynəlxalq əməkdaşlıq çərçivəsində bu problemə qarşı birgə mübarizə aparılmasına baxmayaraq, dünya üzrə narkomaniyaya düçar olanların sayı ildən-ilə artmaqdadır. Son illər respublikamızda narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizə xeyli güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatların da fəallığı xeyli artmışdır. Daha sonra idarənin rəis müavini Vüsal Alışov, Təhsil şöbəsinin nümayəndəsi Cəfər Bağırov, Rayon Mərkəzi Poliklinikasının müdir müavini Firdovsi Hacıyev və Rayon Polis şöbəsinin əməkdaşı Fərahim Qasımov çıxış edərək narkomaniyaya qarşı mübarizə istiqamətində dövlət tərəfindən qəbul edilən və imzalanan fərmanlar, sərəncamlar, qanunlar və Dövlət Proqramları barədə gənclərə məlumat veriblər. Çıxışlarda vurğulanıb ki, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalıdır. Çıxışlardan sonra mövzu ilə bağlı qısametrajlı film nümayiş etdirilib.