Şəkili maketçi-rəssam Mənsur Əzizli Azərbaycan milli mətbəxinin nümunələrindən ibarət mulyajların hazırlanması üzrə ustad dərsləri keçmişdir

Şəkili maketçi-rəssam Mənsur Əzizli Azərbaycan milli mətbəxinin nümunələrindən ibarət mulyajların hazırlanması üzrə ustad dərsləri keçmişdir

Azərbaycanın Sənətkarlıq paytaxtı sayılan Şəki şəhəri öz sənətkarları ilə daim diqqət mərkəzində olmuşdur. Belə sənətkarlardan biri də, maketçi-rəssam Mənsur Əzizlidir. Şəkinin tanınmış rəssamlarından olan Mənsur Əzizli yaradıcılığında daim yeniliklər etməyə, yeni üslublar axtarıb tapmağa can atır. Rəssamın hazırladığı Azərbaycanın milli yeməklərinin maketləri böyük marağa səbəb olmuşdur.

Mənsur Əzizlinin hazırladığı Şəkinin milli mətbəxini əks etdirən yeməklərin maketləri Şəki Heydər Əliyev mərkəzində “Şəki Mətbəxi” adlı ekspozisyada sərgilənir. Maketçi-rəssam bu dəfə milli yemək maketlərinin və mulyajların hazırlanma qaydası üzrə ustad dərsi keçmişdir.

Ustad dərsi zamanı rəssam bildirmişdir ki, bu işdə ən vacib cəhət hazırladığın nümunənin yeməyin tam oxşarı olmasıdır. O, həmçinin qeyd etdi ki, bu nümunələrin hazırlanmasında əsasən, müxtəlif yapışqan növlərindən, gips, penoplast (çoxlu məsamələri olan plastik kütlə), silikon və digər materiallardan istifadə edir. Rəssam mərkəzin əməkdaşlarına Şəki ovma fətirinin maketi üzərində mulyajın hazırlanma üsulu haqqında geniş məlumat verdi. Mərkəzin əməkdaşları ustad dərslərini çox maraqla qarşıladılar və maketlərin hazırlanma qaydaları ilə bağlı maketçi-rəssama müxtəlif suallar ünvanladılar. Mənsur Əzizli istifadə etdiyi alətlər barədə də ətraflı məlumat verdi.

Həqiqətən də, Mənsur Əzizlinin hazırladığı milli xörək və şirniyyat nümunələrinin maketləri orijinallığı ilə seçilir, əsil yeməklərdən heç nə ilə fərqlənmir. Rəssam qeyd etdi ki, onun ən böyük arzusu onun hazırladığı və bu sahədə yeni uslub olan Azərbaycan milli mətbəxinin maketləri və mulyajlarının bütün dünya miqyasında tanınmasıdır.