Şəki şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin qış plenumu keçirilib

Şəki şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin qış plenumu keçirilib

Dekabrın14-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin qış plenumu keçirilib.
Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Azərbaycan memarlarının yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə açıb, hesabat dövründə Azərbaycan Memarlar İttifaqı tərəfindən görülən işlərdən danışıb.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tədbir iştirakçılarını salamlayaraq plenumun Şəkidə keçirilməsinin təsadüfi olmadığını bildirib. O qeyd edib ki, tarixi və milli memarlıq abidələri ilə zəngin olan Şəki şəhəri Azərbaycanın şimal-qərbində mühüm siyasi, sosial-iqtisadi və mədəni mərkəz hesab olunur. Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının, 2012-ci ildə türk dünyasının qeyri-maddi irs paytaxtı, 2016-cı ildə TÜRKSOY-un mədəniyyət paytaxtı seçilmiş, 2017-ci ildə YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə “sənətkarlıq və xalq yaradıcılığı” tematikası üzrə daxil edilmişdir.
Vurğulanıb ki, Şəkinin beynəlxalq turizm və mədəniyyət mərkəzi kimi yenidən qurulması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqlar, qısa müddət ərzində Şəki şəhərinin inkişafı ilə bağlı imzalanan coxsaylı Sərəncamlar nəticəsində bu gün Şəki qədimliyini qorunub saxlamaqla müasirləşir, regionun turizm potensialı daha da artır. Azərbaycan Respublikasının birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə şərq memarlığının nadir incisi hesab olunan “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin YUNESKO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi ölkəmizin mədəni həyatında böyük hadisədir.
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi cənab Zakir Sultanovun və digər qonaqların çıxışları olub.
Plenumda Azərbaycan Memarlar İttifaqı Təftiş Komissiyasının hesabatı dinlənilib, plenumun qətnaməsi qəbul edilib. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçilib. Şəhərsalma və memarlıq sahəsində fərqlənənlərə qurumun fəxri fərmanları təqdim olunub