Heydər Əliyev və Şəmkir

Heydər Əliyev və Şəmkir

Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə ( 1969-1982 və 1993-2003-cü illər) ölkənin regionlarının inkişafına xüsusi qayğı göstərmişdir. Bu qayğının nəticəsi idi ki, Şəmkir rayonu da bu dövrdə Azərbaycanın inkişaf etmiş bölgələrindən birinə çevrildi. Rayon respublikanın aqrar-sənaye mərkəzlərindən biri kimi şöhrət qazandı. Şəmkir 1970-ci ildə pambıq istehsalı planını respublikada birinci olaraq yerinə yetirməyə nail oldu. 1981-ci ildə taxıl istehsalı 11 213, pambıq istehsalı 42 870, üzüm istehsalı 82 176 tona yüksəlmiş, 20 –dən çox yeni heyvandarlıq kompleksi tikilmişdir. Şəmkir silsiləsinə daxil olan Şəmkir SES və Yenikənd SES-lərin tikilməsi və istifadəyə verilməsi Heydər Əliyev siyasətinin nəticəsi idi.

Heydər Əliyevi böyük dövlət xadimi və vətənpərvər insan kimi səciyyələndirən ən önəmli xüsusiyyətlərdən biri ondan ibarətdir ki, o daim respublikanın bütün rayonlarına səfərlər edir, problemlər və onların həlli ilə yerindəcə məşğul olurdu.

Ulu öndər Azərbaycana birinci rəhbərliyi zamanı (1969-1982) Şəmkirə də iki dəfə səfər etmişdir. Heydər Əliyev 1972-ci ildəki birinci səfərində Şəmkir SES-in təməlqoyma mərasimində iştirak etmişdir. 1979-cu ildə isə tikintinin gedişinə nəzarət etmək üçün ikinci dəfə Şəmkirə səfəri olmuşdur. Lakin Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra onun Azərbaycan üçün həyati əhəmiyyətə malik olan bir sıra layihələri kimi Şəmkirdə nəzərdə tutulan işlər də demək olar ki, dayandırıldı.

Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanın bütün bölgələrinin, o cümlədən Şəmkirin həyatında yeni tərəqqi və yüksəliş başladı. Heydər Əliyev respublikaya ikinci rəhbərliyi dövründə ( 1993-2003) 1998-ci ilin oktyabrında Şəmkirə yeni səfər etdi. Bu səfər zamanı həm ötən dövrlərə obyektiv qiymət vermiş, həm də yeni tarixi şəraiti hərtərəfli qiymətləndirmişdir.

Heydər Əliyev 2000-ci ilin may ayında Şəmkirə daha bir səfər etmişdir. Bu tarixi səfər zamanı Heydər Əliyev Şəmkirdə Yenikənd Su-Elektrik Stansiyasının açılış mərasimində iştirak etmişdir.

Heydər Əliyevin Şəmkirə qayğısı öz bəhrəsini vermiş, Azərbaycanın bu qədim və tarixi bölgəsi ölkənin ən inkişaf etmiş bölgələrindən birinə çevrilmişdir.