Sülh bəşəriyyətin ən ali dəyəridir

Sülh bəşəriyyətin ən ali dəyəridir

“Sülh aylığı” çərçivəsində Şəki şəhər Heydər Əliyev Mərkəzində 21 sentyabr - “Beynəlxalq Sülh günü”nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Şəki Heydər Əliyev Mərkəzinin kollektivi, Şəki şəhər Təhsil şöbəsinin nümayəndələri iştirak etdilər.
Mərkəzin direktoru Sadıqov Rəşadət tədbiri açaraq qonaqları salamladı və qonaqlara 1982-ci ildən bəri bütün dünyada “Sülh Günü” kimi qeyd olunan təqvimin yaranma tarixi haqqında məlumat verdi. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq respublikamızda “Beynəlxalq Sülh Günü” ərəfəsində yəni, 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” elan edildiyi və bu aylıq çərçivəsində müxtəlif maarifləndirmə tədbirləri təşkil olunduğunu qeyd etdi.
Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zəruridir. Ümumiyyətlə, sülh və sabitlik inkişafın təməlidir. Bu proses hər ölkədə və regionda, onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf etdirilir.
Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizdən çoxu işğal olunmuş, 1 milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmişdir. Təhsil və mədəniyyət ocaqlarımız, dini və tarixi abidələrimiz yerlə-yeksan edilmiş, terrora məruz qalmışdır. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını almış, 1994-cü ilin mayında atəşkəs haqqında müqaviləni imzalamaqla müharibənin müvəqqəti də olsa, dayandırılmasına, regionda sabitliyin yaranmasına nail olmuşdur. Bu, həm dövlətimizin sülh arzusunun ifadəsi, həm də həqiqi sülhün bərqərar olması üçün Vətəni hər cür müdaxilədən qoruyacaq və sülhün təminatı rolunda çıxış edəcək hərbi qüdrətə gedən yolun başlanğıcı idi.
Mərkəzin elmi işçisi Cəfərova Zeynəb, Şəki MKS-nin 9№li kitabxana filialının müdiri Həsənova Rüfanə, Şəki şəhər Təhsil şöbəsinin nümayəndəsi Tural Səfərov çıxış edərək sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü və vətəndaşların sülh şəraitində yaşamaq arzusunda olduğunu qeyd etdilər.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dövlətinin hər zaman sülhsevər siyasət yürüdəcəyini bəyan edərək demişdir: “Azad və demokratik cəmiyyət quruculuğu yolunda qətiyyətli addımlarını atan və geosiyasi cəhətdən olduqca həssas bölgədə yerləşən müstəqil Azərbaycan Respublikası üçün sülhün, sabitliyin hökm sürdüyü təhlükəsiz mühit həyati əhəmiyyət kəsb edən bir məsələdir. Bu zərurət həm də onunla bağlıdır ki, qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və əsassız ərazi iddiaları müstəqil dövlətimiz və xalqımız üçün böyük problemlər yaratmışdır. Ərazimizin 20 faizi işğal olunmuş, on minlərlə insan öldürülmüş və yaralanmış, yüzlərlə qadın, uşaq və qoca əsir və yaxud girov götürül¬müş, 1 milyondan çox insan tarixi-etnik torpağında qaçqın və məcburi köçkünə çevrilmişdir. Təcavüz nəticəsində xalqımızın böyük mənəvi və maddi itkilərə məruz qalmasına baxmayaraq, Azərbaycan Respublikası daxili və xarici siyasətində demokratiya və müstəqil dövlətçilik prinsiplərinə, eyni zamanda beynəlxalq hüquqi normalara daim sadiqlik nümayiş etdirir. Biz bu yolda xalqımızın sülhsevərlik, humanizm və dözümlülük kimi yüksək mənəvi dəyərlərinə arxalanırıq”.
Ümummilli lider Heydər Əliyevin sülhün və əmin-amanlığın əldə olunması istiqamətindəki əvəzsiz xidmətləri bütün dünya xalqları tərəfindən yüksək qiymətləndirilmişdir. Dahi şəxsiyyətin 1999-cu il noyabrın 1-də Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi faktı bunun ən gözəl nümunəsidir.
Ulu öndərin sülhsevər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.