Şəhər haqqında məlumat

Şəhər haqqında məlumat

Şirvan şəhəri Azərbaycanın inzibati və iqtisadi xəritəsində müstəsna əhəmiyyət kəsb edən, on minlərlə insanın yaşadığı, çoxsahəli sosial-iqtisadi və mədəni obyektləri özündə birləşdirən sənaye mərkəzlərindən biridir. Şrvan şəhəri 1954-cü ildə şəhər status almışdır. Əhalisi 01.01.2019-cu il tarixə 86.5 min nəfər, ərazisi 72.7 kv.km-dir.

1930-cu ilə kimi Ərəbşahverdi, Papanino və nəhayət Zubrovka qəsəbəsi adlanan ərazi 1931-ci ildə kolxozlaşma ilə əlaqədar rayon mərkəzinə çevrilərək Əli-Bayramlı qəsəbəsi adlandırılmışdır. 28 iyul 1954-cü ildə Əli-Bayramlı rayon tabeliyində şəhər statusu almaqla böyük bir kənd təsərrüfatı rayon mərkəzi olmuşdur. 1963-cü il yanvar ayında Əli-Bayramlı rayonu ləvğ edilərək onun kəndləri uyğun olaraq Sabirabad, Səlyan və Şamaxı rayonlarının tabeliyinə keçirilmişdir. Əli-Bayramlıya isə respublika tabeliyində şəhər statusu verilmişdir. 2008-ci ilin may ayında Əli-Bayramlı şəhərinin adı dəyişdirilərək Şirvan adlandırılmışdır. Şəhərə həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri də aiddir. Azərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır. Şəhər ətrafından tapılmış arxeoloji nümunələr isə bu yerlərdə yaşayışın qədimdən mövcud olmasını sübut edir. Bakı şəhərindən cənub-qərbə avtomobil yolu ilə 120 km məsafədə, əsasən Şirvan düzündə, Kür çayının şərq sahilində yerləşir. Respublikanın cənub, cənub-qərb və şimal bölgələrinin birləşdirən avtomobil və dəmir yolları, Kür çayı vasitəsilə su yolu Şirvan şəhərindən keçir. Şəhər Sabirabad, Salyan və Hacıqabul rayonları ilə həmsərhəddir. Alman faşizminə qarşı müharibədə cəbhəyə getmiş 8600 nəfər həmyerlimizdən 7304 nəfəri geri qayıtmamışdır. Həmin dövrdə igidliklər göstərən Şirvan vətəndaşları orden və medallarla təltif olunmuş, 1 nəfər şəhər sakini isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.Qarabağ uğrunda gedən azadlıq savaşında isə şəhər gənclərindən 131 nəfər şəhid olmuşdur ki, onlardan 3 nəfəri ölümdən sora Milli Qəhrəman adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli 2800 nömrəli Sərəncamına əsasən Əli Bayramlı şəhəri Şirvan şəhəri adlandırılmış, Hacıqabul, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sərhədlərinin dəyişdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 447 saylı sərəncamına əsasən Şirvan şəhərinin ərazisi 30 km2-dən 72,7 km2 qədər genişləndirilmişdir.

Əhalisi

Şəhər əhalisinin sayı 01.01.2019-cu il tarixə 86.5 min nəfər, əhalinin sıxlığı isə 1 kv.km 1226 nəfərdir. Əhalinin 94.2% şəhərdə, 5.8% qəsəbələrdə yaşayır. Əhalinin ümumi sayından 49.0% kişilər, 51,0% qadınlar təşkil edir. Əhalinin 99,6% azərbaycanlılardan, 0.4% digər xalqların nümayəndələrindən ibarətdir. Şirvan şəhərinin əhalisi respublika əhalisinin 0.9%-i təşkil edir. Şəhərin tərkibində Hacıqəhrəmanlı (əhalisinin sayı 2123 nəfər) və Bayramlı (əhalisinin sayı 2363 nəfər) kimi iri yaşayış qəsəbələri vardır.

Coğrafi mövqeyi

Şirvan Bakı şəhərindən cənub qərbdə, əsasən Şirvan düzündə, Kür çayının şərq sahilində yerləşir. Respublikanın cənub, cənub-qərb və şimal bölgələrini birləşdirən avtomobil və dəmir yolu, Kür çayı vasitəsilə su yolu Şirvan şəhərindən keçir. Şəhər Sabirabad, Salyan, Hacıqabul rayonları ilə həmsərhəddir. Dəniz səviyyəsindən 7m. yüksəklikdə yerləşir. Faydalı qazıntılardan neft və qaz yataqları ilə zəngindir. Yarımsəhra düzənliklərdə əsasən yovşan, yulğun və digər ağaclar bitir. İqlimi quru olmaqla, mülayim qışı, isti yayı ilə fərqlənir. Torpağı şoran olmaqla, yeraltı suları nisbətən dayazdır və duzludur. Faydalı qazıntılarından ərazi neft və qaz məhsulları ilə zəngindir. Respublikanın başqa bölgələrinə nisbətən Şirvanın bitki və heyvanlar aləmi zəngin deyildir. Yarımsəhra düzənliklərində əsasən yovşan, Kür çayının sahillərində isə toğay meşələrində söyüd, yulğun və digər ağaclar var. Hazırda şəhər rəhbərliyin və sakinlərin zəhməti bahasına yaşıllığa qərq olmaqla, şəhəri iki yerə bölən kür çayı insanların istirahət yerinə çevrilib, onun ətrafındakı meşələr isə gözəl təbiət guşəsidir.1960-cı illərdə yeni yaşayış massivi «təzə şəhər»də yaşayış, sosial obyektlərin tikintisinin aparılması, geniş prospekt və küçələrin salınması, yaşıllaşdırma işləri, istifadəsiz torpaq sahələrində böyük bir istirahət parkının salınması şəhərin görkəminin kökündən dəyişməsinə səbəb olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şirvan şəhərinə səfərləri