Aprel döyüşləri şanlı qələbənin başlanğıcı oldu

Aprel döyüşləri şanlı qələbənin başlanğıcı oldu

Aprelin 2-də Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşları 2016-ci il aprelin 1-dən 2-nə keçən gecədən başlayan Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə zamanı və həmçinin 2020-ci il 27 sentyabr tarixində başlanan 44 günlük ikinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş igidlərimizin məzarını ziyarət etmişdir. 2016-cı ilin aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı və Ermənistan ordusunu ağır məğlubiyyətə uğratdı. Bu, Aprel döyüşləri kimi tarixə düşdü. Həmin vaxt Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin əhəmiyyəti barədə dediyi sözlər bu qələbənin ordumuz və xalqımız üçün önəmini açıq şəkildə ifadə edir: “Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir”. Beləliklə, 2020-ci ilin payızındakı 44 günlük müharibənin başlanğıcı əslində 2016-cı ilin aprelində qoyulmuşdu. Bütün bu hadisələrin ardıcıllığına baxsaq, Prezident İlham Əliyevin uzaqgörən strateq olduğunu aydın şəkildə görmüş olarıq. Hadisələr göstərdi ki, Ali Baş Komandan işğal faktoru ilə bağlı Ermənistana və beynəlxalq ictimaiyyətə verdiyi bütün xəbərdarlıqları yerinə yetirdi. Nəticədə, Azərbaycan bütün dünyanın gözü qarşısında cəmi 44 gün ərzində tarixi qələbə əldə etdi.Dördgünlük hərbi münaqişə və 44 günlük vətən müharibəsində doğma vətənin keşiyində duran və onun üçün qanının son damlasına qədər mübarizə aparan qəhrəman oğullarımız sayəsində 30 ilə yaxın bir dövrdə erməni işğalçıları tərəfindən mənimsənən torpaqlarımız işğaldan azad olundu. Allahdan şəhidlərimizə rəhmət diləyir və ruhları şad olsun deyirik.