Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Cəbrayılda olublar

Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Cəbrayılda olublar

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə 16 noyabr tarixli möhtəşəm səfəri öz ismarıncları ilə əbədi yaddaşlara köçəcək. Bu səfər 44 günlük müzəffər hərbi və siyasi-diplomatik yürüyüşümüzün, “qələbə “twit”ləri”nin, “Xalqa Müraciətlər”in məntiqi davamı, inkişafı və ümumiləşdirməsidir; bu səfər – gələcəyə baxışımızın ifadəsi, təntənəsidir. Hərbi geyimli ali dövlət rəhbərliyinin işğaldan azad edilmiş torpaqlara səfəri, səfərdən yayılan anlamlı görüntülər, verilən ismarınclar dosta da, düşmənə də yetir. – Dost sevinir, düşmən xar olur. O düşmən ki bugün xaos, nihilizm, qeyri-müəyyənlik girdabındadır. O düşmən ki öz xalqına danışdığı yalanları ayaqları altına yığmaq mümkün olsa, başı qara buludlara dəyər. Müzəffər Ali Baş Komandanın işğaldana zad edilmiş torpaqlarımızda müqəddəs bayrağımızı dalğalandırması Milli Dirçəliş Günümüzə ən gözəl töhfəydi! Bu il ilk dəfədir ki, Milli Dirçəliş Günümüzü adınalayiq qarşılayır, keçiririk. Şuşada, işğal altındakı digər şəhər və rayonlarımızda bayrağımız dalğalanmadıqca, milli dirçəlişimiz kəm qalırdı, ürəklə keçirə bilmirdik bayramları...
Füzuliyə səfər zamanı, yol boyu bölgələrdə yaşayan sakinləri salamlamaqçün maşından enən Prezident İlham Əliyevin əhali tərəfindən necə coşqu və izdihamla qarsalandığını gördük. Ali dövlət rəhbərliyimizin respublikamızın bölgələrinə səfərləri həmişə izdihamla müşayiət olunub, xalq coşqusunun şahidi olmuşuq; ancaq bu səfərki coşqu qalib xalqın duyğu-düşüncəsinin, hiss-həyəcanının, keçmiş kədərdən sıyrılmağın və bugünki sevincin təcəssümü idi.
Qalib Ordunun şanlı Ali Baş Komandanını izdihamla qarşılayan vətəndaşların sevincinin məzmunu, dərinliyi və üfüqü bir başqaydı... Qalib Prezidentə xalqın ehtiramı ürəyimizi qabartdı, qürurdan gözümüz yaşardı. Vətəndaşımıza, bütün dünya azərbaycanlılarına Tarixi Qələbə hissləri yaşadan Prezidentə vətəndaş öz sevgisini səmimi şəkildə nümayiş etdirdi. Bu, Müzəffər Ali Baş Komandanın Tarixi Qələbədən sonra bölgələrə ilk səfəriydi. Ali dövlət rəhbərliyinin Qələbədən sonra Bakı daxilində getdiyi ilk ünvansa yaralı hərbçilərimizin müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəz olmuşdu. Bu İLKlər xalqımıza neçə ilklər yaşatmış rəhbərin xalqcanlılığını, vətəncanlılığını bir daha sübut edi.