Siyəzən rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və neft strategiyası” mövzusunda Siyəzən neftçiləri ilə dəyirmi masa və kitab sərgisi təşkil olundu.

Siyəzən rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və neft strategiyası” mövzusunda Siyəzən neftçiləri ilə dəyirmi masa və kitab sərgisi təşkil olundu.

17 sentyabr 2021-ci il tarixində Siyəzən rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və neft strategiyası” mövzusunda Siyəzən neftçiləri ilə dəyirmi masa və kitab sərgisi təşkil olundu. Tədbiri Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev açaraq bildirdi ki, xalqımızın təkidli tələbi və xahişi ilə 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər, ümummilli lider Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Elə ilk günlərdən ARDNŞ-in Birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır. 2017-ci il sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması haqqında müqavilə imzalamışdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının inkişafı, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Zaman ulu öndər Heydər Əliyevin müdrikliyini, uzaqgörənliyini bugünkü nailiyyətlərimizin tacı olan tarixi Zəfərimizin işığında tam mənzərəsi ilə sübuta yetirdi.

Daha sonra çıxış edənlər Siyəzənneft NQÇİ-nin baş mühəndisi Anar Orucov, Siyəzənneft NQÇİ HİK-nin sədri Əkbər Qafarov, Siyəzənneft NQÇİ-nin baş geoloqu Xanlar Bəkirov və Siyəzənneft NQÇİ-nin şöbə rəisi Fərid Məmmədov çıxış edərək bildirdilər ki, "Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 32 sazişin imzalanması üçün yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının təməl daşını təşkil edən “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başlandı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. Azərbaycan təkcə neft deyil, həm də yaxın gələcəkdə dünyanın böyük həcmdə qaz ixrac edən əsas ölkələrindən birinə çevrilmək potensialına malikdir. Nəhəng “Şahdəniz” qaz yatağı da nəzərə alınmaqla Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrə kimi artıb.