Ulu öndər Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu - 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü

Ulu öndər Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu - 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü

Hər bir dövlətin varlığı, müqəddəratı onun güclü iqtisadiyyatı və güclü ordusunun olması ilə səciyyələnir.
İyunun 26-sı - Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün artıq 22-ci ildir ki, ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu münasibətlə Şəki Heydər Əliyev Mərkəzi “Heydər Əliyev və Azərbaycan Ordusu” mövzusunda videoçarx hazırlayıb. Bu günün bayram kimi tarixləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir.
Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur.
Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi.
Böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir və zaman ötdükcə, nəsillər dəyişdikcə möhkəmlənən və inkişaf edən Azərbaycan Ordusu Heydər Əliyevin adını və əməllərini özündə daim yaşadacaqdır.
Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.
Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezideni, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.