Siyəzən rayon Heydər Əliyev Mərkəzində "15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş "Dünəndən bu günə Azərbaycan" adlı görüş keçirilib.

Siyəzən rayon Heydər Əliyev Mərkəzində "15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş "Dünəndən bu günə Azərbaycan" adlı görüş keçirilib.

15.06.2021-ci tarixində Siyəzən rayon Heydər Əliyev Mərkəzində "15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş "Dünəndən bu günə Azərbaycan" adlı görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev gənclərə "15 İyun - Milli Qurtuluş Günü"nün tarixi əhəmiyyətindən, 90-cı illərdəki çətinliklərdən danışıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkəmizin inkişaf yoluna qədəm qoymasından bəhs edib. 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Milli qurtuluş fəlsəfəsi, sözün geniş mənasında, Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqımızın təkidli tələbi və xahişi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev həmin gün Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ulu öndər Heydər Əliyev böyük risklərə baxmayaraq, xalqımızın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın dövlət mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı. Ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən ümummilli lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan Respublikasında aparılan bütün islahatların təşəbbüskarı və müəllifidir. Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı da göstərmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qazandığı bütün nailiyyətlərin əsasında Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və dövlət başçımızın şəxsi keyfiyyətləri dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Vətən Müharibəsindəki tarixi qələbəmiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.