Ermənistan təcavüzünün nəticələri

Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 4011 nəfər itkin düşmüşdür. Torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə Şəmkirdən olan hərbi xidmətə yollanmış əsgərlər də qəhrəmancasına döyüşərək həlak olmuşlar.

Şəmkir şəhidləri:

İsgəndər Aznaurov

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.İsgəndər Aznaurov 16 avqust, 1956-cı ildə Özbəkistan Respublikası Buxara vilayətində dünyaya gəlmişdir. Əslən axısxa türküdür. 1963-cü ildə burada məktəbə getmiş 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olmuşdur. 1983-cü ildə ali təhsilini başa vurur.1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra İsgəndər də yüzminlərlə axısxalı kimi oranı tərk etməyə məcbur olmuş və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür. O, burada cihazqayırma zavodunda çalışıb.

Zaur Hacı oğlu Abbasov

1974-ci ildə Şəmkirin Dəllər qəsəbəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən az sonra Miili Ordu sıralarında hərbi xidmətə başlamışdır. 1993-cü ilin əvvəllərində Qubadlının Ermənistanla sərhəd bölgələrində torpaqlarımızın müdafiəsində dayanmışdır. Qubadlının Xəndan kəndi uğrundakı amansız döyüşdə yaralansa da səngəri tərk etməmiş,son nəfəsinədək döyüşmüşdür. Dəllər qəsəbəsindəki orta məktəbə şəhid Zaur Abbasovun adı verilmişdir.

Natiq Şamil oğlu Abbasov

1971-ci il aprelin 3-də Seyfəli kəndində anadan olmuşdur. 1988-ci ildə orta məktəbi bitirdikdən sonra üzümçülük sovxozunda fəhlə işləmişdir. 1990-cı ildə Kostroma vilayətində qulluq etmişdir. Erməni işğalçılarının sorağını alan kimi vətənə qayıtmış, könüllü olaraq cəbhəyə yollanmışdır. Laçın,Kəlbəcər,Cəbrayıl rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Sonra Gədəbəy cəbhəsinə göndərilmiş, müxtəlif döyüş tapşırıqlarını yerinə yetirmişdir. 1993-cü il aprelin 28-də düşmən arxasına kəşfiyyata gedərkən qəhrəmancasına həlak olmuşdur.

Elbəyi Zeynal oğlu Qasımov

1954-cü ildə Şəmkirin Muxtariyyə kəndində anadan olmuşdu.Ali təhsilli mütəxəssis,ehtiyatda olan zabit idi. Cəbhəyə gedənədək elektrik mühəndisi işləyirdi. Gözəl ailə başçısı,qayğıkeş ata idi. 1993-cü ildə Beyləqan rayonunun döyüş zonasına getmişdir. Orada bir neçə təhlükəli əməliyyatın uğurla həyata keçirilməsində fərqlənmişdir. 1994-cü ildə Beyləqan şirə zavoduna düşən “Qrad” paketinin qəlpə yarasından həlak olmuşdur.

Elxan Bəbir oğlu Qurbanov 1962-ci ildə rayonun Dəllər-Cəyir kəndində anadan olmuşdur. 1980-1982-ci illərdə ordu sıralarında qulluq etmişdir. Azərbaycan Politexnik İnsititutunu bitirdikdən sonra Bakı Neftayırma Zavodunda növbə rəisi işləmişdir. Müharibənin törətdiyi faciələrə biganə qala bilməmiş,qeyrətli vətən oğulları sırasında cəbhəyə yollanmışdır. Tərtər bölgəsində döyüşlərdə yaxından iştirak edərək qəhrəmanlıq nümunəsi göstərmişdir.1993-cü il mayın 3-də Tərtər uğrunda gedən döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur. Evli idi,iki qızı var.

Səyyar Bayram oğlu Dəmirov Şəmkirin Könüllü kəndinin sakini Səyyar 1992-ci ilin avqustunda,21 yaşında cəbhəyə yola düşmüşdür. Orta təhsilini başa vurduqdan sonra bir müddət toxucuların mədəniyyət evində işləmişdir. Vətənin sıravi əsgərlərindən biri olan Səyyar Gədəbəyin Şınıx zonasında döyüşmüşdür. “Şınıx bütün Goranboy və Gəncəbasar ərazisinin açarıdır” – deyən Səyyar hər bir döyüşdə igidliyi ilə seçilirdi. 1993-cü il aprelin 25-də İvanovka kəndi yaxınlığında gedən döyüşdə güllə yuxarasından əbədiyyətə qovuşmuşdur.

Elman Rəsul oğlu Ələkbərov 1975-ci ildə Seyfəli kəndində adi kəndli ailəsində anadan olmuşdur. 1991-ci ildə Mollaəhmədli kənd orta məktəbini bitirmişdir. Sonra texniki peşə məktəbində oxumuş və burada sürücülük peşəsinə də yiyələnmişdir. 1993-cü ildə hərbi xidmətə çağırılmışdır.Təxminən bir il davam edən döyüş yolu Füzuli və Tərtər cəbhələrindən keçmiş, xidmət vəsiqəsinə yaddaqalan sətirlər yazılmışdır. 1994-cü il may ayının 26-da Tərtər döyüşlərində qəhrəmancasına həlak olmuşdur.

Əhəd Mayıl oğlu Ələsov Gədəbəyin Arıxdam kəndində anadan olmuşdur. 1985-ci ildən Şəmkirə köçmüş, burada komunal müəssisələri kombinatında fəhlə işləmişdir. 1993-cü ilin oktyabrında könüllü olaraq cəbhəyə yola düşmüşdür. Əsasən Kəlbəcər bölgəsində döyüşmüşdür. 1994-cü il fevralın 13-də döyüş meydanında həlak olmuşdur. Evli idi. İki azyaşlı uşağı var.

Əbülfət Avtandil oğlu Əliyev 1971-ci il oktyabrın 12-də Şəmkirin Qapanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra İ.Məmmədov adına sovxozda fəhlə işləmişdir. Vətənin ağır günündə könüllü şəkildə ordu sıralarına daxil olaraq ön cəbhəyə - Kəlbəcər bölgəsinə yola düşmüşdür. Sərrast atıcı olan Əbülfət düşmənə qan uddurdu. Dəfələrlə qumbaraatanla düşmən mövqelərini dağıdaraq onları ağır təlafata uğradırdı. Cəsarəti və igidliyi sayəsində əsgər yoldaşları arasında böyük nüfuz qazanmışdır. 1994-cü il martın 18-də Murov dağında gedən qeyri-bərabər döyüşdə snayper gülləsindən şəhid olmuşdur.

Habil Həsən oğlu Əliyev 1969-cu ildə Şəmkirin Daşbulaq kəndində anadan olmuşdur. Zəhmətkeş,vətənpərvər insan olan Habil TMK-da dispetçer işləyirdi. Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1993-cü ilin əvvəlində ərizə yazaraq könüllü cəbhəyə yollanmışdır. Habil Tərtər – Ağdərə bölgəsinin Madakis kəndi yaxınlığında amansız döyüşlərin iştirakçısı olmuşdur. Belə döyüşlərin birində aldığı qəlpə yarasından şəhidliyə qovuşmuşdur. Ailəli idi, bir oğlu var. Yaşadığı binanın qabağında şəhidin adına bulaq tikilib Şəmkirdəki 2 nömrəli uşaq bağçasına da Habil Əliyevin adı verilib.

Tahir Ələddin oğlu Əliyev 1973-cü ilin oktyabrında Dəllər-Cırdaxan kəndində anadan olmuşdur. Qaranüy kənd orta məktəbini bitirdikdən sonra texniki peşə məktəbində təhsilini davam etdirmişdir. 1992-ci ildə rayon hərbi komissarlığı tərəfindən Fizuli bölgəsinin müdafiəsinə göndərilmişdir. Komandirlərinin döyüş tapşırıqlarını sözsüz yerinə yetirən Tahir 1992-ci il oktyabrın 30-da Füzuli cəbhəsində qəhrəmancasına həlak olmuşdur.

Afiq Eyvaz oğlu Əsədov 1970-ci ildə Qaracəmirli kəndində anadan olmuşdur. Orta təhsil aldıqdan sonra Kurqan vilayətindəki hərbi məktəbdə oxumuşdur. 1991-ci ildən isə Milli Ordunun sıralarında xidmətə başlayıb. Afiq Gədəbəy bölgəsində ermənilərin quldur yuvasına çevrilmiş Başkəndin düşmənlərdən təmizlənməsində fəal iştirak edib və yaralanıb. Bir müddət müalicə olunduqdan sonra hərbi xidmətini Ağdərə bölgəsində davam etdirmişdir. 1993-cü il fevralın 14-də döyüşlərin birində həlak olmuşdur. Qaracəmirli kənd orta məktəbi indi igid döyüşçünün adını daşıyır.

Elşən Fərman oğlu Əsgərov 1973-cü ildə Şəmkirin Koltəhnəli kəndində anadan olmuş,oradakı məktəbdə orta təhsil almışdır. Kamal attestatını alandan bir qədər sonra həqiqi hərbi xidmətə yola düşmüşdür. Sıravi əsgər Elşən Əsgərov iki aylıq hərbi təlimdən sonra Ağdərə bölgəsində döyüşmək arzusunda olduğunu bildirmişdir.Bir neçə döyüşdə igidliyi ilə fərqlənmişdir. Aterk kəndi uğrunda döyüşdə mina sahəsinə düşərək şəhid olmuşdur.

Yaşar Rəfi oğlu Əsgərov 1973-cü ildə Şəmkirin Koltəhnəli kəndində anadan olmuş,orta təhsil almışdır. Az sonra həqiqi hərbi xidmətə yola düşmüş, qısamüddətli təlim keçdikdən sonra Ağdərə bölgəsinə göndərilmişdir. Üç ay ərzində Ağdərənin kəndlərinin müdafiəsi uğrunda ağır döyüşlərdə iştirak etmiş,Aterk kəndi yaxınlığında güllə yarasından şəhidliyə qovuşmuşdur. Təhsil aldığı Koltəhnəli kənd orta məktəbinə Yaşar Əsgərovun adı verilmişdir.

Ədalət Nürəddin oğlu Zeynalov 19 yaşında həqiqi hərbi xidmətə çağırılan Ədalət Ağdam rayonunun erməni işğalçılarından müdafiə edilməsində iştirak etmişdir. 11 illik orta təhsili başa vurduqdan sonra ali məktəbə daxil olmağa hazırlaşmışdır. Lakin Qarabağda torpaqlarımızın işğaldan təmizlənməsini daha vacib borc bilib cəbhə xəttinə yollandı.

Xaqani Məhərrəm oğlu İbrahimli İki övlad atası olan Xaqani gənclik çağlarından cəsarət və mərdliyi ilə fərqlənirdi. Sovet ordusu sıralarında hərbi xidmətini Əfqanıstanda- müharibə alovunda keçirmişdi. Şəmkirdə Əfqanıstan veteranları cəmiyyətinin sədri idi. 1992-ci ildə Vətənimizin ağır günlərində 30 yaşlı Xaqani yenidən silaha sarılaraq Şuşanın müdafiəsində dayanıb.Qısa müddətdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını sıradan çıxarıb Şuşanın işğalı zamanı son nəfəsinədək döyüşərək şəhid olmuşdur. Şəmkirlilər onun xatirəsini əziz tuturlar.Yaşadığı küçə və şəhər istirahət parkı onun adını daşıyır. Xatirəsinə bulaq tikilmişdir.

Eldəniz Həsən oğlu İsgəndərov Eldəniz əbədiyyətə qovuşanda 21 yaşı tamam olmamışdı. 1991-ci ilin dekabrında dağılmış sovet ordusundan Şəmkirin [[Muxtariyyə kəndinə gəlmişdir. Xocalı faciəsi barədə eşidən kimi hərbi komisarlığa müraciət edib cəbhə xəttinə göndərilməsini xahiş etmişdir. Könüllü olaraq boya-başa çatdığı Gədəbəy bölgəsinə gəlib Qızılqaya istiqamətində döyüşmüşdür. Başkəndin erməni quldurlarından təmizlənməsində igidlik göstərmişdir. Kəşfiyyat əməliyyatı zamanı mina sahəsinə düşərək ağır yaralanmış,bir neçə gündən sonra həlak olmuşdur.

Aqil Ənvər oğlu İsmayılov 1968-ci ildə rayonun Dəllər – Cırdaxan kəndində anadan olmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra texniki peşə məktəbində təhsilini davam etdirmişdir. 1986-cı ildə orduya çağrılmış, Penza vilayətində hərbi qulluqda olmuşdur. Ordudan tərxis olunduqdan sonra yenicə təşəkkül tapan Azərbaycan Milli ordusu sıralarına yazılaraq Vətənin müdafiəsinə yollanmışdır.1994-cü il iyulun 4-də Gədəbəy rayonun Qalakənd kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Evli idi. Bir qızı var.

Eldəniz Lətif oğlu İsmayılov 1960-cı il dekabrın 27-də Təzəkənd kəndində anadan olmuşdur. Orta məktəbi qurtadıqdan sonra ali təhsil almışdır. Müharibəyə gedənə qədər S.Vurğun adına kənd orta məktəbində müəllim işləmişdir. 1992-ci ilin payızında rayon hərbi komisarlığı tərəfindən səfərbərliyə alınmış və cəbhəyə göndərilmişdir. 1993-cü il fevralın 7-də leytenant E. İsmayılov Ağdərə rayonun Çıldıran yüksəkliyi ətrafında gedən döyüşdə itgin düşmüşdür.

Rövşən Qəzənfər oğlu İsmayılov 1974-cü ildə anadan olmuşdur. Plankənd kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra V.Xuluflu adına sovxozda fəhlə işləyirdi. Milli Orduya həqiqi hərbi xidmətə çağrılanda Keçili kəndində yaşayırdı. Cəbhədə intizam və şücaətilə fərqləndiyinə görə ona vzvod komandiri vəzifəsi etibar edilmişdi. Füzuli rayonu,Horadiz və Şişqaya mövqelərində döyüşmüşdür. İlk dəfə Füzuli rayonu ərazisində yaralanıb. Dörd ay müalicədən sonra yenidən Şişqaya bölgəsinə qayıdıb. İkinci dəfə qarın nahiyəsindən yaralanaraq şəhidliyə qovuşmuşdur.

Etiraf Hidayət oğlu Yusifov 1967-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnsititutuna daxil olmuşdur. Sevib seçdiyi peşəyə yiyələndikdən sonra adamların sağlamlığı keşiyində dayanmaq istəyirdi. Lakin erməni işğalçılarının törətdikləri vəhşiliklər onu cəbhəyə getməyə, tökülən qanların intiqamını almağa sövq etdi. 1992-ci ildə ərizə yazaraq könüllü surətdə cəbhəyə yollandı. Tərtər bölgəsində onu tibb məntəqəsinin rəisi təyin etdilər. Yaralı döyüşçüləri döyüş meydanından çıxararkən qəhrəmancasına həlak oldu.

Pənah Dilən oğlu Mehpalıyev 1961-ci il fevralın 20-də Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olmuşdur. Orta məktəbdə təhsilini başa vurduqdan sonra müharibəyə qədər H.Aslanov adına sovxozda briqadir işləmişdir. Erməni qəsbkarlarının təcavüzü onun da dincliyinə son qoymuş, düşmənlərlə vuruşmağa sövq etmişdir. 1992-ci ilin qışında cəbhəyə yollanmış,Ağdərə rayonu uğrunda gedən döyüşlərdə düşmənə qarşı amansızlıqla vuruşmuşdur. 1993-cü il iyunun 16-da Ağdərənin müdafiəsi zamanı qəhrəmancasına həlak olmuşdur.

Arif Teymur oğlu Məmmədov 1970-ci il iyul ayının 5-də Təzəkənd kəndində anadan olmuşdur. Orta məktəbi qurtaqdıqdan sonra təhsilini davam etdirmək milis sistemində çalışmağa başlamışdır. Müharibəyə qədər rayon daxili işlər şöbəsində milis serjantı işləmişdir. Erməni qəspkarları torpaqlarımızı işğal edəndə silaha sarılıb könüllü olaraq cəbhəyə yollanmışdır. Goranboy rayonun Şəfəq, Buzluq, Toğan kəndlərinin müdafiəsində iştirak etmişdir. 1991-ci il oktyabr ayının 7-də Şəfəq kəndinin müdafiəsi zanamı həlak olmuşdur.

Vüqar Bayram oğlu Məmmədov 1971-ci il iyunun 7-də rayonun Yeni həyat kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra iki illik hərbi xidmət keçmişdir. Tərxis olduqdan sonra yenidən cəbhəyə yollanmışdır. 1992-ci ilin yayından Ağdərə bölgəsinin Sırxavənd,Çıldıran cəbhələrində döyüşmüşdür. 1992-ci ilin dekabrında Çıldıran uğrunda gedən döyüşlərdə üç erməni postunu dağıdaraq təkbaşına 20-yə qədər düşmən əsgərini öldürmüş, özüdə bu döyüşdə qəhrəmancasına həlak olmuşdur.

Mirzə Qara oğlu Məmmədov 1973-cü ilin avqustunda Dəllər-Cəyir kəndində anadan olmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra təhsilini texniki peşə məktəbində davam etdirmişdir. 1992-ci ildə rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Füzuli rayon uğrunda gedən döyüşlərin bir çoxunda yaxından iştirak edib, düşmənlərə qarşı amansızlıqla mübarizə aparmışdır. Cəmi beş ay vuruşduqdan sonra novbəti əməliyyatların birində 1992-ci il oktyabrın 28-də mina partlayışı zamanı şəhid olmuşdur.

Nəsimi Teymur oğlu Məmmədov 1974-cü ildə Şəmkirin Könüllü kəndində anadan olmuş, 1992-ci ilin mayında həqiqi hərbi xidmətə çağırılmış və öz xahişi ilə Laçın bölgəsinə göndərilmişdir. “Təki vətən yaşasın” deyə özünü oda-alova atan Nəsimi hər bir döyüşdən üzüağ çıxır, komandirlərin etibarını doğruldurdu. 1992-ci il dekabrın 2-də gedən amansız döyüşdə isə qəfil güllə onun cavanlığına qıydı,arzularının həyata keçməsinə,çiçəklənməsinə aman vermədi.

Sərdar Həsən oğlu Məmmədov 1973-cü il dekabr ayında Zəyəm- Cırdaxan kəndində doğulmuşdur. Orta məktəbi qurtardıqdan sonra 1992-ci ildən hərbi xidmətə başlamışdır. Əvvəlcə Sumqayıt şəhərində, sonra isə Qusar rayonunda təlim keçərək döyüşə yollanmışdır. Düşmən Laçın rayonuna hücum edərkən qulluq etdiyi hərbi hissənin tərkibində oraya göndərilmişdir. 1992-ci ildə Güləbird kəndində qəhrəmancasına həlak olmuşdur.

Rizvan İdris oğlu Məmmədov 1966-cı il yanvarın 10-da Dəllər- Cırdaxan kəndində anadan olmuşdur. 1984-cü ildə hərbi xidmətə çağırılmış, Xarkov şəhərində hərbi məktəbə təyinat almışdır. Məktəbi leytenant rütbəsi ilə bitirdikdən sonra bir müddət Dnepropetrovsk şəhərində hərbi hissədə işləmişdir. Azərbaycan Milli Ordusunun yaranması ilə əlaqədar Vətənə qayıtmış, Dəllər batalyonunda döyüşmüşdür. Hərbi bilik bə bacarığına, Başkənd uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə kapitan rütbəsinə layiq görülmüşdür. 1992-ci il avqustun 15-də Gədəbəyin Şınıx bölgəsində gedən şiddətli döyüşdə qəhrəmancasına həlak olmuşdur.

Fərrux Mayıl oğlu Məmmədov 1970-ci il mayın 20-də Dəllər- Cırdaxan kəndində anadan olmuşdur. 1987-ci ildə kənd orta məktəbini bitirdikdən sonra C.Cabbarlı adına sovxozda fəhlə işləmişdir. 1988-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, iki il sonra tərxis olunmuşdur. Bir müddət Dəllər avtonəqliyyat birliyində çilingər işləmişdir. Vətənin ağır günlərində oğulluq borcunu ödəmək üçün cəbhəyə yollanmışdır. Gədəbəyin Şınıx cəbhəsində vuruşmuş, cəmi iki ay döyüşdükdən sonra – 1992-ci il avqustun 30-da qəhrəmancasına həlak olmuşdur.

Həsən Ələkbər oğlu Məmmədov 1971-ci il iyunun 20-də Çinarlı qəsəbəsində doğulmuşdur. Orta məktəbi başa vurduqdan sonra iki illik həqiqi hərbi xidmətdə olmuşdur. Torpaqlarımızda gedən elan olunmamış müharibədə ermənilərin törətdikləri vəhşiliklər onu rahat buraxmamış, könüllü olaraq cəbhəyə getmişdir. 1992-ci ilin payızından Gədəbəy rayonu uğrunda gedən döyüşlərdə işdirak edərək öz hünər və döyüş bacarığını nümayiş etdirmişdir. 1993-cü il aprelin 8-də qəhrəmancasına həlak olmuşdur.

Qalib Rəhim oğlu Mirzəməmmədov 1969-cu ildə Şəmkir rayonun Morul kəndində anadan olmuşdur. Sovet ordusu sıralarında hərbi xidmət keçdikdən sonra doğma torpağa qayıtmış, təsərrüfat işlərində çalışmışdır. 1993-cü ilin sentyabrında Vətənin müdafiəsində dayanmaq üçün könüllü cəbhəyə yollanmışdır. Füzuli bölgəsində gedən döyüşlərin birində ağır yaralanmış, xəstəxanada vəfat etmişdir. Şəhidin yaşadığı evin qarşısında adına bulaq tikilmişdir.

Oleq Stanislavobiç Miroşniçenko 1969-xu il yanvarın 20-də Şəmkir şəhərində anadan olmuşdur. Oleq peşəkar hərbiçi, zabit idi, Leninqratda komandirlər məktəbini bitirmişdi. Vətənin ağır günlərində Şəmkirə qayıdıb könüllü olaraq cəbhə xəttinə yola düşmüşdür. Əsasən Kəlbəcər bölgəsində döyüşmüşdür. Onun rəhbərlik etdiyi kəşfiyyat əməliyyatları zamanı düşmənə dəfələrlə ağır zərbələr endirilmiş, canlı qüvvəsi və texnikası məhf edilmişdir. Vertolyotla əməliyyatı yerinə yetirərkən vurulmuşdur.

Aqil Ənvər oğlu Mürşüdov 1972-ci il martın 17-də rayonun Çinarlı qəsəbəsində anadan olmuşdur. Ordu sıralarında həqiqi hərbi xidmətdən sonra yenidən rayon hərbi komissarlığı tərəfindən səfərbərliyə alınmışdır. 1992-ci ilin avqustunda Gədəbəyin Şınıx zonasının erməni qəsbkarlarından qorunmasında yaxından iştirak etmiş, öz canı bahasına vətənin bu guşəsini düşməndən müdafiə etmişdir. 1993-cü ilin yanvarında Şınıx cəbhəsində aldığı yaradan şəhid olmuşdur. Atası rayon suvarma sistemləri idarəsində mühəndis işləyir, anası müəllimədir. Çinarlı qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır.

Suliddin İsmayıl oğlu Məmmədov 1966-cı ildə Seyfəli kəndində adi kəndli ailəsində ahadan olmuşdur. 1983-cü ildə Mehirli kənd orta məktəbini bitirmişdir.Bir çox yaşıdları kimi qurub yaratmaq arzusu ilə yaşadığı bir dövürdə zorla müharibəyə cəlb edilmiş Azərbaycan ərazi bütövlüyünü qorumaq üçün cəbhəyə yollanmışdır.Gədəbəy rayonu uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişdir. 1992-ci ilin avqustunda Gədəbəy cəbhəsində qəhrəmancasına həlak olmuşdur.

Zakir Atakişi oğlu Namazov 1958-ci ildə Şəmkirin Könüllü kəndində anadan olan Zakir, cəbhə xəttinə də könüllü getmişdir. Bundan əvvəl sovet ordusu sıralarında xidmət etdiyindən hərbi texnika barədə kifayət qədər təsəvvürü var idi. 1991-ci ildə Ağdərə bölgəsində döyüşən Z.Namazova tezliklə bölmə komandiri vəzifəsi etibar edilir və o, hər bir döyüşdə şücaəti ilə hamıya nümunə göstərir. 1993-cü il dekabrın 24-də Çıldıran yüksəkliyində gedən qanlı döyüşdə qahrəmanlıqla həlak olur. Ailəli idi, oğlu və qızı var.

Mübariz İdris oğlu Namazov 1971 ci ildə rayon Dəllər-Cırdaxan kəndində anadan olmuşdur. Qaranüy kənd orta məktəbini bitirdikdən sonra texniki peşə məktəbinə daxil olmuşdur. 1989-cu ildə ordu sıralarına çağırılmış və Arxangelsk vilayətində hərbi qulluqda olmuşdur. Ordudan tərxis olunduqdan sonra vətənə qayıtmış, bu dəfə doğma torpaqlarımızın bütövlüyünü qorumaq üçün cəbhəyə yollanmışdır. Döyüş yolu Füzuli bölgəsində başlamış, elə orada da sona yetmişdir. 1993-cü il yanvarın 5-də Füzuli uğrunda gedən döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur.

Nəsir Məsmalı oğlu Nəsirov 1973-cü ilin dekabrında Ermənistanın Basarkeçər rayonunun Babacan kəndində anadan olmuşdur. Orta təhsilini Şəmkir rayonun Ələsgərli kəndindəki orta məktəbdə almışdır. 1992-ci ildə rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. Erməni qəsbkarlarına qarşı ilk döyüşü Laçın rayonunda olmuşdur. Sonra Murovdağ istiqamətində döyüşmüşdür. Murovdağ uğrunda gedən döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur. Vaxtilə oxuduğu Ələsgərli kənd orta məktəbi hazırda onun adını daşıyır. Evli idi. Bir övladı var.

Fidayıl Qafar oğlu Ocaqverdiyev 1969-cu ildə Şəmkir şəhərində anadan olmuşdur. 1992-ci ilin noyabrında könüllü olaraq cəbhə xəttinə yollanmışdır. Fidayılın döyöş yolu Gədəbəyin Mutudərə kəndində başlamış, oradada sona yetmişdir. Əsgər yoldaşlarının dediyi kimi, ən çətin vəziyyətlərdə qətiyyətli hərəkətləri ilə düşməni çaş-baş salardı. Mutudərədə gedən döyüşlərin birində igidliklə həlak olmuşdur.

Arzuman Aslan oğlu Pirverdiyev 1971-ci ildə Dəllər qəsəbəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra bir müddət sovxozda fəhlə işləmiş, sonra könüllü olaraq cəbhə xəttinə yola düşmüşdür. 1992-ci ildə Papravənd və Fərrux kəndləri uğrunda dəfələrlə qanlı döyüşlərdə iştirak etmişdir. İgidliyi sayəsində düşmənin iyirmidən çox əsgərini məhf etmişdir. 1993-cü ildə Ağdam şəhərinin müdafiəsi zamanı mina sahəsinə düşərək əbədiyyətə qovuşmuşdur.

Rizvan Məhərrəm oğlu Pirnəzərov 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Gölkənd kəndində anadan olmuş, orta məktəbi bitirdikdən sonra təhsilini Donetsk Ali Hərbi Siyasi Məktəbində davam etdirmişdit. 1984-cü ildən Əfqanıstan müharibəsinin od-alovundan keçmiş, “Qırmızı ulduz” ordeninə, müxtəlif medallara layiq görülmüşdür. 1986-90-cı illərdə Pribaltika hərbi dairəsində xidmət etmiş, 20 yanvar faciəsindən sonra Gəncəyə gələrək oradan Şınıx bölgəsinə yollanmışdır. Başkəndin erməni quldurlarından təmizlənməsində sərkərdəlik məharətini göstərmiş, elə orada qəlpə yarasından şəhid olmuşdur. Ailəli idi. İki qızı var.

Eldar Həsən oğlu Rəhimov 1968-ci ildə Şəmkir şəhərində anadan olmuş, orada da orta təhsilini başa vurmuşdur. İncəsənət vurğunu olan Eldar uzun müddət Şəmkirdəki məişət xidməti idarəsinin fotoatelyesində işləmişdir. Sovet ordusu sıralarında hərbi xidmət keçən Eldar Vətənin ağır günlərində qaynar nöqtədə olmağı müqəddəs borc bilirdi. 1993-cü ilin oktyabrında erməni işğalçılarına qarşı döyüşmək üçün Kəlbəcər bölgəsinə yola düşmüşdür. Lev kəndi uğrunda döyüşlərin birində həlak olmuşdur. Şəmkirdə Eldarın adına bulaq tikilmişdir.

Qiyas Allahverdi oğlu Rzayev 1960-cı ilin oktyabrında Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirmiş, 1980-1982-ci illərdə keçmiş Sovet ordusunda xidmət etmişdir. Ordudan tərxis olunduqdan sonra Azərbaycan Dövlət Universitetinin(indiki Bakı Dövlət Universiteti) Coğrafiya fakultəsini bitirmişdir. 1988-ci ildə ermənilər tərəfindən öz dədə-baba torpaqlarından qovularaq Şəmkir rayonuna pənah gətirmiş, Aşağı Çaykənd orta məktəbində müəllim işləmişdir. 1994-cü ilin aprel ayında cəbhəyə yollanmışdır. 1994-cü il mayın 6-da Tərtər rayonun Nəcməddinbəyli kəndinin müdafiəsi zamanı şəhid olmuşdur. Evli idi. İki övladı var.

Bəhlul Bəhram oğlu Rüstəmov 1956-cı ilin avqustunda Dəllər-Cəyir kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirdikdən sonra Təzəkənd kənd orta məktəbində tarix müəllimi işləmişdir. Sonralar Dəllər-Cəyir sovxozunda partiya təşkilatı katibi, həmkarlar təşkilatının sədri vəzifələrində çalışmışdır.1992-ci ilin yayında rayon hərbi komissarlığı tərəfindən zabit kimi vətənin müdafiəsinə çağırılmışdır. Ağdam cəbhəsindəki döyüşlərdə fərqlənmişdir. 1992-ci il oktyabrın 28-də Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə ağır yaralanmış və bu yaradan şəhid olmuşdur. Evli idi. Bir oğlu var.

Cahangir İsgəndər oğlu Rüstəmov Çoxlarının “Dəmir polkovnik” adlandırdığı Cahangir Rüstəmov Gədəbəy cəbhə bölgəsinin baş komandanı olmuşdur. Erməni işğalçılarının torpaq iddiaları başlandığı gündən son nəfəsinədək qaynar nöqtələrdə olmuşdur. Başkənd əməliyyatını hazırlayan və həyata keçirənlərdən biridir. Ümumiyyətlə bütün Gədəbəy zonasında möhkəm müdafiə istehkamları yaratmağa nail olmuşdur. Onun rəhbərliyi ilə düşmən ağır təlafatlara uğradılmışdır. 1994-cü il martın 28-də maşında mina partladılması nəticəsində həlak olmuşdur. Cəbhədəki misilsiz xidmətlərinə görə dəfələrlə orden və medallarla təltif olunmuşdur.

Suliddin Əmirxan oğlu Sadıqov 1968-ci il iyunun 31-də rayonun Çaparlı kəndində anadan olmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra İnşaat Mühəndisləri İnstutunua qəbul olmuşdur. Müharibə başladıqdan sonra tələbə ikən hərbi biliyini artırmaq üçün Türkiyə Respublikasına hərbi hazırlıq kursuna getmiş, qayıtdıqdan sonra Milli Orduda taqım komandiri kimi fəaliyyətə başlamışdır. Ağdərə rayonu uğrunda vuruşmaların iştirakçısı olmuşdur. 1993-cü ilin sentyabrında Ağdamın Cəvahirli kəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Vaxtilə oxuduğu Çaparlı kənd orta məktəbi indi onun adını daşıyır.

İlqar İsmayıl oğlu Seyfi 1972-ci il mayın 18-də Yeni həyat kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra iki illik hərbi xidmətə çağırılmışdır. Müharibənin törətdiyi faciələrə biganə qala bilməmiş, torpaqlarımızı düşməndən azad etmək üçün könüllü olaraq cəbhəyə getmişdir. Döyüş yolu 1992-ci ilin yayında Gədəbəyin Şınıx cəbhəsində başlamış,elə oradaca sona yetmişdir. Cəmi altı ay vuruşsa da öz hünəri, qorxmazlığı ilə tanınmışdır. 1993-cü il yanvarın 1-də qəhrəmancasına həlak olmuşdur. Yeni həyat kəndində onun adını daşıyan küçə vardır.

Natiq Kamal oğlu Süleymanov 1961-ci il noyabrın 1-də rayonun Çinarlı qəsəbəsində anadan olmuşdur. Ordu sıralarından tərxis olunduqdan sonra müxtəlif sahələrdə işləmişdir. Müharibə başlayanda cəbhəyə yollanmışdır. Cəbrayıl, Şuşa, Laçın, Qubadlı,Ağdərə rayonları uğrunda gedən döyüşlərdə xüsusi fəallıq göstərmişdir. Baş leytenant rütbəsi ilə kəşfiyyət dəstəsinin komandiri olmuşdur. Beş erməni döyüşçüsünü əsir götürmüşdür. Cəbrayıl rayonundakı Şişdağ yüksəkliyi uğrunda vuruşarkən iki düşmən postunu dağıdaraq xeyli silah və sursat ələ keçirmişdir. 1992-ci il avqustun 15-də Şişdağ uğrunda döyüşdə şəhid olmuşdur. Evli idi,bir övladı var. Çinarlı qəsəbəsindəki 2 saylı məktəbə onun adı verilib.

Hikmət İnqilab oğlu Süleymanov 1957-ci il yanvarın 16-da rayonun Çinarlı qəsəbəsində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirərək mühəndis sənətini seçmişdir.. Müharibəyə qədər Mingəçevir Su Elektirik Stansiyasında mühəndis, sonralar Şəmkir rayon suvarma sistemləri idarəsində və Su Elektirik stansiyasında işləmişdir. 1993-cü ilin qışında orduya səfərbər olunaraq Tərtər, Ağdam, Füzuli cəbhələrində vuruşmuşdur. Rota komandiri kimi döyüşçülərə örnək olub, hərbi bilik və bacarığını onlara öyrətmişdi. 1993-cü ilin dekabrında Füzuli cəbhəsində qəhrəmancasına həlak olmuşdur. Evli idi, bir övladı var.

İsmayıl Məsim oğlu Tağıyev 1964-cü ildə Şəmkirin Şeyidlər kəndində anadan olmuş, 1982-84-cü illərdə ordu sıralarında xidmətdən sonra doğma rayona qayıdaraq avtobazada sürücü işləmişdir. 1993-cü ilin əvvəlindən torpaqlarımızın düşmən təcavüzündən müdafiəsinə dayanmış, Kəlbəcər cəbhə bölgəsində döyüşmüşdür. 1994-cü ilin mayında Gədəbəyin Şınıx zonasına göndərilmişdir. İsmayıl hər iki qaynar nöqtədə cəsurluğu ilə komandirlərinin rəğbətini qazanmışdır. Mayın 17-də Şınıxda gedən döyüşlərdə İsmayıl şəhid olmuşdur. Şeyidlər kənd orta məktəbi onun adını daşıyır. Ailəli idi, iki övladı var.

Əvəz Mehralı oğlu Tanrıverdiyev 1965-ci il iyunun 5-də Şəmkirin Zəyəm kəndində anadan olmuşdur. Torpağa bağlı oğullardan idi Əvəz. 1983-cü ildə kənd texniki peşə məktəbində traktorçu – maşınçı kursunu bitirib Zəyəm kənd Təsərrüfatı Maşınqayırma Zavodunda fəhlə kimi əmək fəaliyyətinə başladı. Sovet Ordusu sıralarında hərbi xidmətini başa vurduqdan sonra yenidən doğma kəndlərinə qayıdıb kolxozda işlədi. Ermənilərin torpaqlarımıza təcavüzü başlanan gündən mübarizəyə atıldı. 1994-cü il aprelin 20-də Füzuli bölgəsində, Seyidəhmədli kəndi uğrunda döyüşlərdə iki dəfə düşmən mövqelərini darmadağın edib. Üçüncü dəfə hücum zamanı güllə yarasından həlak olmuşdur. Ailəli idi, iki övladı var.

Fazil Əjdər oğlu Xasməmmədov 1969-cu il dekabrın 20-də Ermənistanın İcevan rayonunun Ağkilsə kəndində anadan olmuşdur. 1989-cu ildə erməni şovinistlərinin törətdiyi soyqırımdan xilas olaraq Şəmkirin Kür qəsəbəsində məskunlaşmışdı.. Bir müddət Gəncə şəhərindəki trikotaj fabrikində fəhlə işləmişdir. 1992-ci il iyulun 15-də könüllü olaraq torpaqlarımızın müdafiəsinə yollanmışdır. Fazil Gədəbəyin Şınıx bölgəsində döyüşmüşdür. Başkəndin erməni quldurlarından təmizlənməsində igidlik göstərmişdir. Həmin döyüşlərin birində tankın içində qumbara mərmisindən həlak olmuşdur.

İlham Tofiq oğlu Xəlilov 1974-cü ildə Şəmkirin Muxtariyyə kəndində anadan olmuşdur. 18 yaşında həqiqi hərbi xidmətə çağırılmış, əvvəlcə Laçın və Kəlbəcər bölgələrində döyüşmüşdür. Yüksək dağlıq ərazilərdə özünü alpinistlər kimi sərbəst hiss etdiyinə görə onu tez-tez kəşfiyyata göndərirdilər. Kəlbəcər və Laçının işğalından sonra Gədəbəyin Şınıx zonasına köçürülmüşdür. Orada Saratovka kəndi yaxınlığında gedən döyüşdə iki yerdən yaralanaraq həlak olmuşdur.

Yasin Kərəm oğlu Hacıyev 1959-cu ildə Çaparlı kəndində anadan olmuşdur. Kənd orta məktəbini bitirdikdən bir qədər sonra keçmiş Sovet ordusu sıralarında hərbi xidmətə çağırılmış, Xarkov şəhərində qulluq etmişdir. Ordudan tərxis olunduqdan sonra əvvəlcə rayonun “Komsomol” kolxozunda sıravi işçi, sonra ağır yükdaşıma nəqliyyatı idarəsinda sürücü işləmişdir. 1993-cü ildə bir çoxları kimi könüllü olaraq cəbhəyə getmiş, bir neçə hərbi əməliyyatlarda fəallıq göstərmişdir. 1994-cü ilin fevralında Kəlbəcərin müdafiəsi zamanı qəhrəmancasına həlak olmuşdur.

Yusif Nəsrəddin oğlu Hacıyev 1970-ci ildə Dəllər qəsəbəsində anadan olmuşdur. Ermənilərin torpaqlarımıza təcavüzü başlanan gündən Qazax bölgəsinə gələrək özünümüdafiə dəstələrinin tərkibində döyüşmüş,sonralar Milli Ordu sıralarına daxil olmuşdur.Dəfələrlə kəşfiyyatçılar qrupunun tərkibində çətin tapşırıqları yerinə yetirmiş, düşmənin canlı qüvvəsini məhv etmişdir. Belə döyüşlərin birində mərmi qəlpəsindən həlak olmuşdur. Hazırda Dəllər qəsəbəsinin küçələrindən biri Yusif Hacıyevin adını daşıyır.

Rəbbi Məstan oğlu Həmzəyev Rəbbinin ən böyük arzusu doğma Qaracəmirli kəndində mühəndis işləmək,abadlıq işləri görmək idi. 1991-ci il aprelin 27-də 20 yaşı tamam olan gün sənədlərini toplayıb hərbi komisarlığa gəldi. Lakin o vaxt hələ Milli Ordu yaranmamışdı.Rəbbinin Vətənin müdafiəsində durmaq istəyi cavabsız qaldı. Həmin vaxtlar Qubadlı və Zəngilan ərazilərindəki özünümüdafiə dəstələrinin tərkibində döyüşlərə başladı. Rəbbi Milli Ordu sıralarına yalnız 1993-cü il dekabrın 13-də daxil oldu. Bundan cəmi 44 gün sonra – 1994-cü il yanvarın 27-də isə Füzuli rayonu ətrafında gedən döyüşlərin birində igidliklə həlak oldu.

Vilayət Rəhim oğlu Həsənov 1965-ci ildə Muxtariyyə kəndində anadan olmuş, Dəllər qəsəbəsindəki beton zavodunda sürücü işləmişdir. 1994-cü ilin aprelində cəbhə xəttinə göndərilməsini xahiş etmişdir. Cəmi səkkiz gün Tərtər yaxınlığındakı döyüş xəttində olmuş, iki dəfə düşmənlə üz-üzə gəlmişdir. 30 yaşı tamam olan gün döyüş zamanı aldığı yaradan əbədiyyətə qovuşmuşdur. Ailəli idi, bir qızı bə bir oğlu var.

Pərvin Rəşid oğlu Həsənov 1974-cü il sentyabrın 26-da Şəmkirdə anadan olmuşdur. 18 yaşı tamam olan gün rayon hərbi komissarlığına gələrək cəbhə bölgəsinə göndərilməsini xahiş etmişdir. Üç ay hərbi təlim keçdikdən sonra Ağdərə bölgəsinə göndərilmişdir. Həmin vaxtlar Milli Ordunun döyüşçüləri Çıldıran yüksəkliyi uğrunda döyüşlər aparırdı. Pərvin 1993-cü ilin yanvarından dəfələrlə Çıldıran, Bəng kəndləri uğrunda döyüşlərdə iştirak etmiş, igidliyi ilə tanınmışdır. 1994-cü il aprelin 11-də Ağdərə şəhəri yaxınlığında kəşfiyyat döyüşündə həlak olmuşdur.

Elpərəst Akif oğlu Hüseynov 1970-ci ildə Şəmkir şəhərində anadan olmuşdu. Sovet ordusu sıralarında hərbi xidmətini başa vurduqdan sonra Vətənə qayıdaraq torpağımızı təcavüzdən qorumaq üçün qaynar nöqtələrə yola düşmüşdür. O vaxtlar Ağdərənin Çıldıran yüksəkliyi uğrunda amansız döyüşlər davam edirdi. Elpərəst dəfələrlə həmin döyüşlərdə iştirak etmiş və 1993-cü ilin əvvəllərində güllə yarasından həlak olmuşdur. Yaşadığı küçəyə şəhidin adı verilmiş,evinin qarşısında isə adına bulaq tikilmişdir.

Füzuli Əli oğlu Hüseynov 1970-ci ildə Şəmkir rayonun Morul kəndində anadan olmuşdur. Hərbi xidmətini Zəyəmdə keçirmişdir. Xocalı faciəsində qəzəblənən Füzuli düşmənlərindən qisas alacağına and içir və 1992-ci ilin martında cəbhə xəttinə yola düşür. Gədəbəy rayonunun Şınıx bölgəsində döyüşmüşdür. İvanovka kəndi yaxınlığında gedən döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur.

Hikmət Səfər oğlu Hüseynov Şəmkirin Düyərli kəndinin cəsur övladlarından olan Hikmət 1991-ci ildə - orta məktəbdə təhsilini bitirdikdən sonra Sovet ordusu sıralarında xidmətə başlamış, 1992-ci ildə həmin ordu dağıldıqdan sonra Vətənə qayıtmışdır. 1993-cü ildə isə Milli Ordu sıralarına könüllü daxil olaraq cəbhə bölgəsinə daxil olmuşdur. Hikmət musiqi vurğunu idi, orta məktəbi bitirdikdən sonra bir müddət Şəmkir musiqi məktəbində təhsilini davam etdirirdi, lakin Vətənin ağır günündə sazını silahla əvəz etməyi lazım bildi. Goranboy, Füzuli, Kəlbəcər bölgələrində döyüşmüşdür. 1994-cü ildə isə Lev çayının sahilində şəhid olmuşdur. Düyərli kəndində yaşadığı küçəyə onun adı verilmişdir.

Salman Məmməd oğlu Cabbarov 1968-ci il dekabr ayının 18-də Ermənistan Respublikasının Vardenis rayonunun Subatan kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra boya-başa çatdığı Nərimanlı kəndindəki “Bakı fəhləsi” adına kolxozda çoban işləmişdir. 1994-cü ilin aprel ayında Şəmkir rayon hərbi komissarlığı tərəfindən orduya çağırılmışdır. Yüzlərlə yaşıdı kimi o da tökülən günahsız qanların intiqamını almağa çalışmışdır. 1994-cü il mayın 12-də Tərtər cəbhəsində qəhrəmancasına şəhid olmuşdur. Evli idi.

Mahir Cəlil oğlu Cəlilov 1973-cü ildə Şəmkir rayonunun Könüllü kəndində anadan olmuş, orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yola düşmüşdür. 1991-ci ilin may ayından 1993-cü ilin fevralınadək qaynar nöqtələrdə olmuşdur. Mahir Gədəbəyin Şınıx bölgəsində döyüşmüşdü. Fevralın 15-də erməni quldurlarının növbəti hücumu zamanı igidliklə vuruşaraq əbədiyyətə qovuşmuşdur.

Tofiq Məhərrəm oğlu Cəfərov 1973-cü il avqustun 2-də Bayramlı kəndində anadan olmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra ordu sıralarına çağırılmışdır. Təcrübəsinin azlığına baxmıyaraq döyüşün ən qaynar nöqtələrinə can atmışdır. Ermənilər Ağdərə bölgəsini yenidən ələ keçirməyə cəhd göstərərkən düşmən hücumlarına mətanətlə sinə gəlmiş, mövqeyini son nəfəsinədək tərk etməmişdir. 1993-cü il iyulun 5-də həlak olmuşdur.

Əbabil Həsən oğlu Əbdürrəhimov

1974-cü ildə Şəmkir rayonu Sabirkənd kəndində anadan olmuşdur. C.Naxçıvanski adına hərbi məktəbdə oxuyarkən yoldaşları ilə birlikdə döyüşə yollanmışlar. 1993-cü ildə fevral ayında Ağdərə yaxınlığında ermənilərin hücumu nəticəsində hələ 19 yaşında ikən şəhid olmuşdur. 18 fevral tarixində Sabirkənddə torpağa tapşırılmışdır. Doğulduğu kənddə şəhidin adına küçə və xatirəsinə bulaq var.