Şəkidə gənc müəllimlərin yay məktəbi başa çatıb

Şəkidə gənc müəllimlərin yay məktəbi başa çatıb

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən iyulun 23-dən 26-dək Şəki şəhərində təşkil olunan Azərbaycan gənc müəllimlərinin yay məktəbi işini uğurla başa vurub. Təhsil Nazirliyinin dəstəyi ilə reallaşan yay məktəbində Bakı və bölgələrdən olan gənc müəllimlər iştirak edib.

iyulun 26-da Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində yay məktəbinin başa çatması münasibətilə tədbir keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, şəhər icra hakimiyyətinin və təhsil şöbəsinin rəsmiləri iştirak ediblər.

Tədbirin əvvəlində Təhsil Nazirliyinin nümayəndəsi Şahin Seyidzadə layihənin məqsədi və qarşıya qoyulan hədəflər barədə məlumat verib. Bildirilib ki, ilk dəfə təşkil edilən layihənin əsas məqsədi istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq, daha məhsuldar və səmərəli işləməyə həvəsləndirməkdir. Layihədə iştirak etmək üçün Assosiasiyaya 270-dən çox müraciət daxil olub. Yay məktəbində Bakı şəhəri, Lənkəran, Ağcabədi, Şamaxı, Şəki və Quba bölgələrinin 30-dək gənc müəllimi təmsil olunub.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova gənc müəllimlərin ilk yay məktəbinin Şəkidə keçirilməsinə görə Assosiasiyanın rəhbərliyinə minnətdarlığını bildirib. Yay məktəbinin iştirakçılarına qədim Şəkinin tarixi-mədəni irsi, adət-ənənələri, məşhur tarixi məkanları barədə məlumat verilib. Bildirilib ki, Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan edilib, 2017-ci ildə UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb. İyulun əvvəllərində Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında isə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” qurumun Ümumdünya İrs Siyahısına daxil edilib.

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov gənc müəllimlərin Assosiasiyasının yaradılmasının çox yaxşı təşəbbüs olduğunu vurğulayıb. Bildirilib ki, bu, müxtəlif istiqamətlər üzrə mübadilə prosesinə, yaxşı və pis cəhətləri müzakirə etməyə imkan verəcək. Assosiasiya, eyni zamanda, müəyyən tövsiyələr hazırlamalı və Təhsil Nazirliyi qarşısında məsələlər qaldırmalıdır.

Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi və müasirləşdirilməsi üçün dövlətimiz tərəfindən böyük vəsaitin ayrıldığını vurğulayan nazir müavini son 15 ildə 3200 yeni məktəb binasının tikildiyini və ya əsaslı təmir olunduğunu, şagirdlərin 70 faizinin təhsil şəraitinin yaxşılaşdığını diqqətə çatdırıb.

Yay məktəbinin bağlanışına həsr olunan mərasimin sonunda iştirakçılara Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən sertifikatlar təqdim edilib.

Tədbirdən hazırlanmış video çara videoqalereya bölməsindən baxa bilərsiniz.