Heydər Əliyev və Şəki

Heydər Əliyev və Şəki

Ölkəmizin hər bir bölgəsi kimi Şəki şəhərinin də inkişafında ulu öndər Heydər Əliyevin çox böyük əməyi olmuşdur. Heydər Əliyev siyasi fəaliyyəti dövründə iki dəfə -1974-cü və 2002-ci illərdə Şəki şəhərinə səfər etmişdir. Ulu öndərlə keçirilən görüşlər şəkililərin qəlbində silinməz izlər buraxmışdır.

Ulu öndər Heydər Əliyev 1974-cü ilin iyulunda iri kənd təsərrüfatı rayonlarından biri olan Şəki şəhərinə ilk tarixi səfərini etmiş, Şəkinin həmin dövr üçün ən müasir formada təşkil edilmiş yeni mal-qara kompleksinə, yeni yaradılmış bağçılıq kompleksinə baş çəkmiş və respublika fəalları ilə geniş müşavirə keçirmişdir. Ulu öndərin Şəkiyə səfəri onun şəhərimizə göstərdiyi diqqət Şəkinin də iqtisadi və mədəni həyatına əhəmiyyətli şəkildə təsir göstərmişdir. 1975-ci ildə şəhər üzrə ümumi məhsul istehsalının həcmi 117 milyon 48 min manat olduğu halda bu göstərici 1980-cı ildə 124 milyon 201 min manata çatdırılmışdır. Həmçinin sənayedə məhsul satışı 1975-ci ildə 93 milyon manat olduğu halda 1980-cı ildə bu göstərici 136 miliyon 467 min manata çatmışdı. Sənaye müəssisələrində istehsalın artım sürəti 19,9 faizdən 22,3 faizə qalxmışdır. O zaman nəinki Azərbaycanın, eləcə də Yaxın və Orta Şərqin ən böyük ipək istehsalçısı və toxuculuq mərkəzlərindən biri hesab edilən Şəkidə həmin müddətdə ipəkçiliyin inkişafı xüsusilə geniş vüsət almışdı. Məhz Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə, 1975-ci ildə şəhərin bütün ipək müəssisələrini özündə birləşdirən Şəki İpək İstehsalat Birliyi yaradılmışdır. Həmin dövrdə müəssisədə 7 min nəfərə yaxın daimi işçi çalışırdı. Şəki İpək İstehsalat Birliyi SSRİ-nin 75 müəssisəsinə ipək parça, 84 müəssisəsinə isə ipək sap göndərirdi. Şəki ipəyindən hazırlanan parçalar Yaponiya, İsveçrə, İtaliya və digər xarici ölkələrə ixrac olunurdu. Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da digər sahələr kimi, ipəkçiliyə olan münasibət kökündən dəyişmiş, ipək sənayesinin bərpası istiqamətində zəruri işlər görülmüşdür.



Ulu öndər 2001-ci ildə fəaliyyəti dayanmış “Şəki-ipək” ASC-ni işə salmaq məqsədilə imzaladığı müvafiq sərəncamla dövlət büdcəsindən xeyli miqdarda vəsait ayırmış və həmin ildən müəssisənin fəaliyyəti bərpa olunmuşdur. 1975-1980-ci illərdə Şəkidə əsaslı tikintinin genişləndirilməsi sahəsində də bir şox işlər görülmüşdür. Bu illər ərzində beş 50 mənzilli, bir 45 mənzilli, bir 32 mənzilli, bir 24 mənzilli yaşayış binası tikilmiş, ümumilikdə 19479 m2 ictimai mənzil sahəsi istifadəyə verilmişdir. Avtomobil məktəbi, avtobaza, sutəmizləyici stansiya tikilmiş, Şəki İpək İstehsalat Birliyində boyaq-bəzək istehsalatı genişlənmişdir.

Bu dövrdə nəqliyyat xidmətlərinin inkişafında da müsbət nəticələr əldə edilmişdir. Ümumi istifadədə olan avtomobillərin sayı xeyli artmış, onların yükqaldırma gücü və oturacaq yerləri çoxalmışdır. Yük daşımalarının həcmi 54 faiz, sərnişin daşımalarının həcmi 16,8 faiz artmışdır. 1976-1980-cı illərdə Şəkidə 2953 mənzilə maye qaz, 7432 mənzilə təbii qaz verimişdir Ticarətin genişləndirilməsi sahəsində də xeyli iş görülmüş, bu sahədə artım 17,2 faiz təşkil edilmişdir. Həmin dövrdə Şəkidə tarixi mədəni irsin qorunub saxlanması istiqamətində mühüm işlər görülmüşdür.

Ötən əsrin 70-80-ci illərində Şəkidə maarif və mədəniyyətin inkişafı sahəsində də xeyli iş görülmüşdür. 1980-cı ildə Şəkidə 12 orta məktəb, 6 səkkizillik və bir qiyabi məktəb, 4 axşam fəhlə-gənclər və uşaq-gənclər idman məktəbləri fəaliyyət göstərirdi. Ümumtəhsil məktəbləri ilə yanaşı iki musiqi məktəbi, toxuculuq, tibb, pedoqoji və kənd təsərrüfatı texnikumları, texniki iaşə məktəbləri və internatlar fəaliyyət göstərmiş, 25 uşaq bağçası mövcud olmuşdur.

Şəkidə tibb-sanitariya sahəsində də çox böyük uğurlar əldə edilmişdir. 1975-1980-cı illərdə şəhərdə olan mövcud çarpayılar hesabına mərkəzi rayon xəstəxanasının uroloji, reanimasiya şöbələri açılmış, qadın məsləhətxanası yeni binaya köçürülmüşdür. 1975-ci ildə Şəki şəhərində 135 həkim, 584 orta tibb işçisi işləyirdisə, 1980-cı ildə həkimlərin sayı 224, orta tibb işçilərinin sayı 662 nəfərə çatmışdır.

Bütün bunların fonunda 1975-ci ilin aprel ayının 15-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının açılışı ilə bağlı qərar qəbul olunmuş və 1976-cı ildə teatr fəaliyyətə başlamışdır.

Ulu öndər Heydər Əliyev ikinci dəfə 2002-ci ildə noyabr ayının 9-da Şəki şəhərində səfərdə olmuş, Şəki Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak etmişdir.



Ümummilli lider Heydər Əliyev Şəki Olimpiya İdman Kompleksinin açılış mərasimində çıxış edərkən demişdir: “Şəki Azərbaycanın gözəl guşələrindən biridir. Ona gözəllik verən birinci onun təbiətidir. Şəkidə yaşayan insanlar əsrlər boyu buranı qurub yaradıblar. Ona görə də Şəkidə qədim tarixi-memarlıq abidələri, bizim milli mədəniyyətimizi əks etdirən gözəl abidələr yaranıb, yaşayıb, bu günə qədər gəlib çatıblar və beləliklə Şəkini bir muzeyə çeviriblər “. Ulu öndər çıxışı zamanı Şəki ilə bağlı öz təəsüratlarını ifadə etmış, şəkililərin ona qarşı olan məhəbbətini müsbət qiymətləndirmişdir. Daha sonra Ulu öndər Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının qarşısındakı meydana gəlmiş, burada da Şəki sakinləri onu böyük izdihamla qarşılamış, böyük məhəbbətlə salamlamışlar və ona bəslədikləri hörmət və ehtiramlarını bir daha ifadə etmişlər.

Meydana toplaşan on minlərlə şəki ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, gənclər, uşaqlar ümummilli liderimiz Heydər Əliyevi böyük mehribanlıqla, hərarətli alqışlarla qarşılamışdılar.

Ulu öndərimiz Şəki əhalisi ilə görüşdürdükdən sonra dünya abidələri incilərindən biri sayılan Şəki xanlarının sarayına və Şəkinin digər görməli yerlərinə baş çəkmişdir.

Ümummilli lider Heydər Əliyevin bölgəyə hər gəlişi regionda tərəqqinin inkişafına stimul verir və regionda yaşayan bütün insanları gələcəyə inamla addımlamağa ruhlandırırdı.

Şəkililər dövlətimizin qurucusu, Azərbaycanın çiçəkələnən sabahının memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə onu dəstəkləmiş, uzaqgörən və çox şaxəli fəaliyyətini yüksək qiymətləndirmiş və ona daim öz hörmət və ehtiramlarını ifadə etmişlər.