Qalereya

Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini xalq sənətləri tutur. Zəngin tarixi mədəniyyətə malik olan Şəki şəhəri də məhz sənətkarlar diyarı kimi tanınır. Təsadüfi deyil ki, Şəki şəhəri 2017-ci ildən “YUNESKO”nun yaradıcı şəhərlər şəbəkəsinin üzvüdür. Bu baxımdan Heydər Əliyev Mərkəzinin ikinci mərtəbəsində sərgilənən vitrinlərdə tarixi köklərə söykənən sənətkarlıq nümunələri yer almışdır. Burada Şəki ipəyinin incisi ənənəvi Azərbaycan qadın baş örtüyü kəlağayı, ipəkçiliklə bağlı digər qədim sənət nümunəsi təkəlduz; çox qədim tarixə malik papaqçılıq sənətinin nümunələri; qədim musiqi alətlərimiz olan tar, kamança, qaval; milli dəyərlərimizi təbliğ edən qədim xalq sənəti dulusçuluq nümunələri; qədim tarixə malik misgərlik sənətinin nümunələri; milli dəyərlərimizdən sayılan “Şəbəkə” sənəti nümunələri yer alır.

Mərkəzdə “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətinin xalça sexində əl üsulu ilə pambıq və yun saplardan istifadə olunaraq toxunmuş Sujetli Xalça hədiyyəsi sərgilənir. Xalça üç haşiyədən ibarətdir.
Xalçanın əsas fon hissəsində Heydər Əliyev Fondunun binası və loqosu, Heydər Əliyev Sarayı, Hökumət Evi, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı, Qız Qalası, Dənizkənarı Milli Park, “Alov qüllələri” kompleksi, Bakı Televiziya Qülləsi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Beynəlxalq Bankının binası, Bakı şəhərində olan bir çox qədim və müasir binalar, Şəki “ Xan Sarayı” təsvir edilmişdir. Bu fon hissə Azərbaycan xalça rəsmləri, “ bulud”, “buta” və digər milli ornament və naxışlardan istifadə edilərək tamamlanmışdır.

Xalça 05 dekabr 2011-ci il tarixindən toxunmağa başlanmış və 22 aprel 2012-ci il tarixində tamamlanmışdır.

Türk xalqları tarixən bəşər mədəniyyətinə töhfələr vermiş və onun zənginləşməsində böyük rol oynamışlar. Azərbaycan TÜRKSOY təşkilatının bütün tədbirlərində fəal iştirak edir. Azərbaycan rəssamları, heykəltəraşları, sənətkarları, musiqiçiləri, teatr kollektivləri daim müxtəlif türkdilli dövlətlərdə təşkil olunan tədbirlərin iştirakçısı olur. Təsadüfi deyil ki, TÜRKSOY Təşkilatının təşəbbüsü ilə 17-ci “TÜRKSOY Rəssamlar görüşü” 2014-cü ilin yayında məhz Azərbaycanda, onun dilbər guşələrindən olan Şəkidə keçirilmişdir. Türkdilli ölkələri təmsil edən on altı rəssam bu tədbirə qatılmışdır. Onlar qısa zamanda Şəkinin tarixi və görməli yerlərini gəzərək, unikal memarlıq abidələri ilə tanış olaraq, çoxsaylı rəngkarlıq əsərləri yaratmışlar.


Şəki şəhəri 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. Azərbaycanda ilk dəfə keçirilən və iyirmi gün davam edən tədbir zamanı rəssamlar Şəkinin gözəlliklərini, tarixi abidələrini öz tablolarında əks etdirmişlər. Bu tablolar Şəki Heydər Əliyev Mərkəzinə hədiyyə edilmiş və Mərkəzin ikinci mərtəbəsində, rəsm otağında sərgilənir. Sərgilənən tablolar 51 ədəd olmaqla 49 əsəri əhatə edir.

Şəki Heydər Əliyev Mərkəzinin ikinci mərtəbəsində bir sıra müxtəlif ekspozisiyalarla yanaşı nadir miniatür kitablar da sərgilənir. Bu kitabları Azərbaycanın görkəmli ictimai xadimi, miniatür kitab muzeyinin təsisçisi və rəhbəri Zərifə xanım Salahova Şəki Heydər Əliyev Mərkəzinə gəlişi zamanı hədiyyə etmişdir. Kitablar 33 ədəd olmaqla, əsasən Ümummilli Lider Heydər Əliyevin fəaliyyətini, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərlik dövrünü, Azərbaycan Respublikası qanunvericiliyini əks etdirən mövzuları əhatə edir.

Şəki həm də Azərbaycanda festivallar şəhəri kimi tanınır. Hər il bu şəhərdə bir neçə beynəlxalq festival, o cümlədən, Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı, “ Şirniyyat festivalı”, “ Teatr festivalı”, “Qafqaz motofestivalı”, “Zərb alətləri” festivalı keçirilir.

Heydər Əliyev Mərkəzinin üçüncü mərtəbəsində “Şəki bayramlar və ənənələlər şəhəri” başlığı ilə Şəkidə təşkil olunmuş beynəlxalq səviyyəli bayramlar, festivallar və konsertləri əks etdirən fotolardan ibarət sərgi nümayiş olunur.
Şəki Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən biridir. Bu gün Şəki Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan bənzərsiz bir şəhərdir. Bu zəngin tarixi-mədəni irsin qorunması sayəsində Şəki, həm də Azərbaycanın mühüm turizm və mədəniyyət mərkəzlərindən birinə çevrilib. 2700 ildən çox yaşı olan bu qədim diyar, həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Heydər Əliyev Mərkəzinin üçüncü mərtəbəsində Şəki şəhərinin qədimliyini, mədəni irsini, tarixi abidələrini əks etdirən “Qədim və Müasir Şəki” başlığı altında fotoşəkillər nümayiş etdirilir.

Şəki şəhərinin qədimliyini, burada tarix-memarlıq abidələrinin çoxluğunu və bunun dünya mədəni irsində xüsusi yer olduğunu nəzərə alaraq Respublika Nazirlər Soveti 24 noyabr 1967-ci ildə tarixi qərarla şəhərimizin “ Yuxarı Baş” hissəsini Tarix-Memarlıq Qoruğu elan etmişdir və Şəki Xan Sarayı dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir. Həmçinin Şəki şəhəri öz tarixi abidələri ilə yanaşı sənətkarları ilə də xüsusi olaraq seçilir. Təsadüfi deyil ki, 2010-2014-cü illəri əhatə edən Xalq Yaradıcılığı Paytaxtları Proqramı çərçivəsində 2010-cu il üçün Şəki şəhəri "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilmişdir. Şəkinin xalq sənətkarları öz ata-babalarından miras qalmış qədim sənət növlərini bu gün də yaşadırlar. Hazırda Şəkidə xalq tətbiqi sənətinin 18 növü üzrə 200 nəfərdən çox sənətkar fəaliyyət göstərir. Onların bir çoxu artıq beynəlxalq səviyyədə tanınan və qiymətləndirilən sənətkarlardır. Müxtəlif sənət növləri üzrə keçirilmiş respublika və beynəlxalq səviyyəli sərgi, yarmarka və festivallarda Şəkinin xalq sənətkarlarının əsərləri yüksək dərəcəli diplomlara, qızıl medallara layiq görülmüşdür.

Şəki sənətkarlarının unikal əl işlərindən biri də, şəhər arxitekturasının incilərini özündə əks etdirən bərpaçı-memar Sehran Məmmədov tərəfindən hazırlanmış “Yuxarı Baş” Dövlət Tarix - Memarlıq qoruğunun maketidir. Bu maket Heydər Əliyev Mərkəzinin üçüncü mərtəbəsinin foyesində sərgilənir. Maketdə Xan sarayının, Qala divarlarının, Sənətkarlar evinin, Yuxarı Karvansarayın, Aşağı Karvansarayın, Xan məscidinin, Ömər Əfəndi məscidinin, qoruq ərazisinə düşən qədim yaşayış evlərinin və bir sıra mədəniyyət abidələrinin miniatür forması əks etdirilmişdir.