“Azərbaycan əlifbası və Azərbaycan dili günü” ilə əlaqədar Siyəzən rayon Heydər Əliyev Mərkəzi və Siyəzən şəhər 4 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə tədbir keçirildi.

“Azərbaycan əlifbası və Azərbaycan dili günü” ilə əlaqədar Siyəzən rayon Heydər Əliyev Mərkəzi və Siyəzən şəhər 4 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə tədbir keçirildi.

30 iyul 2021-ci il tarixində Siyəzən rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan əlifbası və Azərbaycan dili günü” ilə əlaqədar Siyəzən rayon Heydər Əliyev Mərkəzi və Siyəzən şəhər 4 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə tədbir keçirildi. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin siyasi irsini əks etdirən ekspozisiya bölmələri ilə yaxından tanış oldular. Ekskursiyaçılar Mərkəzə Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun şəkildə qəbul edildilər. Daha sonra tədbir dəyirmi masa ətrafında davam etdirildi. Tədbiri giriş sözü ilə Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev açaraq bildirdi ki, avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu öndər Heydər Əliyevin həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. Ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”. Azərbaycan dilinin elektron məkanda da daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlərin reallaşdırılması müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Daha sonra Siyəzən şəhər 4 saylı tam orta məktəbinin direktoru Tərlan Bağırova, Siyəzən şəhər 4 saylı tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Leyla Allahverdiyeva, məktəbin şagirdləri İlyasova Röya və Talıbov Osman çıxış edərək bildirdilər ki, Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi təsdiqləyir ki, xalqımız dünyanın ən qədim xalqlarındandır. Təbii ki, dilin təşəkkülü müxtəlif proseslərdən keçir. Bu gün istər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili də mürəkkəb və ziddiyyətli bir yol qət etmişdir. Əlbəttə, dilin əsas yaradıcısı millətin özüdür. Elə ifadələr, kəlmələr var ki, xalq onu necə işlədibsə, bu gün də elə qəbul edilməlidir. Bir sözün yerinə düşməməsi onun mənasının itməsinə, təhrif olunmasına gətirib çıxarır. Nahaq demirlər ki, dil söz sərvətinin yaradıcısıdır. Bəlkə də Allahın insana bəxş etdiyi ən qüdrətli, ecazkar nemətlərdən biri dildir. Daha sonra Siyəzən şəhər 4 saylı tam orta məktəbinin şagirdləri İlyaslı Zərifə, Həmzəyeva Firuzə, Əbülfətzadə Asiman, Novruzov Əkbər və Nəcəfov Ayxan Azərbaycan əlifbası və Azərbaycan dili ilə bağlı şeirlər söylədilər.