Rayon haqqında məlumat

Rayon haqqında məlumat

Azərbaycanın qədim, çoxəsrlik tarixə malik olan şəhərlərindən biri də Şəmkirdir. Şəmkir toponiminin mənası haqqında müxtəlif mülahizələr mövcuddur. Azərbaycan tarixçisi A.Bakıxanov Şəmkirin yaranmasını və etimologiyasını Təbəristan hökmdarı Şəmkir bin - Ziyadın adı ilə bağlı olmasını qeyd edərək,bu sülalənin altı hökmdarının 150 il müddətində İranın, o cümlədən Cənubi Qafqazın bir çox əyalətlərini fəth etdiyini, bu sülalənin ikinci hökmdarı olan və 935-967-ci illərdə şahlıq etmiş Şəmkir bin-Ziyadın Gəncə yaxınlığında şəhər saldırdığını və onu öz adı ilə adlandırdığı haqqında məlumat verir.Əslində bu mülahizə tarixi faktlarla uyğun gəlmir. Belə ki, qədim mənbələrin hamısında Şəmkirin adına X əsrdən xeyli əvvəlki dövrlərə aid mənbələrin hamısında rast gəlinir.Görünür A.Bakıxanov adların zahiri oxşarlığına əsaslanaraq belə bir nəticəyə gəlmişdir. Çünki əsərlərində VII əsr hadisələrini əks etdirən Ərəb müəllifləri Əl-Bəlazuri, İbn-əl-Fəqih və digərləri Şəmkür şəhərinin adını çəkmiş və onu qədim şəhər kimi xarakterizə etmişlər. Bütün bunlar göstərir ki, Şəmkir VII əsrdən əvvəl mövcud olmuşdur. Orta əsr ərəb və fars mənbələrində Şamkür, türk mənbələrində isə Şəmkür, Şəmkir kimi göstərilmişdir. 1924-cü ildə İstanbulda “Muxtəsər Azərbaycan tarixi” kitabını çap etdirən C. Zeynaloğlu bu adı aşağıdakı kimi izah etmişdir: “Şəmkir- Şəms-günəş və kir-tapınan mənasındadır, günəşə tapınanlar yurdu deməkdir”. Dilçi alim Cahangirov isə bu adı Şəmkür, yəni Kürqırağı kimi izah etmişdir. Şəmkir şəhəri Kiçik Qafqazın şimal-şərq yamacında – Gəncə-Qazax düzənliyində yerləşir.Şəmkir bölgəsinin əverişli təbii-coğrafi şəraiti bu ərazidə insanların çox erkən məskunlaşmasını şərtləndirmiş, hələ eneolit dövründə bölgədə erkən əkinçi-maldar qəbilələr yurd salmış, burada tunc və dəmir dövrlərində, eləcə də sonrakı dövrlərdə intensiv həyat olmuşdur. Bütün bunlar bölgənin çoxsaylı müxtəlif tipli arxeoloji abidələrində öz əksini tapmışdır. Belə abidələr sırasında eneolit dövrünə aid Keçili yaşayış yerini, tunc dövrünün müxtəlif mərhələlərinə aid qəbir abidələri (Osmanbozu, Qaracəmirli kurqanları), son tunc dövrünə aid Bitdili yaşayış yerini, alban dövrünə aid Alıqoca, II Keçili, Qanlıtəpə, Həsəntəpə, Tülkütəpə, Sarıtəpə, Saqqızlı, Üzümlütəpə yaşayış yerlərini, Bitdili və Daşbulaq qəbirlərini misal göstərmək olar. Şəmkir rayonu 1930-cu ildə təşkil olunmuş, ərazisi 1660 min kv. km, əhalisinin sayı 212756 nəfərdir. Rayon ərazisində 1 şəhər, 4 qəsəbə, 61 kənd vardır. Rayon mərkəzi Bakı şəhərindən 400 km, Dəllər dəmir yol stansiyasından isə 4 km aralıda yerləşir. Rayonun şimal-şərq hissəsini Ceyrançöl, mərkəzi hissəsini Gəncə - Qazax düzənliyi, cənubunu isə Kiçik Qafqazın şimal-şərq ətəkləri əhatə edir.