Ulu öndər Heydər Əliyev və Şəki

Ulu öndər Heydər Əliyev və Şəki

Ölkəmizin hər bir bölgəsi kimi Şəki şəhərinin də inkişafında ulu öndər Heydər Əliyevin çox böyük əməyi olmuşdur. Heydər Əliyev siyasi fəaliyyəti dövründə iki dəfə -1974-cü və 2002-ci illərdə Şəki şəhərinə səfər etmişdir. Ulu öndərlə keçirilən görüşlər şəkililərin qəlbində silinməz izlər buraxmışdır.
Ulu öndər Heydər Əliyev 1974-cü ilin iyulunda iri kənd təsərrüfatı rayonlarından biri olan Şəki şəhərinə ilk tarixi səfərini etmiş, Şəkinin həmin dövr üçün ən müasir formada təşkil edilmiş yeni mal-qara kompleksinə, yeni yaradılmış bağçılıq kompleksinə baş çəkmiş və respublika fəalları ilə geniş müşavirə keçirmişdir. Ulu öndərin Şəkiyə səfəri onun şəhərimizə göstərdiyi diqqət Şəkinin də iqtisadi və mədəni həyatına əhəmiyyətli şəkildə təsir göstərmişdir.
1975-1980-ci illərdə Şəkidə əsaslı tikintinin genişləndirilməsi sahəsində də bir şox işlər görülmüşdür. Avtomobil məktəbi, avtobaza, sutəmizləyici stansiya tikilmiş, Şəki İpək İstehsalat Birliyində boyaq-bəzək istehsalatı genişlənmişdir.
Ötən əsrin 70-80-ci illərində Şəkidə maarif və mədəniyyətin inkişafı sahəsində də xeyli iş görülmüşdür. 1980-cı ildə Şəkidə 12 orta məktəb, 6 səkkizillik və bir qiyabi məktəb, 4 axşam fəhlə-gənclər və uşaq-gənclər idman məktəbləri fəaliyyət göstərirdi. Ümumtəhsil məktəbləri ilə yanaşı iki musiqi məktəbi, toxuculuq, tibb, pedoqoji və kənd təsərrüfatı texnikumları, texniki iaşə məktəbləri və internatlar fəaliyyət göstərmiş, 25 uşaq bağçası mövcud olmuşdur.
Şəkidə tibb-sanitariya sahəsində də çox böyük uğurlar əldə edilmişdir. 1975-1980-cı illərdə şəhərdə olan mövcud çarpayılar hesabına mərkəzi rayon xəstəxanasının uroloji, reanimasiya şöbələri açılmış, qadın məsləhətxanası yeni binaya köçürülmüşdür. 1975-ci ildə Şəki şəhərində 135 həkim, 584 orta tibb işçisi işləyirdisə, 1980-cı ildə həkimlərin sayı 224, orta tibb işçilərinin sayı 662 nəfərə çatmışdır.
Bütün bunların fonunda 1975-ci ilin aprel ayının 15-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının açılışı ilə bağlı qərar qəbul olunmuş və 1976-cı ildə teatr fəaliyyətə başlamışdır.
Ulu öndər Heydər Əliyev ikinci dəfə 2002-ci ildə noyabr ayının 9-da Şəki şəhərində səfərdə olmuş, Şəki Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak etmişdir.
Ümummilli lider Heydər Əliyev Şəki Olimpiya İdman Kompleksinin açılış mərasimində çıxış edərkən demişdir: “Şəki Azərbaycanın gözəl guşələrindən biridir. Ona gözəllik verən birinci onun təbiətidir. Şəkidə yaşayan insanlar əsrlər boyu buranı qurub yaradıblar. Ona görə də Şəkidə qədim tarixi-memarlıq abidələri, bizim milli mədəniyyətimizi əks etdirən gözəl abidələr yaranıb, yaşayıb, bu günə qədər gəlib çatıblar və beləliklə Şəkini bir muzeyə çeviriblər “. Ulu öndər çıxışı zamanı Şəki ilə bağlı öz təəsüratlarını ifadə etmış, şəkililərin ona qarşı olan məhəbbətini müsbət qiymətləndirmişdir. Daha sonra Ulu öndər Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının qarşısındakı meydana gəlmiş, burada da Şəki sakinləri onu böyük izdihamla qarşılamış, böyük məhəbbətlə salamlamışlar və ona bəslədikləri hörmət və ehtiramlarını bir daha ifadə etmişlər.
Meydana toplaşan on minlərlə şəki ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, gənclər, uşaqlar ümummilli liderimiz Heydər Əliyevi böyük mehribanlıqla, hərarətli alqışlarla qarşılamışdılar.
Ulu öndərimiz Şəki əhalisi ilə görüşdürdükdən sonra dünya abidələri incilərindən biri sayılan Şəki xanlarının sarayına və Şəkinin digər görməli yerlərinə baş çəkmişdir.
Ümummilli lider Heydər Əliyevin bölgəyə hər gəlişi regionda tərəqqinin inkişafına stimul verir və regionda yaşayan bütün insanları gələcəyə inamla addımlamağa ruhlandırırdı.