Yüksək balla ali məktəblərə daxil olan şəkili məzunlar rayon ictimaiyyətinə təqdim olunub

Yüksək balla ali məktəblərə daxil olan şəkili məzunlar rayon ictimaiyyətinə təqdim olunub

Ali məktəblərə bu ilki qəbul imtahanlarının nəticələri Şəki rayonunun məzunları üçün çox uğurlu olub. Belə ki, ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 1149 nəfər şəkili məzundan 850 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 140 nəfəri 500-700 arası bal toplayıb. Onlardan 79 nəfəri daha yüksək nəticələrə nail olub.
Bu faktlar ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış məzunların rayon ictimaiyyətinə təqdim olunması münasibətilə sentyabrın 3-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə səsləndirilib.
Tələbələr əvvəlcə Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin ekspozisiya ilə tanış olublar.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, məzunları tələbə adı qazanmaları münasibətilə təbrik edib, ölkəmizdə təhsilin inkişafına dövlət səviyyəsində çox böyük diqqət və qayğının göstərildiyini bildirib. Vurğulanıb ki, Prezident İlham Əliyevin bu sahədə apardığı siyasət neft kapitalını insan kapitalına çevirmək, eyni zamanda, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiya olunmasına nail olmaq kimi mühüm məqsədə xidmət edir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində gördüyü işlər isə Azərbaycanın təhsil tarixində mühüm bir mərhələni təşkil edir.
Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işləri qeyd edən Elxan Usubov son 15 ildə rayonda 48 yeni məktəb binasının tikildiyini və ya əsaslı təmir olunduğunu, o cümlədən 9 modul tipli məktəbin quraşdırıldığını, hazırda Şəki şəhərindəki 11 nömrəli tam orta məktəb üçün 960 şagird yerlik yeni məktəb binasının tikintisinin davam etdirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, təhsil sisteminin yeniləşməsi istiqamətində həyata keçirilən tədbirlər ali məktəblərə qəbul imtahanlarının nəticələrində də özünü göstərir.
Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova çıxış edərək, rayon məktəblilərinin ötən tədris ilində qazandıqları uğurlar barədə ətraflı məlumat verib. Bildirilib ki, 2018-2019-cu tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran dörd məzun Təhsil Nazirliyi tərəfindən qızıl, bir nəfər isə gümüş medala layiq görülüb, 93 nəfərə fərqlənmə attestatı verilib.
Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov gəncləri tələbə adı qazanmaları münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
Sonra səhnəyə ümumi təhsili qızıl və gümüş medallarla başa vuran məzunlar dəvət olunublar. Qızıl medallı məzunlardan Arzu Musayeva. Elcan Səlimli, Lalə Sultanova, Səbinə Rəfiyeva, gümüş medala layiq görülən Günel Məmmədova çıxış edərək, təhsildə qazandıqları uğurlara görə valideyn və müəllimlərinə minnətdarlıq edib, onların etimadını layiqincə doğruldacaqlarını bildiriblər.
Tədbir konsert proqramı ilə başa çatı.