Şəki Heydər Əliyev Mərkəzində “1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” nə həsr olunmuş tədbir keçirilib.

Şəki Heydər Əliyev Mərkəzində “1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan  Dili Günü” nə həsr olunmuş tədbir keçirilib.

İyulun 30- da Şəki Heydər Əliyev Mərkəzində “1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşları, Şəki Regional Mədəniyyət İdarəsinin, MİHİ Şəki rayon komitəsinin təqdimatçısı və Şəki GİKM-in nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə mərkəzin əməkdaşı Xuraman Səmədova açdı. O öz çıxışında bildirdi ki, hazırda istifadə edilən latın əlifbası ilk dəfə 1918-ci ildə istifadə edilib. Lakin Sovet hakimiyyətinin işğalçılıq siyasətindən sonra 70 il Azərbaycanda kiril qrafikalı əlifbadan istifadə edilib. 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Ulu Öndər Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzalamışdır. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilmişdir.
Daha sonra çıxış üçün söz mərkəzin əməkdaşı Zeynəb Cəfərovaya verildi. O qeyd etdi ki, hər bir dili yaşadan, inkişaf etdirib gələcək nəsillərə ötürən onun mənsub olduğu xalqdır. Dahi şəxsiyyət, ümummilli liderimizin də dediyi kimi, Xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Dilimizin hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” deyən dahi şəxsiyyət Heydər Əliyevin apardığı gərgin işin nəticəsi olaraq 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsi ilə Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil status əldə etdi.
Növbəti çıxış üçün söz Şəki Regional Mədəniyyət İdarəsinin əməkdaşı Elvin Qarayevə verildi. O da öz çıxışında bildirdi ki, Dahi rəhbərimiz siyasi hakimiyyətə ikinci qayıdışından sonra da milli dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində mühüm addımlar atılmış, dilimizin inkişafı ilə əlaqədar müntəzəm olaraq fərman və sərəncamlar imzalamışdır. Məhz ümummilli liderimizin apardığı məqsədyönlü və düşünülmüş siyasətin nəticəsidir ki, 1995-ci il noyabrın 12-də qəbulu edilmiş milli Konstitusiyamızda Azərbaycan dili rəsmi dövlət dili kimi elan olundu. Konstitusiyanın 21-ci maddəsində yazılır “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. 2001-ci ilin iyul ayında ulu öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb, daha sonra isə 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olunmuş və ölkəmizdə latın qrafikası tətbiq olunmuşdur. Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
Daha sonra tədbir iştirakçılarına mərkəzin əməkdaşları tərəfindən hazırlanan “Heydər Əliyev və Azərbaycan dili “ mövzusunda videoçarx təqdim olundu.
Sonda çıxış üçün söz mərkəzin direktoru Rəşadət Sadıqova verildi. O da, həmçinin Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının ana dili olan Azərbaycan dilinin inkişafı yolunda etdiyi əvəzsiz xidmətlərindən danışdı.