Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının ikinci günü tamaşaçılar Şəki Folklor Ansamblının konsertini izləyiblər

Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının ikinci günü tamaşaçılar Şəki Folklor Ansamblının konsertini izləyiblər

Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyunun 30-da Heydər Əliyev Mərkəzində Şəki Folklor Ansamblının konserti olub.
Konsertdə şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəsmiləri, festivala dəvət olunan qonaqlar, həmçinin musiqisevərlər iştirak ediblər.
Konsertdən əvvəl məlumat verilib ki, Şəki Folklor Ansamblı 2017-ci ildə Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbovun təşəbbüsü ilə yaranıb. Ansamblın üzvləri müxtəlif qədim milli xalq çalğı alətlərində - tar, ud, çəqanə, kamança, topuz, baş tar, qanun, nağara, balaban və digər alətlərdə ifa edirlər. Ansambl ilk dəfə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə çıxış edib. Kollektiv daha sonra İncəsənət Məktəbinin yaranmasının 80 illiyinə həsr olunmuş yubiley tədbirində, həmçinin dövlət əhəmiyyətli bir çox tədbirlərdə iştirak edib, tamaşaçı rəğbəti qazanıb.
Konsertin sonunda ansambla festivalın rəmzi simvolu təqdim olunub.
Festivalın proqramına uyğun olaraq, iyunun 30-da axşam Şəki Dövlət Dram Teatrında Firəngiz Əlizadənin “Nəsimiyə ithaf” vokal-xoreoqrafik kompozisiyası nümayiş olunacaq.