Ulu öndər Heydər Əliyev və Azərbaycan Təhsili

Ulu öndər Heydər Əliyev və Azərbaycan Təhsili

Təhsil ölkənin beynəlxalq aləmdə rolunu müəyyən edən əsas amillərdən biridir. O maddi-mənəvi dəyərlərin və strateji gücün göstəricisidir. Müasir dövrümüz elm və texnika dövrüdür, inkişaf əsasən bu iki amillə izah olunur. Təhsilsiz isə bu sahələrdə heç bir irəliləyiş ola bilməz. Dövlətin savadlı kadr potensialı da məhz müasir təhsil və keyfiyyətli tədrislə yaradılır.
Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin dövlətçilik fəaliyyətində təhsilə diqqət xüsusi yer tutur. Təsadüfi deyil ki, ulu öndər: “Təhsil millətin gələcəyidir”, - deyirdi. Ümummilli lider ölkənin və dövlətin hərtərəfli tərəqqisində millətin imzasının imzalar içində seçilməsində təhsilin rolunu həmişə yüksək dəyərləndirər və inkişafına qayğı göstərərdi. Dahi rəhbər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq, hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. Ulu öndər təhsilin məzmununun, səmərəli təşkilinin dövlətin hərtərərfli inkişafında həlledici rol oynadığını, müəllim əməyinin yüksək dəyərini vurğulamış, şagirdlərin və tələbələrin əsl vətəndaş və savadlı olmaları üçün bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir.
Hələ Sovet hökumətinin ən sərt dövründə Ulu öndər Heydər Əliyev Azərbaycanda indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı. Bu gün gənclərin təhsil aldıqları xüsusi təyinatlı təhsil müəssisəsinin əsası 1971-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində qoyulmuşdur. Bu təhsil ocağı fəaliyyətdə olduğu müddətdə ordu üçün yüzlərlə, minlərlə peşəkar hərbçi kadrlar hazırlayıb.
Ulu öndər SSRİ dövründə - 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəblərini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarlar qəbul etdi. Bu qərarların reallaşması nəticəsində respubikamızda orta ümumtəhsil məktəbləri şəbəkəsi 765-dən 2117-yə çatdırıldı. Ucqar bölgələrimizdə orta ümumtəhsil məktəbləri açıldı. Bu dövrdə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda 5 yeni ali təhsil müəssisəsi açılmış və ali təhsil alanların sayı 70 mindən 100 minə çatdırılmışdır. Ulu öndər respublikanın zəruri mütəxəssisə ehtiyacını və gələcəyini nəzərə alaraq bu illərdə yüzlərlə gəncin Sovet İttifaqının ən nüfuzlu ali təhsil müəssisələrində oxumasına nail olmuşdur. Bu proses 1970-ci ildən başlamış və hər il 800-900 nəfər azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində təhsil almağa göndərilmişdir. Bu da müstəqilliyini bərpa edən zaman Azərbaycana güclü milli kadr potensialına malik olmağa imkan vermişdir.
Ötən əsrin 70-80-ci illərində Şəkidə də ulu öndər Heydər Əliyev maarif və mədəniyyətin inkişafı sahəsində də xeyli işlər görmüşdür. 1980-cı ildə Şəkidə 12 orta məktəb, 6 səkkizillik və bir qiyabi məktəb, 4 axşam fəhlə-gənclər və uşaq-gənclər idman məktəbləri fəaliyyət göstərirdi. Ümumtəhsil məktəbləri ilə yanaşı iki musiqi məktəbi, toxuculuq, tibb, pedaqoji və kənd təsərrüfatı texnikumları, texniki iaşə məktəbləri və internatlar fəaliyyət göstərmiş, 25 uşaq bağçası mövcud olmuşdur.
Möhtərəm Heydər Əliyev Azərbaycan təhsilin inkişaf yolundakı böyük xidmətlərindən biri də 1970-1980-ci illərdə təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin ən məhşur ali məktəblərində Respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq Azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaratmasıdır. Heydər Əliyev 70-80-ci illərdə Azərbaycandan kənarda təhsil almış yüksək ixtisaslı mütəxəssisləri “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” kimi yüksək qiymətləndirmişdir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da təhsildə əldə edilmiş nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik artıq yeni təhsil sisteminə keçidi bir tələb kimi qarşıya qoymuşdu. Bu dövrdə təhsil sistemində gedən proseslərə nəzər salanda görürük ki, yeni məktəblərin inşası, maddi-texniki bazanın möhkəmlənməsi, dərsliklər və təhsil proqramlarının yenidən tərtib edilməsi, dünya tədris sisteminə inteqrasiyası Heydər Əliyevin diqqət mərkəzində idi. Heydər Əliyevin hakimiyyətə qayıdışı bütün bu problemlərə son qoydu. Təhsil sistemində aparılan köklü islahatlar tədrisi yeni mərhələyə qaldırdı, beynəlxalq səviyyəyə çatdırdı.
“Təhsil sahəsi xalqımızın bu günü,millətimizin,dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”deyən ümummilli liderimiz Azərbaycan təhsilinin dinamik inkişafını təmin edən fərman,sərəncamlar verdi:” Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında”13 iyun 2000-ci il tarixli,”Dövlət dilinin tətbiq işinin təkmilləşdirilməsi haqqında”18 iyun 2001-ci il tarixli, ” Azərbaycan əlifbası və Azərbaycan dili günü (01.avqust) təsis edilməsi haqqında 09.08.2001-ci il tarixli bəyanat,”Azərbaycan Respublikasında dövlət dili haqqında”,, Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003- cü il tarixli fərman təhsilimizi dünya standartları səviyyəsinə qaldırdı. Azərbaycan tarixinin, ədəbiyyatının, coğrafiyasının öyrədilməsinə, mükəmməl dərsliklər hazırlanmasına, xüsusilə Azərbaycan dilinin öyrədilməsinə, Dövlət dili statusunda təbliğinə diqqət artırıldı.
Bu gün ölkə başçısı cənab İlham Əliyev imzaladığı çoxsaylı mühüm fərman və sərəncamları, dövlət proqramları, öz diqqət və qayğısı ilə Azərbaycan elminin və təhsilinin əsas hamisi olduğunu praktik surətdə təsdiqləyir. Təhsil bilik, müasirlik, savad, dövlətin, milli şüurudur, millətin gələcəyidir.Cənab Prezident İlham Əliyev sosial-iqtisadi yüksəlişdə və dünyada söz, qüdrət sahibi olma hədəfinə çatmada zəruri amil kimi məktəblərin ən müasir tələblər səviyyəsinə çatdırılmasını, keyfiyyətli tədrisə nail olmanı əsas təməl sayır.
Gənclər həmişə ümummilli liderimiz Heydər Əliyevə bəslədikləri inam və məhəbbəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyevə bəsləyir, onu daim dəstəkləyirlər.