Heydər Əliyev və Şirvan

Şirvan şəhəri hər zaman Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuşdur. 1963-cü ildə respublika tabeli şəhər statusu almasına baxmayaraq, Şirvanın şəhər kimi formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1969-cu ildə hakimiyyətə gəlişi ilə gənc sənaye şəhəri Şirvanın iqtisadi inkişafına güclü təkan verdi. Xüsusi diqqət və qayğı sayəsində yeni sənaye sahələri - Şimal və Cənub sənaye qovşaqları yaradıldı. Şəhərdə 101 yaşayış binası, onlarca sosial obyektlər, sənaye müəssisələri, uşaq bağçaları, orta məktəblər, mədəniyyət ocaqları, idman qurğuları, xəstəxana kompleksi tikilib istifadəyə verildi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şirvanda neft və energetikanın inkişafı ilə yanaşı, Mexaniki Təmir İstehsalat Birliyi, Süni dəri, Kərpic, Dəzgahqayırma, Şirə, Telemexanika, "Araz" zavodları, İxtisaslaşdırılmış hazırlıq müəssisəsi, Dəmir-beton evtikmə, Yeyinti Konsentrantları kombinatları yaradıldı. Görülən işlər nəticəsində XX əsrin 80-ci illərinin əvvəllərində şəhər respublikanın iri sənaye mərkəzlərindən birinə çevrildi. Onun hər bir səfəri Şirvan şəhərinin inkişafına böyük töhfələr verən tarixi günə çevrilmiş, hər bir şirvanlıda bayram ovqatı yaratmışdır. Mərhum Prezidentin şəhər ictimaiyyəti qarşısında çıxışı, tövsiyələri şirvanlıların fəaliyyət proqramına çevrilmişdir.

Heydər Əliyev 3 dəfə Şirvan şəhərində olmuşdur. İlk dəfə 1970-ci ildə Talış kəndində Kür su kəmərinin yeni magistralının birinci növbəsinin nasos qurğusunun işə salınması ilə əlaqədar səfər etmişdir. ikinci dəfə 1979-cu ilin 12 sentyabrında şəhərimizə yolüstü dönmüdür. Həmin gün pambıqçıların respublika müşavirəsində iştirak etmək üçün Sabirabada gedən Azərbaycan Kommunist Partiyasının mərkəzi Komutəsinin birinci katibi Heydər Əliyevin dəmiryol vağzalının ərazisində şəhər ictimaiyyətinin nümayəndələri ilə qısa müddətli görüşü olmuşdur. Görüşdə şəhər əhalisinin müxtəlif təbəqələrini təmsil edən nümayəndələr, o cümlədən orta məktəb şagirdləri iştirak etmişlər. 1998-ci il oktyabrın 4-də Heydər Əliyev Şirvan (Əli Bayramlı) şəhərinə rəsmi səfər etmişdir. Səfər zamanı "Neftçi İdman Sağlamlıq" mərkəzinin açılışını etmişdir. Həmin səfər Şirvanda böyük bayrama çevrilmiş, şəhərin girəcəyindən başlayaraq bütün küçələrdə minlərlə insan Ulu Öndəri böyük hörmət və məhəbbətlə qarşılamışdır. Şəhər sakinləri qarşısında çıxış edərək "Mən keçmişdə də, indi də Əli Bayramlıların dəstəyini və qayğısını hiss etmişəm" deməsi şirvanlılarda böyük iftixar və qürur hissi yaradır.