Muzey

Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib, reallaşdıra bildi. Əvvəlcə Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, sonra isə dövrün tələblərinə yüksək səviyyədə cavab verən müstəqil demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması həyatı və fəaliyyəti ilə bağlı materialların toplanması, qorunması, elmi cəhətdən öyrənilməsinin təşkil edilməsi, habelə hərtərəfli inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasında Heydər Əliyev Muzeyləri təsis olundu. Bir müddət sonra 2013-cü ildə Heydər Əliyev Muzeylərinin funksiyaları genişləndirildi və muzeylərə mərkəz statusu verildi. Şəki şəhər Heydər Əliyev Mərkəzi ilk təsis olunan muzeylərdən biri olub. Hal-hazırki Şəki Heydər Əliyev Mərkəzinin rəsmi açılışı cənab Prezidentimiz İlham Əliyevin iştirakı ilə 2018-ci il oktyabr ayının 29-da olmuşdur. Şəki Heydər Əliyev Mərkəzinin ən mühüm, möhtəşəm, vacib hissəsindən biri muzey sahəsidir.Şəki Heydər Əliyev Mərkəzinin muzey sahəsi birinci mərtəbənin bir hissəsini əhatə edir.

Birinci mərtəbənin muzey hissəsində Ulu Öndərin uşaqlıq, tələbəlik, Dövlət Təhlükəsizlik orqanlarında çalışdığı, Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövr, Naxçıvan Muxtar Respublikasında işlədiyi dövrləri əks etdirən fotoşəkillər nümayiş olunur. Bundan başqa Azərbaycana qayıdışı və bu qayıdışın nəticəsi olan islahatların, Şəkiyə səfərinin, Ümummilli Liderin özü qədər inandığı və güvəndiyi cənab Prezidentimiz İlham Əliyevin Şəkiyə gəlişi ilə bağlı fotoşəkillər, həmçinin Heydər Əliyev Fondunun gördüyü işləri əks etdirən ümumilikdə 72 ədəd fotoşəkil və Heydər Əliyevə aid 26 nadir sənədlərin surətləri (tərifnamələr, atestat, xasiyyətnamələr ,diplomlar, əmrlər) yer alır.


Dövlətimizin qurucusu ümummilli liderimzin özünün də ifadə etdiyi “Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümaiş etdirirlər.“ - ifadələrinə istinadən məhz Şəki Heydər Əliyev Mərkəzinin əsas məqsədi Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, Azərbaycan xalqı üçün gördüyü işləri təbliğ etmək, əvəzsiz liderin davamçısı olan Prezidentimiz cənab İlham Əliyevin siyası kursu barədə ətraflı məlumatlar verməkdən və mərkəzdən xoş təəsüratlarla ayrılmaqlarını təmin etməkdən ibarətdir.