Növbəti video-çarxda Azərbaycanın milli musiqi aləti sazın tarixi, quruluşu və səs diapazonundan bəhs olunur

Növbəti video-çarxda Azərbaycanın milli musiqi aləti sazın tarixi, quruluşu və səs diapazonundan bəhs olunur

Şəki Heydər Əliyev Mərkəzi #EVDƏQALdevizi çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı #EVDƏMƏDƏNİYYƏTİMİZİYAŞADAQ və #MƏDƏNİYYƏTBİRLİKDİR layihəsinə Azərbaycanın milli musiqi alətləri rubrikası ilə davam edir.
Növbəti video-çarxda Azərbaycanın milli musiqi aləti sazın tarixi, quruluşu və səs diapazonundan bəhs olunur.
Saz- təzənə (mizrab) ilə çalınan simli çalğı aləti. Sazın Çanağı iki yerə bölünmüş armudun bir hissəsi biçimində, qolu uzun olur. Qoluna 10 – 14 pərdə bağlanır. Əsas pərdədən hərəsinin öz adı var: baş pərdə, orta pərdə, şah pərdə, yastı pərdə, ayaq pərdə, beçə pərdə. Saza 8 –10 sim qoşulur. Bu simlərin köklənmə prinsipi çox maraqlı və orijinaldır. Köklənmə cəhətincə saz simlərini üç əsas qrupa ayırmaq olar. Bunlardan birinci qrupa aid olan üç sim eyni ucalıqda köklənir; ikinci qrupu təşkil edən qoşa sim birinci qrupdan bir kvinta aşağı köklənir və nəhayət, üçünçü qrupa mənsub olan üç sim isə ikinci qrup simlərindən bir kvinta yuxarı köklənir. Sazın simlərini səsləndirmək üçün tar mizrabına nisbətən daha elastik və daha yumşaq bir cisim lazım gəlir ki, bunun üçün də gilənar ağacının qabığı olduqca münasib və yararlıdır. Sazçı çalğı zamanı simlərin eyni zamanda hamısını vurur. Bu isə ifa olunan əsas metodik xətt üçün kvarta – kvarta səslərindən ibarət daimi surətdə səslənən harmonik fon yaratmış olur. Sazın tembri çox məlahətlidir. Sazın ürəklərə yol açan səsini hələ orta əsrlər klassik şairlərimiz öz əsərlərində dəfələrlə vəsf etmişlər. Saz əsrlərdən bəri aşıq yaradıcılığının əsas musiqi aləti kimi səslənməkdədir.
Saz ulu ozan sənətinin davamçısı olan aşıq və saz-söz sənətinin ayrılmaz tərkib hissəsidir. Saz eyni zamanda türk dünyasının, türk mənəviyyatının rəmzlərindən biridir. Sinkretik, yəni özündə çalğı, oxuma, şeir demə, söz və dastan ifaçılığı, aktyorluq və rəqs (plastika) sənətlərini birləşdirən saz-söz sənəti, muğam sənəti ilə yanaşı, Azərbaycan milli mədəniyyətinin ən əski qatları ilə bağlıdır.