Şəki Heydər Əliyev Mərkəzində kitab və miniatür əsərlərdən ibarət sərgi təşkil olunmuşdur

Şəki Heydər Əliyev Mərkəzində kitab və miniatür əsərlərdən ibarət sərgi təşkil olunmuşdur

İyunun 29-da dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar, “Nizami Gəncəvi ili” çərçivəsində Şəki Heydər Əliyev Mərkəzində kitab və miniatür əsərlərdən ibarət sərgi təşkil olunmuşdur.
Sərgidə Nizami Gəncəvi yaradıcılığının şah əsəri “Xəmsə”yə daxil olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarının təsvirləri öz əksini tapmışdır. Eyni zamanda şairin əsətlərindən ibarət kitablar, o cümlədən Heydər Əliyev fondu tərəfindən Şəki Heydər Əliyev Mərkəzinə hədiyə edilmiş rus, ingilis, fransız dilində çap olunmuş nəşrlər nümayiş etdirilib.
Sərgidə əsas məqsəd dahi şairin söz dünyasını ziyarətçilərə nəfis koloritli miniatür və digər əsərlərlə çatdırmaq üzərində qurulub. Burada tamaşaçıların gözü önündə Nizaminin yaradıcılığı canlanır.
Sərginin ümumi qayəsi Nizami Gəncəvi yaradıcılığının gözəllik, ədalət, igidlik, insanlıq, xoşbəxtlik uğrunda ölməz mübarizə əzmini rəsm əsərlərində cəmiyyətə təqdim etdirmək, dahi şairimizin həyat və yaradıcılığını yaşatmaqdır.
Sərgi iyul ayının 10 – dək davam edəcəkdir.