Mərkəzə gələn qonaqlar Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq, əyani vəsaitlərdən istifadə etmək imkanı qazanırlar. Tamaşaçılar ilk olaraq ulu öndərin qranitdən qoyulmuş büstünü ziyarət edir. Sonra Mərkəzin foyesinə xüsusi gözəllik verən ümummilli liderin və xanımı akademik Zərifə xanım Əliyevanın, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, onun xanımı Mehriban Əliyevanın tunc heykəlləri ilə tanış olurlar. Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən eksponatlar - fotoşəkillər, fəxri fərmanlar, orden və medallar, o cümlədən mükəmməl yazılmı kitablar 5 bölmə üzrə xronoloji ardıcıllıqla nümayiş olunur.

Birinci bölmədəki şəkillər ümummilli liderimiz Heydər Əliyevin uşaqlıq illərindən xronoloji ardıcıllıqla general mayor rütbəsinə qədər yüksəldiyi illəri əhatə edir. Dahi rəhbərin anası İzzət xanım Əliyeva ilə, atası Əlirza Əliyevlə birgə şəkli, uşaqlıq, məktəb illərinə aid fotolar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır.

İkinci bölmə ümummilli lider Heydər Əliyevin respublikamızın birinci rəhbəri olduğu vaxtları 1969-1982-ci illəri əhatə edir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik etdiyi dövrləri, ölkəmizin müxtəlif bölgələrində zəhmətkeş insanlarla görüşləri əks etdirən fotolar yorulmaq bilmədən çalışan rəhbərin canlı obrazını yaradır. Bu bölmədə mədəniyyət və incəsənət xadimləri ilə görüşlərinin lentə alındığı fotolar dahi şəxsiyyətin çoxşaxəli fəaliyyətindən xəbər verir. Tədqiqatçılar Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünü milli özünüdərkin oyanmasının, öz kökümüzə qayıdışın və müraciətin yeni mərhələsinə doğru aparan proseslərin başlanğıcı kimi səciyyələndirir. Məhz onun uzaqgörən siyasətinin nəticəsi kimi bu illər ərzində Azərbaycanın sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində əsaslı dönüş yarandı.

Üçüncü bölmədə işıqlanan şəkillər ulu öndərin Moskva həyatına və Naxçıvan fəaliyyətinə həsr olunub. Heydər Əliyev Moskvada Sov.İKP.MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu illərdə nəhəng sovet dövlətinin həyati əhəmiyyətə malik bir çox sahələrinə rəhbərlik edirdi və təkcə ittifaqda deyil, dünyada nüfuzlu dövlət xadimi kimi tanınırdı. Məşhur Baykal-Amur magistralının tikintisinə də bilavasitə o, rəhbərlik edirdi. Eksponatlardan göründüyü kimi, BAM-da birinci sərnişin qatarının ilk fəxri sərnişini də məhz Heydər Əliyev olmuşdur. Ulu öndərin xalqımızın təkidli tələbi, israrlı çağırışları ilə yenidən Bakıya - Azərbaycanın siyasi rəhbərliyinə qayıdışı da bu bölmədə fotoobyektivin gözü ilə tarixin yaddaşına köçürülmüşdür. Xalq dahi rəhbərini sonsuz sevinclə qarşılayır, xilaskarlıq missiyası başlanır. Ümummilli liderimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işlədiyi dövrə aid şəkillər düşmənlə üz-üzə, blokada şəraitində yaşayan diyarın problemlərinin həlli ilə bağlı gərgin fəaliyyəti əks etdirir.

Dördüncü bölmədə ulu öndərimizin azərbaycanın neft sənayesinin inkişafı, Azərbaycan neftinin xarici dünya bazarlarına çıxarılmasında göstərdiyi böyük diqqət, hərbi hissələrdə ordunun vəziyyəti ilə tanışlıqdan əks olunan şəkillər yer tutur. Heydər Əliyevin bütün varlığı ilə bağlı olduğu Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyimizin qorunub saxlanması, ədəbi və dönməz olması, xalqımızın tərəqqisi naminə gördüyü misilsiz işlər haqqında bu bölmədə geniş yer verilib.

Beşinci bölmə "Heydər Əliyev və Şirvan" bölməsi adlanır. Burada şəhərimiz üçün doğma və əziz olan ulu öndərin Şirvana səfərini əks etdirən şəkillər əks olunur. Mərkəzə gələn qonaqlar bu bölmədə ümummilli liderin 1-ci hakimiyyət dövründə və müstəqillik illərində Şirvan şəhərinə gəldiyi səfərləri əks etdirən fotoşəkillərlə tanış olmaq imkanı əldə edirlər.

Mərkəzin foyesində Azərbaycanın əməkdar rəssamı Sirus Mirzəzadənin müxtəlif mövzularda kətan üzərində çəkdiyi rəsm əsərləri nümayış olunur.

Tunc heykəllər. Əməkdar rəssam Sirus Mirzəzadə, heykəltaraş Namiq Dadaşov.