Siyəzən rayon Heydər Əliyev Mərkəzində “22 İyul - Milli Mətbuat və Jurnalistika günü” münasibəti ilə tədbir keçirildi.

Siyəzən rayon Heydər Əliyev Mərkəzində “22 İyul - Milli Mətbuat və Jurnalistika günü” münasibəti ilə tədbir keçirildi.

22 iyul 2021-ci il tarixində Siyəzən rayon Heydər Əliyev Mərkəzində “22 İyul - Milli Mətbuat və Jurnalistika günü” münasibəti ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev açaraq bildirdi ki, bu gün Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür. 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə milli mətbuatımızın əsası qoyulub. Milli mətbuatımız bu illər ərzində çətin və şərəfli yol keçib. Müstəqil Azərbaycan Respublikasında milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi və xahişi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi.

Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

Daha sonra Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova, Siyəzən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Şəfiqə Arzudovum, Siyəzən Mətbuatyayımı şöbəsinin məsul işçisi Ariz Hacıbəyov, Siyəzən şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi Gülnar İsgəndərova çıxış edərək bildirdilər ki, milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir. Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.