Xocalı Soyqırımı-Qan yaddaşımızdır..!

Xocalı Soyqırımı-Qan yaddaşımızdır..!

Fevralın 26-da Şəki şəhər Heydər Əliyev Mərkəzində Xocalı Soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Səhər ictimaiətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Mərkəzin əməkdaşı “Ulu Öndər Heydər Əliyevin Xocalı soyqırımına lazımı hüquqi qiymətin verilməsi sahəsində əvəzolunmaz fəaliyyəti” mövzusunda məruzə ilə çıxış etmişdir. Sonra Şəki şəhər 2 saylı uşaq musiqi məktəbinin direktoru çıxış edərək Xocalı soyqırımının XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərindən, ən qəddar terror aktlarından biri olduğunu bildirib. Qeyd edib ki, 1992-ci ilin 26 fevral tarixində Xocalıda baş vermiş qırğın erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardıqları işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi. Bu faciə zamanı 613 nəfər dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib, əksəriyyəti yaşlılar, qadın və uşaqlar olmaqla 1275 nəfər əsir götürülüb, onlardan 150 nəfərin taleyi isə bu günə kimi məlum deyil.
Çıxışlardan sonra mərkəzin bələdçisi tədbir iştirakçılarını erməni vəhşiliyini və Xocalıda soyqırımı əks etdirən foto sərgi ilə tanış edib.
Tədbir Şəki Regional Asan Xidmət könüllülərinin hazırladığı Xocalıda əsir düşən soydaşlarımız haqqında kiçik kompozisiya ilə davam edib.
Daha sonra iştirakçılar Ulu Öndər Heydər Əliyevin və Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin Xocalı Soyqırımı və Erməni separatizmi haqqında dəyərli fikirlərinin də yer aldığı “Xocalıda soyqırım” gününü əks etdirən videoçarx nümayiş olunub.
Sonda Mərkəzin direktoru ölkə rəhbərliyi tərəfindən itirilmiş və işğal olunmuş torpaqlarımızın geri qaytarılması, Xocalı soyqırımı günahkarlarının beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırılması istiqamətində aparılan məqsədyönlü işlərdən danışaraq, bu tədbirlərin yaxın zamanda öz nəticəsini verəcəyinə əminliyini ifadə edib.