31 Mart Azərbaycanlılarının Soyqırımı gününə həsr olunmuş videokonfrans keçirilmişdir

31 Mart Azərbaycanlılarının Soyqırımı gününə həsr olunmuş videokonfrans keçirilmişdir

Martın 31-də Şəki Heydər Əliyev Mərkəzi və Şəki Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlılarının Soyqırımı gününə həsr olunmuş videokonfrans keçirildi. Konfransa Təşkilatçılarla bigə Şəki MKS, Şəki Regional Asan Xidmət Mərkəzi, Şəki Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şəki 5 saylı tam orta məktəbin əməkdaşları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov başladı. Daha sonra çıxış üçün söz 5 saylı tam orta məktəbin tarix müəlliminə verildi. 31 Mart Azərbaycanlıların soyqırımı günündən ətraflı məlumat verdi. Öz çıxışında qeyd etdi ki, 103 il bundan öncə, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib və on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Bu hadisələrin qurbanlarının xatirəsini anır və gələcəkdə bu kimi faciələrin qarşısının alınması üçün bu yaddaşın qorunub saxlanılmasını vacib hesab edirik.
Azərbaycanlılara qarşı törədilən soyqırım Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə etdi. 1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16.000-dən artıq insan öldürüldü, 167 kənd məhv edildi. Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutunu təşkil edir.
Daha sonra çıxış üçün söz Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşı Rüfanə Həsənovaya verildi. O bildirdi ki, Azərbaycanlılara qarşı yeridilən soyqırım siyasətinin uzun tarixi olsa da, bu barədə əsil həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın başqa ölkələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən qeyd olunmuş, soyqırım qurbanlarının xatirəsi anılmışdır.
Sonda söz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Yusif Yusifliyə söz verildi.