20 yanvar faciəsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

20 yanvar faciəsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

Yanvar ayının 17-də Şəki şəhər Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. İlk öncə tədbir iştirakçıları 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş rəsm sərgisi ilə tanış olmuşlar.
Tədbiri giriş sözü ilə Şəki Heydər Əliyev Mərkəzinin direktoru Rəşadət Sadıqov açaraq Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış, millətin yaddaşına ömürlük həkk olunan 20 Yanvar faciəsindən danışıb.
Sonra Mərkəzin əməkdaşları öz çıxışlarında qeyd etdilər ki, hadisəyə ilk hüquqi-siyasi qiymət Ulu öndər Heydər Əliyevin 1991-ci ilin noyabr ayında - Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verildi. Həmin il noyabr ayının 21-də Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilmiş müvafiq qərarda (1991-ci il 21 noyabr) 20 Yanvarın Milli Matəm Günü kimi qeyd olunması göstərildi. Sənəddə ilk dəfə olaraq faciənin əsas günahkarları adbaad sadalandı və onların birbaşa məsuliyyət daşıdıqları göstərildi. Bu, hadisəyə verilən ilk rəsmi hüquqi-siyasi qiymət idi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi məsələsi günün tələbi oldu. Dövlətimizin başçısı cənab İlham Əliyev 2019-cu il 29 dekabr tarixində 20 Yanvar faciəsinin 30-cu ildönümünün keçirilməsi ilə bağlı sərəncam verərək bütün dünyaya bir daha sübut etdi ki, Azərbaycan xalqı bu faciənin üzərindən 30 il keçməsinə baxmayaraq ona qarşı törədilmiş vəhşilikləri əsla unutmur və unutdurmur.
Şəki MKS-nin əməkdaşı Rüfanə Həsənova 20 Yanvar hadisələri haqqında danışaraq Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib.