Nizami Gəncəvi-880

İyunun 29-da Şəki Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvi-880” adlı sərgi və bədii-publisistik tədbir keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə mərkəzdə təşkil olunmuş Nizami Gəncəvinin irsinin təbliğinə həsr olunmuş kitablar və yaradıcılığını əks etdirən miniatür əsərlər sərgisi ilə tanış oldular. Sərgidə Nizami Gəncəvinin yaradıcılığının ölməz inciləri olan əsərləri nümayiş olundu və mərkəzin bələdçisi tərəfindən geniş məlumat verildi.
Tədbir bədii-publisistik hissə ilə davam etdirildi. Mərkəzin əməkdaşı Rüfanə Həsənova Azərbaycan klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyevin Nizami irsinə xüsusi diqqətindən söz açdı. Daha sonra çıxış üçün söz mərkəzin bələdçisi Xuraman Səmədovaya verildi. O, “Ulu öndər Heydər Əliyev və Nizami Gəncəvi irsinin təbliği” mövzusunda mühazirə ilə çıxış edərək qeyd etdi ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bildirirdi ki, insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, tərbiyəsinə, əxlaqına, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur. Məhz ümummili lider Heydər Əliyevin rəhbərliyi ilə 22 sentyabr 1975-ci il və 4 yanvar 1978-ci illərdə “Nizami məqbərəsinin qorunması”, 1 yanvar 1979-cu ildə Nizami Gəncəvi ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında, 28 iyul 1981-ci ildə isə dahi mütəfəkkirin 840 illik yubileyi münasibətilə verilən qərar və göstərişlər böyük şair haqqında möhtəşəm tədbirlər görülməsinə, genişmiqyaslı tədqiqatlar aparılmasına səbəb olmuşdur.
Azərbaycan xalqının böyük söz ustadı Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir, Şəki Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış videoçarxla davam etdirildi.
Daha sonra Nakam adına Şəki mərkəzi kitabxanın oxucular üzrə iş şöbəsinin bölmə müdiri Dilbər Yaqubova, gənc aktrisa Türkan Abdullayeva və Şəki şəhər 10 nömrəli orta məktəbin ədəbiyyat müəllimi Şəfəq Xəlilova Nizami Gəncəvinin yaradıcılığından “Gözüm aydın gözünə surəti canan görünür”, “Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi”, “Ay üzlü nigarım, kimə mehman olacaqsan?” adlı qəzəlləri səsləndirdilər.
Sonda Şəki Dövlət Dram Teatrının gənc aktyorlarının iştirakı ilə hazırlanmış kompozisiya nümayiş olundu.