31 mart Azərbaycanlıların Soyqırımı günüdür!

31 mart Azərbaycanlıların Soyqırımı günüdür!

31 mart, 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğının qurbanlarının xatirəsinin anıldığı Azərbaycanlıların Soyqırımı günüdür.
103 il bundan öncə, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib və on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Bu hadisələrin qurbanlarının xatirəsini anır və gələcəkdə bu kimi faciələrin qarşısının alınması üçün bu yaddaşın qorunub saxlanılmasını vacib hesab edirik.
Azərbaycanlılara qarşı törədilən soyqırım Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə etdi. 1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16.000-dən artıq insan öldürüldü, 167 kənd məhv edildi. Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutunu təşkil edir.
Azərbaycanlılara qarşı yeridilən soyqırım siyasətinin uzun tarixi olsa da, bu barədə əsil həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın başqa ölkələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən qeyd olunmuş, soyqırım qurbanlarının xatirəsi anılmışdır.
Erməni qəsbkarlarının azərbaycanlılara qarşı mənfur siyasəti müasir dövrümüzədək davam edirdi. Dünya birliyi tərəfindən tanınan ərazilərimizin 20 faizini - Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində işğal etmiş, bir milyondan çox azərbaycanlı doğma yurd-yuvalarından didərgin düşmüşdür. 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Xocalıda, Ağdabanda, Daşaltıda həyata keçirdikləri soyqırım aktları onların törətdikləri vəhşiliklərin ikrahdoğurucu nümunələridir. 2020-ci il iyul-sentyabr aylarında Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhədində və Qarabağda yeni hərbi təxribatlara başladılar və sentyabrın 27-də irimiqyaslı hərbi təcavüz edərək dinc əhali və mülki infrastruktura qarşı ağır artilleriya zərbələri endirməklə işğal ərazisini genişləndirməyə cəhd göstərdilər. Bunun nəticəsi olaraq, Azərbaycan xalqı Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək mübarizəyə qalxdı. Azərbaycan xalqı öz ordusunun gücü ilə Ermənistanı məğlub etdi, 44 günlük Vətən müharibəsində öz haqlı qələbəsini qazandı.