Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

Şirvan şəhər Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin dərindən öyrənilməsi, tədqiqi, geniş təbliği məqsədi ilə fəaliyyət göstərir və ümummilli liderlə bağlı materialların əldə edilməsi, toplanılması, fondlarda qorunub saxlanılması və nümayiş olunmasını təmin edir. Heydər Əliyev meydanında yüksək memarlıq üslubunda tikilmiş Heydər Əliyev mərkəzinin inşasına 2008-ci ildə başlanılmış, açılışı 2010-cu il aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şirvan şəhərinə tarixi səfəri günündə olmuşdur. Mərkəzin açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev şirvanlıları təbrik edərək demişdi: “Gözəl mərkəzin açılışı münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Heydər Əliyev mərkəzinin binası doğurdan da çox gözəldi, həm xarici görünüşü gözəl, həm də daxili tərtibatı yüksək səviyyədədir”. Sonra mərkəzlə tanış olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz ürək sözlərini xatirə kitabına yazmışdı. Xatirə kitabında qeyd olunmuşdur: “Heydər Əliyev Mərkəzində nümayiş etdirilən fotoşəkillər və materiallar ulu öndərin həyat və fəaliyyətini əks etdirir. Bütün dövrlərdə Heydər Əliyev öz doğma xalqına sədaqətlə xidmət edirdi. 70-80-ci illərdə və müstəqillik dövründə Azərbaycanın inkişafı üçün böyük işlər görmüş Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi üçün əvəzsiz rol oynamışdır. Bu gün Azərbaycan onun qoyduğu yolla uğurla və inamla irəli gedir. Heydər Əliyev siyasəti yaşayır və əbədi yaşayacaqdır”.

Şirvan şəhər Heydər Əliyev Mərkəzi 1 mərtəbədən, 5 guşədən, tədbirlər keçirtmək üçün konfrans otağı, internet otağı və kitabxana fondundan ibarətdir. Ümumi sahəsi 450 m2, ekspozisiya sahəsi 365 m2-dir. Mərkəzdə ümumilli liderin həyat və fəaliyyəini əks etdirən 1132 eksponat əsas fonda keçirilib, bunların müəyyən bir qismi-fotoşəkillər, portretlər, rəsm əsərləri, ulu öndər haqqında yazılmış çoxcildli kitablar, sənədlər və s. müvafiq eksponatlar beş guşə üzrə xronoloji ardıcıllıqla nümayiş olunur. Bu eksponatlar təkcə Heydər Əliyev həyatı və fəaliyyəti ilə bağlı deyil, tariximizin bütöv bir dövrünü əhatə edir və Azərbaycanın müasir inkişafı haqqında dolğun və müfəssəl məlumat verir. Mərkəzə daxil olan tamaşaçılar ilk olaraq ulu öndər Heydər Əliyevin qranitdən qoyulmuş büstünü ziyarət edir. Sonra Mərkəzin foyesinə xüsusi gözəllik verən ümummilli liderin və xanımı akademik Zərifə xanım Əliyevanın, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, onun xanımı Mehriban Əliyevanın tunc heykəlləri ilə tanış olurlar. Bu heykəllərin müəllifi Azərbaycanın əməkdar rəssamı Sirus Mirzəzadədir. Mərkəzdə, həmçinin ümummilli lider Heydər Əliyevin 4 oktyabr 1998-ci ildə Şirvan şəhərinə səfərini əks etdirən fotolar da yer almışdır. Mərkəzə gələn hər bir tamaşaçı üçün ( istər fərdi, istərsə də qrup şəklində olsun) ekskursiya təşkil olunur, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin siyasi irsi və dövlətçilik təcrübəsi barəsində ətraflı məlumat verilir, eyni zamanda tamaşaçılara Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən yüksək sosial-iqtisadi inkişaf, quruculuq, ölkə Prezidentinin daxili və xarici siyasəti, onun gördüyü misilsiz xidmətlər dolğun şəkildə çatdırılır. Sonda gələn qonaqlara xatirə kitabı təqdim olunur və öz dəyərli fikirlərini qeyd edirlər. Heydər Əliyev irsi azərbaycançılıqla bağlıdır. Buna görə mərkəzin fəaliyyətində azərbaycançılıq ideologiyasının öyrənilməsinə, təbliğinə geniş yer verilir.